!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nyu-Yorka “aparan” LAÇIN YOLU: “Həlledici səs hüququna malik olan ölkələrin...”

!Reklam – Yazi

“Həmin qətnamələrdə Ermənistanın qarşısında qoyulan tələblər Azərbaycan tərəfindən İrəvana zorla icra etdirildi”.

Bu fikirləri sabah BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı keçirilməsi gözlənilən iclasın mümkün nəticələrini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın maraqlarına uyğun hər hansı sənədin qəbul edilmə ehtimalı yoxdur:

“Aydın məsələdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasında Laçın yolu məsələsi və ümumilikdə Xankəndi ətrafındakı vəziyyətlə bağlı özünə sərf edən hər hansı qərar, bəyanat, yaxud da qətnamənin qəbul olunması üçün dəridən-qabıqdan çıxır. Hətta sizə deyim ki, Ermənistan ötən ayın ortalarından başlayaraq, məhz BMT Təhlükəsizlik Şurasının üzvləri ilə işləyir və bu nəticə birdən-birə yaranmayıb. Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın əleyhinə hər hansı sənədin qəbul edilmə ehtimalı çox zəifdir.

Ermənistan bu addımı ilə Azərbaycanın Laçın yolunu guya blokadada saxlanıldığı görüntüsünü yaratmağa və bununla da həmin yolda əvvəlki vəziyyətin bərpa olunmasına çalışır. Eyni zamanda, Qarabağdakı ermənilərin Azərbaycanın apardığı siyasət nəticəsində yenə də guya soyqırımı təhlükəsi ilə üzləşdiyinə eyham vuran müəyyən fikirləri özündə əks etdirən sənədin qəbulu İrəvanın bu çərçivədə başlıca hədəfidir.

Amma sözün açığı, BMT Təhlükəsizlik Şurasında həlledici səs hüququna və bəlli maraqlara malik olan ölkələrin yürütdüyü siyasətə baxsaq, deyə bilərik ki, onların Ermənistan kimi kiçik bir dövlətin mənafelərinə uyğun mövqe tutacaqları inandırıcı deyil. Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının üzvləri Ermənistanın bu qurumun 1993-cü ildə qəbul etdiyi dörd məlum qətnaməyə necə hörmətsizliklə yanaşdığını hər halda, yaxşı xatırlayırlar. Həmin qətnamələrdə Ermənistanın qarşısında qoyulan tələblər Azərbaycan tərəfindən İrəvana zorla icra etdirildi.

O baxımdan, Ermənistanın BMT və başqa nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığına çox ciddi şübhələr var. Bu isə Ermənistanın bildiyimiz iddialarının qarşısında böyük maneə yaradan faktordur. Bundan başqa, beynəlxalq məhkəmənin bir müddət əvvəl çıxardığı qərarda da Azərbaycanın Xankəndi və onun ətrafındakı ərazilərdə apardığı siyasətdə soyqırımı əlamətlərinin olmadığı qeyd edilib. Həmçinin o qərarda Azərbaycanın Laçın yolunda sərhəd-nəzarət məntəqəsi quraşdırmasının beynəlxalq hüquqa zidd olmadığı göstərilib. Bu da onu deməyə əsas verir ki, BMT Təhlükəsizlik Şurasının sabah baş tutacaq iclasında Ermənistanın maraqlarına uyğun hər hansı sənədin qəbul edilməsi mümkün deyil”.

A.Zeynalov

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv