Reklam

Reklam

Araşdırmaçı, eyni zamanda “Türk-Slavyan birliyi” hərəkatını rəhbəri Adıgözəl Məmmədovla AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi və həmin institutun şöbə müdiri Xaliq Əhmədzadə arasında yaşanan qalmaqal çoxlarına bəllidir. Xatırlatmaq üçün deyək ki, tədqiqatçının iddiasına görə, X. Əhmədzadə onun müəllifi olduğu “Siyasilərin psixoloji portretləri” və “Baş tutmamış çevriliş” kitablarının fotosurətini çıxararaq, 2009-cu ildə yeni adla “Diktatorların bilinməyən sirləri” kimi öz adına çap etdirib.

A. Məmmədov Müəllif Hüquqları Agentliyinə müraciət edib, müəlliflik şəhadətnaməsi alsa da, X. Əhmədzadə öz əməlini etiraf etməyib. Bu səbəbdən də A.Məmmədov sonda AMEA-nın rəhbərliyinə üz tutub:

“Elmlər Akademiyamızın hörmətli rəhbərliyi, indi özünüz baxın ki, alim adını daşıyan və sizin əməkdaşınız olan bir şəxs hansı əməllərlə və saxtakarlıqla özünü təmizə çıxartmağa çalışır. İnanın, hazırda bu tip alim adını daşıyan insanlar bizlərin arasında yetərincədir. Ona görə də bir çox mütəfəkkirlərimizi çıxmaq şərti ilə elmimizin bu gün düşdüyü vəziyyətin səbəblərindən biri də, hətta mən deyərdim birincisi, plagiat monoqrafiyalar, köçürmələr və elmi işlərdir!”

Məsələni araşdıran Yeniçağ.az bir çox maraqlı faktlarla qarşılaşıb.

“AMEA-nın adını hallandırmasınlar”.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutundan bildirdilər ki, Xaliq Əhmədzadə yanvarın 16-da ixtisara düşüb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə keçmiş işçisi ilə bağlı ittihamlara belə cavab verib:

“Bu məsələ ilə bağlı bizi narahat etməsinlər. Bu işlərlə məşğul olan qurumlar var. Əgər kimsə saxtakarlıq edibsə, plagiat kitab yazıbsa, bunu aydınlaşdırmaq üçün həmin qurumlara müraciət edə bilərlər. Problemi özləri həll etsinlər. Belə məsələlərdə AMEA-nın adını hallandırmasınlar”.

Millət vəkili and-aman etdi ki…

Qeyd edək ki, kitaba Xarici İşlər Naziri Elmar Məmmədyarov, Millət vəkilləri Hadı Rəcəbli və Musa Urud rəy verib. A. Məmmədov M.Urudun rəydən xəbərsiz olduğunu da bildirib.

Məsələyə aydınlıq gətirmək üçün millət vəkili ilə əlaqə saxladıq. M.Urud baş verənlərdən xəbərdar olduğunu bildirdi. Amma etiraf etdi ki, kitaba rəy-filan verməyib və adının da kitabda qeyd olunduğunu sonradan görüb:

“Mən bu iki şəxs arasında baş verən narazılıqdan xəbərdaram. Bu, əslində köhnə söhbətdir, illər əvvəl Xaliq Əhmədzadə kitabına rəy vermək üçün mənə müraciət etdi. Mən yazdıqlarını oxudum və ona dedim ki, müəyyən fikirlər plagiatdır. Çünki Adıgözəl Məmmədovun mətbuatda dərc olunan yazılarını oxumuşdum. Buna görə də kitaba rəy verməyə etiraz etdim. Amma kitabın nəşrindən sonra adımın rəyci kimi qeyd olunduğunu gördüm. Daha gec idi, heç nə demədim. Mənim belə mənasız işlərə sərf edəsi nə vaxtım var, nə də enerjim”.
Millət vəkili onu da əlavə edib ki, Adıgözəl Məmədovun da yazdıqları mənbə deyil:
“A. Məmmədovdan əvvəl Altay Məmmədov və Natiq Səfərovun “Xəzinə” adlı kitabı çap olunub və mən bu faktları ilk dəfə onların kitabından oxumuşam. Əsl mənbə Roy Medvedyevdir”.

“Məni məhkəməyə versin”

İttiham olunan Xaliq Əhmədzadə Adıgözəl Məmmədovun iddialarının əsassız olduğunu deyib:

“Onun dediyi Quran ayəsi deyil ki… Mən kitabımın rəyçiləri ilə özüm görüşmüşəm, hər şey də sənəd-sübutla məndədir. Narazılığı varsa, Naxçıvanda qeydiyyatdayam, getsin orda məni məhkəməyə versin. Hər dəfə yatır-yatır, mövzu qurtaran kimi bu söhbəti atır ortalığa. Mənim o adamla ünsiyyətim də yoxdur, arada tədbirlərdə görəndə üzümü başqa tərəf tutmuşam”.

Qeyd edək ki, A. Məmmədov qalmaqallı kitabın “R.N.” adlı nəşriyyatda işıqüzü görüb. Xaliq Əhmədzadə nəşriyyatın Türkiyədə qeydiyyatdan keçdiyini deyəsə də, A. Məmmədov sözügedən ölkədə belə bir nəşriyyatın olmadığını iddia edib.

X. Əhmədzadə isə həmin nəşriyyatın bü gün qardaş Türkiyədə fəaliyyət göstərdiyini və qarşı tərəfin yalan danışdığını bildirib.
Cəvahir Səlimqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 382
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."