ANV “Karyera uğuru” adlı yeni rubrikaya start verir. Rubrika vasitəsilə oxucular gənc olmasına baxmayaraq, ciddi uğurlara imza atmış və karyera zirvəzinə çatmış azərbaycanlı gənclərdən və onların keçdiyi həyat yolundan xəbər tutacaqlar.
Rubrikanın növbəti qonağı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyevdir.
Vüsal Quliyev kimdir?
Üç ildən artıqdır Prezident Administrasiyasında yüksək vəzifə tutan 35 yaşlı Vüsal Quliyev 31 dekabr 1982-ci ildə Kürdəmir rayonunda anadan olub.
Orta təhsilini Bakı şəhəri 244 saylı orta məktəbində alan qəhrəmanımız 1999-2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetində hüquq üzrə bakalavr, 2003-2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət hüququ üzrə magistr təhsili alır.
Gənc alim, ictimai fəal, dövlət qulluqçusu…
Gənc olmasına baxmayaraq, Vüsal Quliyev müxtəlif sahələrdə çalışaraq uğur qazanmağı, önə getməyi bacara bilib. Hansı sahədə olmasından asılı olmayaraq, daim öndə olub və fərqlənməyi bacarıb.
Gələcəyin məmuru 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan dövlətçiliyində konstitusiyanın inkişaf mərhələləri” mövzusunda magistr dissertasiyası müdafiə edir və hazırda həmin akademiyanın doktorantıdır.
2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən “Sense” Proqramının məzunu olan V.Quliyev 2000-2008-ci illərdə “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin, 2003-2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olub.
2006-cı ildə Niderlandın “Olde Vechte” Fondunun keçirdiyi uzunmüddətli ixtisasartırma kursunda qeyri-formal təhsil üzrə beynəlxalq təlimçi dərəcəsini alır.
2007-ci ilin may ayında Avropa Birliyi Gənclər Proqramının Azərbaycan üzrə informasiya təmsilçisi seçilib və 3 il müddətində ölkəni bu qurumda təmsil edib.
2008-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqşünası, daha sonra aparıcı məsləhətçi-hüquqşünası vəzifəsinə təyin olunub.
2010-2012-ci illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlil və şəhid ailələrinin sosial təminat məsələləri üzrə Komissiyanın, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” üzrə işçi qrupunun və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olub.
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunaraq, 2014-cü ilin mart ayında isə aparıcı məsləhətçi vəzifəsinə keçirilib.
2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmiş, aprelin 22-də isə Şuranın ilk iclasında sədr müavini seçilib.
Hər bir gəncin problemini özününküləşdirən məmur…
Vüsal Quliyev vəzifəyə gənclər sektorundan gəlib. Uzun müddət ölkənin aparıcı gənclər təşkilatlarından olan – Gənclər üçün Təhsil Mərkəzinə rəhbərlik edib. Onun rəhbərli altında mərkəz nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda da böyük nüfuz qazanıb, beynəlxalq miqyaslı bir təşkilata çevrilib. Məhz bunun nəticəsidir ki, Gənclər üçün Təhsil Mərkəzi bu gün də ölkənin sayılıb-seçilən gənclər təşkilatlarından biridir. V.Quliyevin vaxtilə yaratmış olduğu ənənələr hazırda da onun davamçıları tərəfindən uğurla icra olunur.
Gənclər sektorunun fəal nümayəndələri, gənclərə yönəlik müxtəlif QHT rəhbərləri dəfələrlə rəsmi və qeyri-rəsmi görüşlərdə bəyan edirlər ki, Vüsal Quliyev onların içərisindən çıxmış və yetişmiş bir peşəkardır. Məhz bu səbəbdən onunla dil tapmaq çox rahat və asandır.
Onun Prezident Adminstrasiyasında Gənclər sektorunun müdiri təyin olunmasından sonra ölkənin gənclər siyasətində sözün əsl mənasında canlanma yarandı. Dövlət rəhbərliyinin uğurlu gənclər siyasətinin düzgün təşkili, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, gənclərin maarifləndirilməsi və məşğuliyyətinin artırılması istiqamətində vacib addımlar atıldı.
Müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi, motivasiya olunması, stimullaşdırılması ənənəsi yarandı.
Heç şübhəsiz qısa müddətə – cəmi üç ilə hamının sevimlisinə çevrilmək, Cənab Prezident İlham Əliyevə və onun komandasına sədaqətlə xidmət etmək, ölkə gəncliyinin pənah yerinə çevrilmək asan deyildi. Vüsal Quliyev isə bunu çox qısa müddətdə bacardı…(ANV)
Yenicag.az