!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə real inflyasiya və iqtisadi artım: “Rəqəmlərlə manipulyasiya etmək olar, amma...”

!Reklam – Yazi

“Vətəndaşlarımız öz ciblərində hiss etdikləri inflyasiya və qiymət artımı göstəriciləri ilə rəsmi statistikadakı qiymət artımı arasındakı fərqi görürlər”.

Bu fikirləri Azərbaycanda iqtisadi artımla bağlı açıqlanan rəsmi statistikanın reallığa nə dərəcədə uyğun olub-olmadığını dəyərləndirən professor Elşad Məmmədov Yenicag.az-a açıqlamasında qeyd edib.Professorun sözlərinə görə, inflyasiya il ərzində ən azı 15 faizlik göstərici ilə ifadə olunsa da, rəsmi statistikada fərqli rəqəmlər göstərilir:

“Aktual məsələ olduğu üçün bununla bağlı bir məsələyə toxunmaq istəyirəm. Hazırda inflyasiyanın dünya miqyasında kəskin şəkildə yüksəlməsi, hətta tüğyan eləməsi misilsiz bir artımdır. Bu vəziyyət Ümumi Daxili Məhsul və ümumiyyətlə, iqtisadi artımla bağlı proqnozları, hesablamaları, demək olar, alt-üst edib.

Çünki inflyasiya kəskin dəyişəndə, onun hesablanmasında qeyri-dəqiqliyə yol veriləndə, bu, ÜDM-yə, iqtisadi artıma çox ciddi təsir göstərir. İstənilən bir ölkənin ÜDM-si hesablananda mütləq il ərzində qeydə alınan qiymət artımı orada öz əksini tapmalıdır. İqtisadiyyatda buna deflyator deyilir və real iqtisadi artım məhz onun vasitəsilə dəqiqləşdirilməlidir.

Ona görə ki qiymət artımı hesabına baş verən iqtisadi artıma real iqtisadi artım demək olmaz. Bu problem hazırda bütün dünyada yaşanmaqdadır və inflyasiyanı bir qədər aşağı həddə göstərən kimi iqtisadi artım göstəricisi yüksəlir. O səbəbdən inflyasiyanın hesablanması ilə bağlı kifayət qədər mübahisəli yanaşmalar mövcuddur.

Bu gün, yəqin ki, vətəndaşlarımız, istehlakçılarımız öz ciblərində hiss etdikləri inflyasiya və qiymət artımı göstəriciləri ilə rəsmi statistikadakı qiymət artımı arasındakı fərqi görürlər. Mənim müşahidələrimə görə, inflyasiya il ərzində ən azı 15 faizlik göstərici ilə ifadə olunsa da, rəsmi statistikada fərqli rəqəmlər göstərilir. Bunu isə son nəticədə ÜDM-yə çevirsək, ortadakı böyük fərqi görə biləcəyik.

O səbəbdən ÜDM və iqtisadi artımla bağlı rəqəmlərdən daha çox əhalinin real imkanlarının və gəlirlərinin artmasına diqqət yetirilməsinin tərəfdarıyam. Çünki inflyasiya cəmi 2 faiz aşağı göstərilsə, iqtisadi artımı daha böyük rəqəmlə ifadə etmək olar. Bəli, iqtisadiyyatda rəqəmlərlə manipulyasiya edilməsi mümkündür. Amma mən çox istərdim ki, ölkədə inflyasiya cilovlansın, ölkədaxili istehsal qurulsun, idxaldan asılılığımız azaldılsın və nəticədə yerli məhsul üçün bazarların təmin edilməsi hesabına inflyasiyanın qarşısını alaq. Əks halda, bu, iqtisadi problemlərin dərinləşdirilməsini şərtləndirəcək”.

A.Zeynalov

www.yenicag.az

939
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv