!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkələr qılıncı qınından çıxarır: Dünyada gözlənilən yeni münaqişə ocaqları hansılardır? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Dünya hazırda münaqişə ocaqlarının yenidən alovlanması mərhələsinə keçib. Azərbaycan 100 illik problemi, Qarabağ münaqişəsini öz xeyrinə yekunlaşdırdı. Ancaq Qarabağ məsələsi bitən kimi Yaxın Şərq alovlandı.

Yaxın Şərq, Cənubi Qafqaz, Ukrayna ərazisi daim qaynar nöqtələr olub. Ancaq başqa ərazilərdə də münaqişə ocaqlarının alovlanması gözlənilir.

Yaxın Şərqdən sonra Hindistan-Pakistan, Çin-Tayvan, Afrika, Koreya yarımadasında və Zəngəzurda münaqişələr proqnozlaşdırılır.

Hindistan-Pakistan münasibətləri zaman-zaman gərginliyin artması, bəzən isə sabit qalması ilə seçilir. Gerçəkçi yanaşsaq, Hindistanın təkcə Pakistanla yox, Çinlə də ərazi problemləri var. Bu məntiqlə götürsək, hər an Çinlə Hindistan arasında da münaqişənin olacağını gözləmək mümkündür. Yeri gəlmişkən, Çinlə Hindistan arasında zaman-zaman toqquşmalar da olub.

Çin-Tayvan münaqişəsi isə ən real alonlanacaq problemlərdəndir. Rusiya-Ukrayna müharibəsi davam edərkən Çinin Tayvana hücum edəcəyi gözlənilirdi. ABŞ rəsmiləri də Tayvana səfərlər gerçəkləşdirdi. ABŞ bu məsələnin aktiv fazaya keçməsinə mane olmağa çalışsa da, digər regionlarda münaqişələr aktiv fazaya keçəcəksə, Çin mütləq şəkildə Tayvana müdaxilə edəcək.

Afrikada gözlənilən müharibəyə gəldikdə isə qara qitədə şirkətlərin müharibəsi heç dayanmayıb. Ümumiyyətlə, Afrikada şirkətlərin dünya müharibəsi gedir desək, yanlış olmaz. “Vaqner”in fəaliyyəti və rusların bir neçə ölkəni fransızların əlindən alması Afrikanı dünya gündəminə gətirdi. Məsələ ondadır ki, Afrikada uzun zamandır şirkətlər arasında savaş gedir. Afrikada İngiltərini, ABŞ-ni, Fransanı, Rusiyanı və Çini bir neçə böyük şirkət təmsil edir. Sözügedən ölkələrin şirkətləri silahlıdır.  Dövlətlər onları proksi müharibədə istifadə edir. Şirkətlər isə afrikalıları. Dövlətlərin proksi müharibəsində ölən də, öldürülən də, zərər görən də afrikalılardır.

Hesab edirəm ki, dövlətlər Afrikada proksi müharibələrindən vaz keçməyəcək. Məsələ şiddətlənə, daha da ağır hal ala bilər, ancaq Afrika proqnozu var olan bir şeydir.

Koreya yarımadasında gözlənilən müharibə ehtimalına gəldikdə isə vəziyyətin son dönəmlər daha ağır olduğu gerçəkdir. Cənubi Koreya silahlanmaya ciddi şəkildə maliyyə ayıracağını açıqlayıb. Bundan əlavə, Cənubi Koreya Şimali Koreya ordusunda ciddi hərəkətlənmənin olması barədə kəşfiyyat məlumatları yayır. Şimali Koreya dünyada proqnozlaşdırıla bilməyəcək tək-tük ölkələrdəndir. Ona görə də Şimali Koreyanın hansı addım atacağı məlum deyil. Hesab edirəm ki, münaqişələrin hamısı alovlanarsa, və Üçüncü Dünya müharibəsi baş tutarsa, Koreya yarımadası ən qanlı döyüşlərin gedəcəyi regionlardan biri olacaq.

Zəngəzur dəhlizi Azərbaycan və Ermənistanın istəyindən daha çox regionda çıxarları olan böyük dövlətlərin marağında olan bir ocaqdır. Hesab edirəm ki, nə rəsmi Bakı, nə də İrəvan müharibə etmək niyyətindədir. Rusiyanın Ukraynaya hücumu tarixi torpaqlar tezisini gündəmə gətirdisə, Azərbaycanı Qarabağ problemini həll etməsi ərazilərində münaqişə olan ölkələrin problemi birdəfəlik çözmək tezisini yaratmış oldu. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması hələ ki rəsmi Bakını qane edir. Yeri gəlmişkən, rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünü tanıdığını bildirir, ancaq rəqəm vermir. Düşünürəm ki, bu, gələcəyə hesablanmış addımdır. Bilirik ki, hazırkı Azərbaycan özünü 1918-ci ildə yaranmış Cümhuriyyətin varisi elan edib. Bu o deməkdir ki, rəsmi Bakı həm də o ərazilərin varisidir. Ermənistan cəmi 9 min kvadrat kilometrdə qurulub. Tarixi torpaqlar tezisinin ortaya atıldığı zamanda Azərbaycanın davranışı məntiqlidir. Bu o demək deyil ki, Azərbaycan Ermənistan ərazisinə iddia edir. Sadəcə bu tezisdən çıxış edərək Azərbaycan müharibə olacağı təqdirdə, haqlı tərəf olacaq. Ən azı bunu əlində əsas götürəcək. Qərbi Azərbaycan məsələsinin gündəmə gəlməsi və bunun geniş vüsət alması da gələcəyə yatırımdır.

Hazırkı məqamda müharibənin olacağını demək o qədər də asan deyil. Ancaq dünyada proseslərin sürətlə dəyişdiyini müşahidə edirik. Bu o deməkdir ki, regionda da hər şey sürətlə dəyişə bilər.

Məsələ ondadır ki, münaqişə ocaqları ilə bağlı proqnoz verənlər, nədənsə, köhnə qitəni bu siyahıya əlavə etmir. Serbiya ilə Kosova arasında da münaqişənin olma ehtimalı yüksək qiymətləndirilir. Bundan əlavə, Şərqi Avropa ölkələrinə qarşı digər Avropa ölkələrinin ikili yanaşması və bunu bilən şərqlilərin qruplaşması gələcəkdə Avropa daxilində də gərginlik yarada bilər. Almaniyanın silahlanmaya ciddi yatırım etməsi onu göstərir ki, Avropa qitəsi də münaqişə və müharibədən sığortalanmayıb. CV-sində iki Dünya müharibəsini başladan və məğlubiyyəti olan Almaniyanın revanş almaq arzusu hər an doğa bilər.

Proseslər onu deməyə əsas verir ki, yaxın zamanda dünyada sabitlik olmayacaq…

www.yenicag.az

1430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv