!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ölkəmizin strateji valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir" - Sahibə Qafarova

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin 15 mart 2022-ci il tarixli iclasında çıxış edib.

Yenicag.az Milli Məclis sədrinin çıxışını təqdim edir:

“Hörmətli cənab Baş nazir, hörmətli Hökumət üzvləri!

Hörmətli həmkarlar!

Xanımlar və cənablar!

Bu gün yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti 2021-ci ildəki fəaliyyətinə dair hesabat verir.
Bizə təqdim olunmuş sənədlə tanışlıq belə bir qənaətə gəlməyə imkan yaradır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası ötən il iqtisadiyyatın bütün sahələrində artım dinamikasının qorunub saxlanmasını təmin etmişdir. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlər ardıcıl həyata keçirilmişdir. Bununla əlaqədar mən dövlət başçısının fikirlərinə istinad etmək istəyirəm. Cənab Prezident demişdir: “2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşıya qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır.

Bu il Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi”.

Hörmətli xanımlar və cənablar!

Sosial-iqtisadi inkişaf yollarında ölkəmizin əldə etdiyi nailiyyətlər beynəlxalq maliyyə qurumlarının reytinq siyahılarında onun yüksək yerlərə layiq görülməsi ilə nəticələnmişdir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşmışdır. Davos Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yeri, ölkə rəhbərliyinin islahatlara sadiqliyi baxımından isə 5-ci yeri tutmuşdur.

2021-ci ildə ümumi daxili məhsulun həcmində 5,6 faiz artımın, digər uğurların əldə olunmasının arxasında hökumətin gərgin və səmərəli fəaliyyəti dayanır. Hazırda ölkəmizin 53 milyard dollarlıq strateji valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir. Ötən 1 il ərzində daha da artırılmış iqtisadi potensialımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifənin öhdəsindən gəlməyə imkan verir.

Hörmətli həmkarlar!

Mən bir neçə məqamı vurğulamaq istərdim. Artıq 2 ildir ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin ön sıralarında addımlayır. Əhalinin əksəriyyəti peyvəndləmə kampaniyası ilə əhatə olunmuşdur. Bu ilin yanvarından ölkədə böyük həcmli sosial paketlərin icrasına başlanmışdır. Digər tərəfdən, Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində geniş miqyaslı bərpa, quruculuq və yenidənqurma layihələri həyata keçirilir. Həm də bütün bu işləri Azərbaycan kənardan yardım almadan öz maliyyə ehtiyatları hesabına yerinə yetirir.

Cari ildə də dövlətimizin qarşısında böyük vəzifələr dayanır və tam əminliklə söyləmək olar ki, bu vəzifələr də uğurla icra ediləcəkdir.

Hörmətli cənab Baş nazir və Hökumət üzvləri!

Hörmətli həmkarlar!

Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır.

Onu da qeyd etmək istəyirəm ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də Hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilmişdir. Eyni zamanda, artıq iki ildir ki, hesabata ayrıca olaraq, Milli Məclis deputatlarının sosial və infrastruktur obyektlərinin əsaslı təmirinə və tikintisinə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflərinin icrası barədə məlumat da daxil edilmişdir.

Düşünürəm ki, deputatlar bu gün aparacağımız müzakirədə də fəal iştirak edəcək, səmərəli təkliflər irəli sürəcəklər”.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv