Olmayan tualetdən gələn təhsil qoxusu: Müəllimin haqlı tələbini töhmətə çevirənlər – Çingiz Özgür yazır
2023 sürətli başlandı. Nə qədər biz yeni ilə dörd günlük tətilin yanına iki iş gününü də qurban edib ayın doqquzundan başlamağı düşünsək də, il elə vaxtında – yanvarın birindən girdi. Girməsi ilə də, həm dünya çapında, həm ölkə daxilində ardıcıl maraqlı hadisələri ilə yaddaqalan il olacağını göstərdi. Kimsə deməsin ki, təzədir deyə, özünü göstərir… Yox, necə başlasa, elə də gedər.
Hələlik ölkənin təhsil cəmiyyətini (“Təhsil cameəsi” yazsam, Türk dilində sözləri işlətməyə qarşı olan qardaşlar və bacılar üstümüzə töküləcək, di gəl “təhsil cəmiyyəti” söz birləşməsi nə dərəcədə düzgündür, bilmirəm. İndiyəcən haradasa işlənibmi, onu da bilmirəm, əgər ilk işlədən mənəmsə, dilimizə qatdığım bu yeni söz birləşməsi xeyirli olsun deyib davam edək) silkələyən mövzudan danışmaq istəyirəm. İmişlinin bir kəndində orta məktəbin tualeti yox imiş. Bunu haradan bildik, əlbəttə ki, sosial şəbəkədən. Belə məhrəm mövzuların bir müəllimə tərəfindən bizim ölkə kimi bir yerdə birbaşa sosial şəbəkədə işıqlandırılmayacağını bildiyimizdən və yayılan videodan da anladığımızdan bəlli olur ki, problem uzun müddətli problemdir. Müəllimə bunu, yəqin ki, 10 dəfə məktəb rəhbərliyinə deyib, bəlkə, 50 dəfə müəllimlər arasında şikayətlənib və sonda məcbur qalıb dərs dediyi sinfi tualet tikilənə qədər tətilə səsləyib. Yenə də videodan da görünür ki, müəllimənin dərs dediyi sinif ibtidai sinifdir. Nənəm rəhmətlik demiş, “nətifan uşaqlar”dır. Uca Yaradan kimsənin balasını tualetlə imtahana çəkməsin…
Mövzu özlüyündə çox ciddi mövzudur, həm də ona görə ki, nəhayət, məktəbdə nəyinsə olmadığını faktla sübut etmək mümkün oldu. İndiyə qədər məktəbdə T hərfi ilə başlayan bir xeyli şeyin ya olmadığı, ya da az olduğu haqda dəfələrlə danışılıb, irad bildirilib. Di gəl təhsilimizi idarə edənlər bu iddiaların heç birini qəbul etməyib. Edibsə də, tam qəbul etməyib. Məktəb üçün “t” ilə başlayan vacib amilləri say desək, hamının ağlına ən son gələr tualet. Ona qədər gör neçə “t”miz var.
Məsələn, bizim məktəblərdə uzun illərdir ki, “təhsil” yoxdur. Var ha, amma məktəbdə verilmir. Elə məhz məktəbə gedib dərsini deyib, qayıdan müəllimlər tərəfindən evlərdə, kurslarda verilir. Sayələrində yeni söz daxil olub həyatımıza – repetitor! Neçə nazir bir-birini əvəzləyib, hər il təhsilə dövlət büdcəsindən xeyli pul ayrılıb, xərclənib, gedib. Amma təhsilin T-sinin məktəblərdə olmamasına çarə qılan olmayıb.
Məktəblərdə heç “tədris” də qaydasında deyil, “təlim”in də vəziyyəti təhsil və tədrisdən irəli deyil. Məktəblərimiz “tərbiyə” məsələsində də heç ürəkaçan deyil. Yol-izdəki məktəblilərin davranışına baxın. Baxın dərsə gedən, dərsdən gələn yuxarı sinif şagirdlərinin özlərini aparmasına. Ölkə məktəblərindəki yuxarı sinif şagirdlərinin yarısı “içəridəki qardaşlara köməklik” üçün pul yığır, digər yarısı “din qardaşlarının yolunda əzab çəkib, əcr vermək”lə savab qazanmaq niyyətindədir. Yerdə qalanlar üç-beş nəfər də bu iki cərəyanın tam ortasındadır, meyxanaya qulaq asır. Bir sözlə, illərdir məktəblərimizdə “tort-torta qarışıb.” Belə vəziyyətdə əlbəttə ki, ən çox lazım olan məhz tualetdir. Bunu ən yaxşı bilən də elə təhsili idarə edənlərdir. İndi adam istəyir, üzünü tutub deyə ki, bu vəziyyət ki bizdən yaxşı bilirsiz, heç olmasa, tualeti həll edin də. Bilmirsinizmi, biz xalq olaraq dözümlü olduğumuz qədər də məlum məsələlərdə dözümsüzük!
Onu da deyim ki, məsələyə birmənalı baxış da yoxdur. Fərqli mövqelər görür, oxuyur, eşidirik. Məsələn, naxçıvanlı bir qardaş deyir: “Nolsun e, tualetləri yoxdu, amma sinifdə xeyli uşaq var idi. Bizim hətta kəndlərdə ikimərtəbəli, üçmərtəbəli məktəblər tikilib, tualeti də var, özü də qoşa-qoşa. Di gəl içində şagird yoxdur. Tam orta məktəblər var, 25 nəfər şagird təhsil alır. Hazırlıq sinfini də saysan, hər sinfə 2,1 ( iki tam onda bir) şagird düşür. 25 şagirdə 19 müəllim dərs deyir, şagird başına sıfır tam onda yeddi müəllim!” (Hərçənd biz yaxşı bilirdik, indi isə tam aydın oldu ki, o məktəblər niyə tikilir, amma ki qardaşımız mövqeyində haqlıdır.)
Qazax zonasından olan o şirindil şagirdin “Niyə qayırmellar bu yolları” nidasını misal çəkən başqa bir dostumuz deyir: “Biz tərəfdə məktəb var, tualet də var, müəllim-şagirdi də var. Di gəl iki yağışdan, üç qardan sonra o məktəbə getməyə yol-iz yoxdur.” Ölkənin dörd bir yanından bu fikrə dəstək verən yüzlərlə adam tapmaq olar. Haqsız da deyillər.
Məsələyə bir az da geniş aspektdə yanaşanda Güney Azərbaycandan olan bir qardaşımızın şikayəti hamısından irəlidir: “Qardaş, bax bizdə məktəb var, tualeti də var. İçində şagirdi də, müəllimi də. Yolu da ki əlayül-əla. Di gəl nəyə dəyər əgər o məktəbdə mənim öz ana dilimdə oxuyub-yazmaq hüququm yoxdursa. Neylirəm o məktəbi, o yolu, o tualeti ki, gedib illərdir məni əsarətdə saxlayan düşmənin, farsın dilində yazıb-oxuyacam, öz anamın dilində danışmaqsa, qadağan olacaq…”
Bax belə. Görün haradan gəlib haraya qədər uzanır problem. Bir kənd məktəbindəki tualet yoxluğu, bir müəllimin sosial şəbəkəyə yerləşdirdiyi balaca bir video haralara aparıb çıxarır bizi.
Bu arada, biz məsələni müzakirə edəndə xəbər gəldi ki, müəlliməyə töhmət veriblər. Əlbəttə ki, gözlənilən idi. Amma səbəb kimi nə göstərilib? Məsələn, “Məktəbin sirrini el-aləmə faş etdiyinə görə” ola bilərmi? Bəlkə, “Balaca uşaqların tualet ehtiyaclarından istifadə edib “Tik-tok”da baxış sayı yığmaq” maddəsi ilə ittiham edirlər müəllimi? Və ya “İllərdir müəllim haqda yaranmış “müəllimlər çörək yemir, tulaetə getmir” kimi ülvi bir düşüncəni məhv etdiyinə görə” verilib töhmət?
“Belə olmuş olsa, tam yerinə düşər. Düz deyir, biz də uşaq olanda elə bilirdik. Deyirdik, bəlkə, müəllimlər heç bilmir, tualet məktəbin harasındadır”, – deyir müzakirələrdə iştirak edən bir dost. Söhbətin ironiya hissəsini tutmayıb, ciddi danışır. Hərə öz mülahizəsini irəli sürür. Amma mən yaxşı bilirəm, o töhmət müəllimə niyə verilib. Yox, söhbət töhməti əsaslandırmaq üçün istinad edilən qanun bəndindən, pozulmuş qaydadan getmir. Onlar kağıza yazmaq üçündür. Mən töhmətin əsl səbəbin deyirəm.
Məktəbdə təlim olmaya bilər, təhsil verilməməsi də mümkündür, yola verirsən, məktəbdən çıxıb gedir hazırlığa. Tədrisin vəziyyəti də aşağı olar, eybi yox, kim sənin boynuna qoya bilər ki bunu? Məktəbdə tulaetin olmamasına da göz yummaq olar. Kənd yeridir də, getsinlər evə, gəlsinlər. Hətta məktəb həyətindəki ağaclar, yarımçıq tikililər-filan, bunlar hamısı problemin qismən həlli sayılır. Məktəbdə şagirdin az olması da ciddi problem deyil. Hətta məktəbə yolun olmaması da narahatlıq sayılmamalıdır. Guya elə hər yerə yol oldu, qaldı məktəb. Əlqərəz, bunların hamısı xırda şeylərdir. Müəllimə hər hansı bir hərəkətlə “müəllim nüfuzu”na xələl gətirsə də, töhmət verilməzdi, minlərlə belə hal və fakt var. Məsələ bilirsiniz nədir? Müəlliməyə və bizə başa salırlar ki, etiraz eləmək olmaz! Olmaz e, olmaz! Adamın, yəni konkret müəllimin, canını alarlar! Töhmət, ardınca bir dənə də şiddətli töhmət və işdən qovma! Di, get! Bəlkə, etirazınız var?