!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ondan gördüyüm yaxşılıqların haqqını ödəyə bilmədim”- DR. AZƏR ƏKBƏROVUN xəstələri danışır...

!Reklam – Yazi

Əziz xatirəsini dərin minnətdarlıq və sevgi ilə anırıq…

 Bu gün hərbi həkim, uzman neyrocərrah Dr. Azər Əkbərovun vəfatından iki il ötür. 2021-ci il noyabrın 24-də dünyaya gözlərini əbədi yuman bu mükəmməl həkimin tək doğmalarının deyil, onu tanıyan hər kəsin, xüsusilə də əməliyyat etdiyi xəstələrin xatirəsində əziz yeri var. Odur ki, bu dəfə Azər Əkbərovu pasiyentlərindən soruşduq. Bu böyük şəxsiyyəti vəfatının ikinci ildönümündə xəstələri ilə birgə andıq.

Yeniçağ.az Azər həkimin əməliyyat etdiyi xəstələrin müsahibələrini təqdim edir:

“Azər həkimin mənə etdiyi yaxşılıqlar danışmaqla bitməz”

Uzm. Dr. Azər Əkbərovun 2016-cı ildə əməliyyat etdiyi xəstəsi Pərvin Adıgözəlov həkimini belə xatırlayır:

“Sağ qolum quruyurdu. Göz həkimi Anar Rəhimovu tanıyırdım. Onunla məsləhətləşəndə mənə Azər həkimi tövsiyə etdi. Cəlilabaddan Bakıya gəldim. Azər həkim məni müayinə edib bildirdi ki, onurğamda kista var, təcili əməliyyat olunmalıyam. Rayona qayıtdım. Azər həkimə zəng edib dedim ki, əməliyyata pulum çatmır, başqa vaxta qalsın. Razılaşmadı. Dedi ki, pulu düşünmə, Bakıya qayıt, mütləq əməliyyat olunmalısan. Mən lazım olan pulu tapıb xəstəxanaya gəldim. Kassaya yaxınlaşanda oradakı qız mənə dedi:

-Azər həkim bizə tapşırıb ki, Pərvin Adıgözəlov gələndə onu qəbul edin. İmkanı çatdığı qədər ödəcəyək, çatmayan məbləği özüm həll edəcəyəm.

Bax, belə həkim idi! O pulu yox, xəstənin sağlamlığını düşünərdi. Əməliyyatım 6 saat çəkdi. Gözümü açanda başımın üstündə idi. Əlimi sıxıb üzümə gülümsədi. Gündə bir neçə dəfə palatama baş çəkər, nə soruşsam, yorulmadan cavab verərdi. Hətta rayona qayıdandan sonra da özü zəng edər, vəziyyətimlə maraqlanardı. Onun üçün saat fərqi yox idi. Axşam da zəng etsəm, telefonu açar, səbirlə dinləyər, məsləhətlərini verərdi. Bir dəfə narazılıq etdiyini görmədim. Heç ərinməzdi. Dünyasını dəyişənə qədər əlaqə saxladıq. Ailə üzvümə çevrilmişdi. Mənə etdiyi yaxşılıqları danışmaqla bitməz.

Xəstə olduğunu bilirdim. Amma o bunu heç hiss etdirməzdi. O qədər həyat dolu idi ki, hələ də öldüyünə inana bilmirəm. Vəfat xəbərini eşidəndə elə bildim ki, ən əziz adamımı itirdim. Onu heç vaxt unutmayacağam.  Unudulacaq oğul deyil…”

“Bu gün övladım sağ-salamat yanımdadırsa, Azər həkimin sayəsində”

“Övladımın həyatını Azər həkimə borcluyam”. Bunu isə Mətin  Hüseynsoy  adlı başqa bir xəstəsinin atası Xilqət Hüseynov deyir:

“5 yaşlı oğlumun beynində 7.3 sm ölçüsündə bədxassəli törəmə vardı. Çox həkimlər gəzdim. Həm yüksək məbləğ istəyir, həm də ümidverici heç nə demirdilər. Azər həkimi tapdım. Dedi ki, zəmanət verə bilmərəm, amma yaxşı olacaq. 2019-cu ildə oğlumu əməliyyat etdi. Həm də 70 faiz endirimlə. Övladıma o qədər can yandırırdı ki, sanki öz balasıdır. Şükür, əməliyyat uğurlu keçdi. Bu gün övladım sağ-salamat yanımızdadırsa, onun sayəsində! Etdiyi yaxşılığı bir ömür unutmarıq. Öldüyünü eşidəndə çox sarsıldıq. Yeri behişt olsun…”

“Azər həkimdən gördüyüm yaxşılıqların haqqını ona ödəyə bilmədim”

Dr. Azər Əkbərovu Aidə Mehdixanlı adlı xəstəsindən də soruşduq:

“Məndə hipofiz adenoması vardı. Azər həkimi bizə yoldaşımın göz cərrahı Anar Rəhimov məsləhət görmüşdü. Dedi ki, çox savadlı və yaxşı həkimdir, ona əminliklə güvənə bilərsiniz. Belə də oldu. Azər həkim məni 2017-ci ildə əməliyyat etdi. Çox pozitiv insan idi! Onun xəstələrinə necə yanaşdığını, necə diqqət-qayğı göstərdiyini sözlə deyə bilmirəm.

Xərçəng xəstəsi olduğunu bilirdim. Amma aramızdan belə tez ayrılacağına inanmırdım. Özü elə ağır xəstəliklə mübarizə apardığı halda pasiyentlərindən sevgisini, qayğısını heç əksik etməzdi. Hələ də dünyadan köçdüyünə inana bilmirəm. Biz mükəmməl bir həkimi itirdik. O cür insanlar dünyaya tək-tək gəlir. Hələ də özümü ona qarşı borclu hiss edirəm. Mənə etdiyi o qədər yaxşlıqların haqqını ödəyə bilmədim. Çox heyf ki, ödəyə də bilməyəcəyəm…”

“O bizim üçün tək həkim yox, həm də doğmamız idi”

“Azər həkim dünyadan köçəndə özümü yetim hiss etdim”. Bu sözləri isə Azər Əkbərovun Pərviz İsmayılov adlı xəstəsi deyir:

“Beynimdə şiş yaranmışdı. Azər həkim müayinə edib iki gün sonra əməliyyata yazdı. Bir anlıq donub qaldım. Belə tez əməliyyat edəcəyini gözləmirdim. Mənim tərəddüd etdiyimi görüb dedi ki, pul haqqında düşünmə, əsas sənin sağalmağındır. 2020-ci ildə məni endirimli qiymətlə əməliyyat etdi. O, xəstəsini heç vaxt pula görə çətinə salmazdı. İmkansız pasiyentlərinin hamısına kömək edərdi.

Əməliyyatım 8 saat çəkdi. Xəstəxanada 5 gün yatdım. Hər gün evə getməzdən əvvəl palataya gəlib sağollaşardı. Elə bilirdim doğma bir adamımdır. Məni evə yazanda dedi ki, bir də 9 aydan sonra gələrsən. 9 ay sonra xəstəxanaya gedəndə vəfat etdiyini eşitdim. İnana bilmədim. Azər həkimim artıq dünyada yox idi… Özümü kimsəsiz, yetim hiss etdim.

O, xəstələri üçün tək həkim deyildi. Bizim doğmamız, əzizimiz, arxamız idi. Bu qədər güvəni, sevgini özü qazanmışdı. Azər həkimin istənilən xəstəsini danışdırsanız, eyni sözləri deyəcək. Pasiyentini canı bilərdi. İndi də onun haqqında danışanda adamı qəhər boğur… Allah rəhmət etsin!”

“Bizim kimi kasıb adamların həkimi idi, oğlumun əməliyyatını pulsuz etdi”

Arzu Xəlilov adlı xəstənin atası Həsən Xəlilov isə Azər həkim haqqında bunları danışdı: “Oğlumun beynində törəmə aşkar edildi. Azər həkim dedi ki, əməliyyat olunmalıdır. Əlimdə də pul yox idi. Kasıb ailəyik, bir maşınım var, taksi kimi sürürəm. Fikirləşdim ki, maşını satıb əməliyyat pulunu düzəldərəm. Ona görə də soruşdum ki, bu əməliyyatı sonraya saxlaya bilərik? Çünki maşının satılması üçün vaxt lazım idi. Bunu öyrənəndə Azər həkim dedi ki, nə pul? Siz uşağı gətirin, pul barədə düşünməyin. Oğlumu pulsuz əməliyyat etdi. Azər həkim dedi ki, maşınını satsan, bəs necə dolanacaqsan?

Uşağı xəstəxanadan çıxarandan sonra da suallarımız yaranırdı. Bəlkə 100 dəfə zəng etdik. Bircə dəfə narazılığını görmədik. Hərdən özümüz utanıb deyirdik ki, ay doktor, sizi də yoruruq. Cavab verirdi ki, nə zaman lazım olsam, zəng edin.

Ona bir ömür boyu duaçıyam. Bu həkim üçün birinci məsələ xəstəsi idi. O qədər gözütox, xeyirxah insan idi ki! Bizim kimi kasıb adamların həkimi idi. Azər Əkbərov tək ailəsinin, dostlarının deyil, xəstələrinin də ağır itkisidir. Hələ də vəfat etməsinə inana bilmirəm. Allah rəhmət eləsin”.

Bunlar Azər Əkbərovun əməliyyat etdiyi xəstələrdən bir neçəsidir. Onun həyatını xilas etdiyi onlarla pasiyenti var. Ən son əməliyyatını ölümündən cəmi 38 gün öncə icra edərək daha bir ağır xəstəyə həyat bəxş edib.

Bu qədər yaxşılığı 42 illik ömrə sığdıra bilmək hər kəsə nəsib olmaz. Bunu yalnız Azər Əkbərov kimi nadir insanlar bacarar. Onun üçün xeyirxahlıq etmək çətin deyildi.  Çünki Azər həkim yaxşılığın özü idi…

Könül CƏFƏRLİ

www.yenicag.az

976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv