Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Onlara deyəndə ki, evdə oturun, bu, elə ölümə bərabərdir" - Əhməd Qəşəmoğlu

Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, bəzi insanların hələ də bunu ciddyə almadığını görürük.

Yenicag.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov özünütəcrid qaydalarına məhəl qoymayan insanları qaydalara əməl etməyə səsləyib.

“Onların bir qismi belə situasiyalarda qaydalara əməl etmək əvəzinə kənar söhbətlərə meyllənirlər. “Qoruyan Allahdır”, “Ölümdürsə, hamımız öləcəyik” kimi arqumentlər gətirib insanlar arasında caşqınlıq yaradırlar.
Bizim insanlarda bir çox şeyi Allahın ümidinə buraxmaq kimi bir düşüncə var. Etiqad lazımdır, lakin Allah da buyurur ki, canının qədrini bil. “Küçəyə çıxıb nə istəsəm edəcəm, xəstələnmərəm”, – bu xəstə təfəkkürün məhsuludur.”

Psixoloq bu durumda vətəndaş həmrəyliyinin önəmli olduğunu bildirib:

“Hər şeyi polisin üzərinə atmaq olmaz, vətəndaş həmrəyliyi olmalıdır. Əgər kimsə qadağanı pozub, parka çıxırsa, gətirdiyi səbəbdən asılı olmayaraq, ətrafındakılar ona mane olmalıdır.”

Sosioloq Əhməd Qəşəmoğlu isə insanlarda hələ də bu sahədə lazımi düşüncənin formalaşmadığını qeyd edib:

“Əvvəllər insanların inandığı bir mənbə yox idi, televiziya və dövlət strukturları nəsə deyəndə bunun siyasət, təbliğat xatirinə olduğunu düşünürdülər. Ona görə insanlar hələ də elə düşünürlər ki, bu məsələlər deyilən kimi deyil.
Karantin rejimində maarifləndirmə daha çox dövlət strukturları və yerli medianın üzərinə düşür”.

Əhməd Qəşəmoğlu hesab edir ki, dini qurumlar, eləcə də din xadimləri insanlara evdə qalmaları üçün çağırış etməlidir:

“Bizim insanlarda həmişə “Allah kərimdir” düşüncəsi var. Hər şeyin Allahın əlində olduğunu düşünürlər, amma Allah deməyib ki, nə istəyirsiniz edin, mən sizi qoruyacağam. Qurani-kərimi oxumağa başlasalar, elə ikinci surədə Allahın insandan şüurlu fəaliyyət tələb etdiyini görəcəklər.

Həmçinin, bizdə dini marifləndirmə də az olub, heç indi də yaxşı səviyyədə deyil. Bu məsələlərdə din xadimləri kifayət qədər rol oynaya bilər ki, insanlar evdən çıxmasın. Biz isə bunu görmürük, yalnız dövlət qurumları, televiziya bu barədə danışır”.

Sosioloq günəmuzd işləyən insanların çölə çıxmamasının mümkün olmadığını da deyib:

“Bir sosial təbəqəmiz var ki, onlar bir ayda 4 yerə xərc çəkirlər: banka pul, iş yerlərinə icarə haqqı ödəyirlər, üstəgəl mənzil kirayəsi və ailəni dolandırmaq. Onlara deyəndə ki, evdə oturun, bu, elə ölümə bərabərdir. Buna görə ölümünü gözə alıb evdən çıxan insanlarımız da az deyil”.

Aslı İsmayılzadə

www.yenicag.az

952