OPEC görüşündən gözlənilən nəticə – Azərbaycan üçün məqbul ssenari (ŞƏRH)

Bu gün Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin gündəlik neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasının müddətinin uzadılması məsələsi müzakirə olunacaq.

Bəs görəsən, sazişlə bağlı müxtəlif variantlar təklif edən ölkələr sonda hasilatın hansı həcmdə azaldılması və sazişin hansı müddətə uzadılmasında razılaşacaqlar? Azərbaycan üçün variantlardan hansı daha məqbul hesab olunur?

Mövzu ilə bağlı  açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov istənilən halda bu gün OPEC-in neft hasilatının azaldılması barədə sazişin müddətini uzadacağını bildirib: “Təbii ki, hazırda üstünlük müddətin 9 ay uzadılması variantındadır. OPEC daxili ölkələrdən Səudiyyə Ərəbistanının və kartel xaricində Rusiyanın bir müddət öncə sazişin müddətinin 2018-ci ilin mart ayının sonuna qədər uzadılmasını təklif etməkləri bu istiqamətdə razılıq əldə olunması ehtimalının daha yüksək olduğunu deməyə əsas verdi. Böyük ehtimalla, bu gün axşam saatlarında müzakirələrin nəticəsi məlum olacaq”.

Ekspertin sözlərinə görə, hasilatın daha böyük həcmdə azaldılmasıyla bağlı ola bilsin ki, hələ razılıq əldə olunmayacaq. Belə ki, OPEC və kartelə daxil olmayan ölkələr gündəlik neft hasilatının 2 milyon barel deyil, daha çox azaldılması ilə bağlı razılıq əldə edə bilərlər: “Lakin bu ehtimal nisbətən aşağı səviyyəli kimi qiymətləndirilir. Xüsusilə də son 5 həftədə ABŞ-da rezervlərin həcmində mütəmadi olaraq azalmanın baş verməsi OPEC iştirakçılarında ruhlandırma yarada bilər. Belə ki, hazırda görülən tədbirlər uzun müddət vaxt tələb etsə də, müəyyən mənada öz effektini verməyə başlayır. Ümumiyyətlə, dünya neft rezervləri gözlənildiyi qədər azalmasa da, cüzi azalma baş verir. Bu, bir tendensiyadır və iştirakçılar tərəfindən qiymətləndirilə bilər”.

Ekspert qeyd edib ki, Azərbaycan üçün məqbul variant növbəti illərdə daha uzun müddətli və eyni zamanda dərinləşdirilmiş sazişin imzalanmasıdır: “Belə ki, Azərbaycan dünya enerji bazarında kiçik istehsalçılardan biri hesab olunur. Bu prizmadan yanaşsaq, OPEC və ABŞ arasında enerji bazarları uğrunda mübarizə Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Azərbaycan öz neft məhsullarını dünya bazarlarında yerləşdirə bilir. Bu baxımdan da, Azərbaycan üçün maraqlı olan neftin qiymətinin daha çox artmasıdır. Neftin qiymətini daha çox artıra biləcək variant isə 9 ay deyil, daha uzun müddətli dövrü əhatə edəcək hasilatın azaldılması barədə sazişin imzalanmasıdır. Eyni zamanda hasilatın gündəlik 2 milyon barel deyil, daha dərinləşdirilmiş, daha böyük həcmdə azaldılmasının bu sazişdə öz əksini tapması qiymət artımına müsbət təsir göstərəcək. Bu zaman neftin qiyməti 60 dolların üzərində qərarlaşa bilər. Bu təbii ki, Azərbaycanın maliyyə sabitliyi, dövlət neft şirkətinin maliyyə sabitliyi üçün mühüm təsirə malik olar”.

 

Yenicag.Az

COP29