Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Operativ Qərargahın "yadından çıxan" KİNOTEATRLAR: Qadağaların çökdürdüyü mədəni sahə - ETİRAZ

Yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən qadağalarda və müxtəlif sektorlara gətirilən qapanma qərarlarında COVID-19 əleyhinə çeşidli vaksinlərin ərsəyə gətirilməsilə yumşalma addımları atıldı. Lakin təəssüf ki, bəzi sahələr bu yumşalmalardan kənarda qaldı. Teatr və kinozallar da unudulan fəaliyyət sahələrindəndir.

Kütləvi tədbirlərdən olan toy şənliklərinin müəyyən say həddilə keçirilməsinə icazə verildiyi halda, teatr və kinozalların bağlı saxlanılması, insanların mənəvi zövqdən məhrum edilməsi heç bir məntiqə sığmır.

Dünya ölkələrinə nəzər saldıqda teatr və kinozalların fəaliyyətinə ara məsafəsinin gözlənilməsi və gigiyenik qaydalara əməl edilməsi şərtilə icazə verildiyini görürük. Azərbaycanda da eyni praktikadan çıxış edərək sözügedən sahələrin fəaliyyətini bərpa etmək olar.

Teatr və kinozallarda nümayiş etdirilən tamaşanı, göstərilən filmi insanlar oturaraq seyr etdiyinə görə məsafə qaydalarına uyğun bilet satışını həyata keçirmək olar. Bununla da həm yoluxma riski minimuma endirilmiş olar, həm də teatr və kinozallar düşdükləri çətin vəziyyətdən qismən də olsa, çıxar.

 

Məsələ ilə bağlı Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Anar Heybətov Yenicag.az-a açıqlamasında, bir sıra kütləvi tədbirlər keçirildiyi halda, teatr və kinoteatrların fəaliyyətinə icazə verilməməsinin sual doğurduğunu bildirib:

“Son dövrlər teatra üz tutan tamaşaçıların sayında müəyyən artım var idi. Bəlkə də bu artıma görə teatrların fəaliyyətinə hələ də icazə verilmir. Ancaq bir sıra kütləvi tədbirlərin keçirilməsinə icazə verildiyini nəzərə alsaq, teatrlar da açıla bilər. Bir aktyor kimi teatrın açılmaması mənim üçün də müəmmalıdır. Tək mən deyil, aktyorların hamısı teatrın açılmasını çox istəyir”.

Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova vurğulayıb ki, teatr və kinoteatrların fəaliyyət göstərməsinə qadağa qoyulması təəssüf doğurur:

“Bu, bizim mədəniyyətimizdir. Virusa yoluxmağın açıq və ya qapalı məkana aidiyyatı yoxdur. Sadəcə insan bacardığı qədər özünü qorumalıdır. Əgər insan xəstələnirsə, bu, açıq havada da ola bilər, kinoteatrda da… Əslində, bir çox xarici ölkələrdə açıq havada yay kinoteatrları fəaliyyət göstərir. Azərbaycanda da bunu tətbiq etsələr, çox yaxşı olar. Ümumilikdə, pandemiya dövrü hər sahədə olduğu kimi, teatr və film sahəsinə də çox böyük ziyan vurub. Bir çox film və serialların çəkilişi dayandı. Maddi və mənəvi ziyan olduqca böyük oldu. Məsələn, mən özümü səhnəsiz və çəkilişsiz təsəvvür edə bilmirəm. Bir aktyor və ya aktrisa üçün vərdiş etdiyi həyatdan uzaq qalması olduqca çətindir. Düzdür, serial və film çəkilişləri olub. Lakn bir çox proyektlər hələ də gözləmə rejimindədir. Koronavirusla bağlı bizi gələcəkdə hansı sürprizlərin gözlədiyini hələ də bilmirik”.

Gənc Tamaçaçılar Teatrının aktyoru Vahid Orucoğlu isə saytımıza açıqlamasında kafe və restoranların açılması fonunda teatrla kinozalların qapalı saxlanılmasının məntiqini anlamadığını qeyd edib:

“Əgər kafe, restoran kimi qapalı məkanların müəyyən gigiyenik qaydalara əməl etmək şərtiylə fəaliyyətinə icazə verilirsə, teatr və kinoteatrların da fəaliyyətinə icazə verilə bilər. Məsələn, 300 nəfərlik zalın 100-150 nəfərin iştirakı ilə fəaliyyətinə icazə verilməsi yaxşı olardı. Çünki teatr hər bir ölkənin mədəni simasıdır. Mədəniyyətsiz ölkə qanadı qırıq quş kimidir. Çox istərdim ki, 40-50 faizlik də olsa teatr və kinoteatrlar tamaşaçıların üzünə açılsın. Pandemiya dövrü aktyorların ümumi vəziyyətinə çox pis təsir edib. Düzdür, serial və film bazarında olan aktyor, aktrisalar teatrdan maaşlarını alırlar. Lakin ümumi vəziyyət baxımından film və seriala çəkilməyən aktyorlar müəyyən çətinliklər yaşadılar. Aktyorların da bir Azərbaycan vətəndaşı kimi kreditləri və borcları var. Ümid edirəm ki, çəkilişi olmayan aktyor və aktrisaların əlavə işləri olar. Hazırda vəziyyət çox çətindir”.

 

Gülşən Şərif

www.yenicag.az

866
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100