Oqtay Əsədovdan deputatın fikirlərinə irad: “Nizam-intizam olmayanda…”

Millət vəkili deputatların qanunvericilik təşəbbüsü hüququnun genişləndirilməsinin vacibliyini bildirib.

Yenicag.az xəbər verir ki, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Fazil Mustafa irəli sürüb.

Millət vəkilinin fikrincə, deputatların səlahiyyətlərinin genişləndirilməsi onların nizam-intizam məsələsinin gündəmə gətirilməsindən daha aktualdır:

“Bu məsələyə diqqət yetirilməsi çox yaxşı olardı. Bildiyiniz kimi, ölkənin məkhəmə-hüquq sistemində islahatlar aparılmaqdadır. Lakin millət vəkilləri bu işlərlə bağlı məlumatsızdırlar, nəzərdə tutulan addımlardan xəbərləri olmur. Ona görə də, deputatların səlahiyyətlərinin artırılmasına ehtiyac var. Keçən iclasda birinci vitse-spiker Ziyafət Əsgərov da irad tutdu ki, ancaq gündəlikdə olan məsələlərdən danışmaq lazımdır. Bu, düzgün yanaşma deyil. Deputatlar onları maraqlandıran istənilən məsələ ilə bağlı fikir bildirmək hüququna malikdirlər. Onların daha çox bu hüquqları təmin olunmalıdır, nəinki nizam-intizam məsələsi”.

Deputatın çıxışına reaksiya verən spiker Oqtay Əsədov isə onunla razılaşmayıb:

“Nizam-intizam olmayanda, fayda da olmayacaq. Ziyafət müəllimin dediyində də həqiqət var. Milli Məclisin Daxili Nizamnaməsin açıb, baxsanız görəcəksiniz ki, bu məsələ orada da var. Nizam-intizam məsələsi çox vacibdir”.