!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orduda GÖZLƏNİLƏN TƏYİNAT: Hikmət Mirzəyev Quru Qoşunlarının komandanı oldu

!Reklam – Yazi

Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev ehtiyata buraxıldığı, onu yerinə isə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı general-leytenant Hikmət Mirzəyevin gətirildiyi bildirilir.

44 günlük müharibədən sonra Azərbaycan ordusunda islahatların yeni mərhələsinə start verildi. Öncə Türkiyənin ordu modelinə keçid elan olundu, ardınca özü olub, strukturu olmayan Quru Qoşunları komandanlığı yaradıldı. Bildiyiniz kimi, müharibənin elə ilk günlərində Baş Qərargahın (BQR) rəisi Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılmışdı. Belədə həm BQ-nin yeni rəisi, həm də Quru Qoşunları komandanı müəyyənləşməli idi.

BQ rəisi postuna namizədlər sırasında XTQ komandanı general-leytenant Hikmət Mirzəyevin də adı hallanırdı. Lakin həmin vəzifəyə Kərim Vəliyevin təyinatı da sürpriz olmadı. Ənvər Əfəndiyevin Quru Qoşunları komandanı təyin edilməsi isə gözlənilməz idi. Çünki Ənvər Əfəndiyev müharibə vaxtı uğursuzluğu ilə diqqət çəkmiş 3-cü Ordu Korpusunun komandirlərindən biri olmuşdu.

Yeri gəlmişkən, sözügedən korpusda müharibə vaxtı fəaliyyət göstərənlər daha sonra yüksək vəzifələrə təyinat aldılar. Məsələn, Nizam Osmanov Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə rəis, Azər Əliyev isə Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinə rəis təyin edildi. Uğursuz komandirlərin yüksək posta təyin olunmaları ictimaiyyət tərəfindən müzakirə mövzusuna çevrilmişdi. Ənvər Əfəndiyevin Quru Qoşunları komandanı təyin edilməsində isə ola bilsin, onun Türkiyədə hərbi təhsil alması və akademiya bitirməsi ilə bağlı ola bilərdi. Yəqin ki, bu təyinatın strukturun yaradılması və Türkiyə ordu modelinə keçid planında faydalı olacağı düşünülüb.

Artıq xeyli vaxtdır, ordudakı bir neçə generalın postundan gedəcəyi barədə informasiyalar dolaşırdı. Ancaq bu sırada Hikmət Mirzəyevin Quru Qoşunlarının komandanı postuna gətiriləcəyi ilə bağlı məlumata heç vaxt rast gəlinməyib. Belə bir ehtimal yox idi. Hesab edirəm ki, Hikmət Mirzəyevin Quru Qoşunlarının komandanı vəzifəsinə gətirilməsi yaxın gələcəkdə onun Baş Qərargahın rəisi postuna hazırlanması üçündür.

Bütün sahələrdə olduğu kimi, orduda da ən önəmli amil kadr məsələsidir. Azərbaycan ordusunda da kadr problemi yoxdur desək, doğru olmaz. Kadr probleminin yaranmasının müxtəlif səbəbləri var. Bəlkə kimsə düşünəcək ki, müharibədəki itkiləri nəzərdə tururam. Qətiyyən. Əlbəttə, müharibədəki itkilərin də təsiri var. Ancaq Azərbaycan ordusunun kadr potensialına ən böyük zərbəni düşmən yox, daxili intriqalar, “Tərtər işi”nə görə aparılan kampaniyalar vurdu.

İctimaiyyətin yaxşı tanıdığı Hikmət Mirzəyevdən başqa hansı generalın adını çəksək, mütləq şəkildə o şəxsin adının müxtəlif arzuedilməz mövzularda hallanacağını görəcəyik. Hətta Hikmət Mirzəyevin belə qaralanması üçün planlı işlər görüldü, saxta məlumatlar yayıldı. Zamanında o məsələnin bu qədər açıb-ağardılmasının zərərli olduğunu deyəndə, bəziləri elə düşünürdü ki, kimlərisə müdafiə edirəm, yaxud da sifariş yerinə yetirirəm.

General Hikmət Mirzəyevin Quru Qoşunlarının komandanı postunda işi çox çətin olacaq. İrad tutanlar tapılacaq ki, Hikmət Mirzəyev o səviyyədə XTQ hazırlayıb, Quru Qoşunlarında işi niyə çətin olsun? Əvvəla, XTQ adından da göründüyü kimi, xüsusidir və oradakı zabit, gizir, əsgər – hər kəsi komandan tanıyır, ən əsası, seçmə hərbi birləşmədir. Quru Qoşunlarında isə seçib-seçilmək anlayışı yoxdur, əlində olan “material”dan istifadə edib nəticə əldə verməlisən.

Bu baxımdan, Hikmət Mirzəyevin işi çətin olacaq. Heç kimə sirr deyil ki, ordudan təxris olunanların sayı artıb. Düzdür, bunu bəziləri yaşla əlaqələndirmək istəyəcək. Lakin məsələ ondadır ki, bu, yaşla yox, cəlbediciliklə bağlı məsələdir. Hikmət Mirzəyev bu məsələni də həll etməli olacaq. Yəni kadrları qoruyub saxlamaq vəzifəsinin də öhdəsindən gəlməli olacaq. Korpus komandirləri Mais Bərxudarov və Kənan Seyidovun keçmişi XTQ ilə bağlıdır. Digər korpuslarda da buna bənzər halların yaşanacağı gözləniləndir.

Hikmət Mirzəyevin Quru Qoşunlarının komandanı postuna təyinatı uğurlu saymaq olarmı? Hesab edirəm ki, Azərbaycanda çox az sayda şəxslərdəndir ki, hansı vəzifəyə təyin etsələr, “uğurlu seçimdir” demək olar. Ancaq ordudakı islahatlar bununla bitməyəcək. Ehtimal ki, XTQ də Quru Qoşunlarının tabeliyinə veriləcək və ciddi kadr islahatları aparılacaq. “Köhnə qvardiya”dan demək olar, heç kim qalmayacaq. Bu proses yəqin ki prezident seçkilərindən sonra başlayacaq.

Səxavət Məmməd

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv