Bu gün sosial şəbəkələrdə ordu rəhbərliyinə və silahlı qüvvələrə qarşı qarayaxma kampaniyaları artıb. Bu kampaniyaların əsas məqsədi əsgərlərimizdə və gənclərimiz döyüş əzmini zəyiflətməkdir.
Yenicag.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, ermənilər tək cəbhədə deyil, həm də sosial şəbəkələrdə ölkəmizə, ordumuza qarşı təxribatlar törədir, qarayaxma kampaniyaları aparırlar:
“Məqsəd də ordumuzda və gənclərimizdə ruh düşkünlüyü yaratmaqdır. Bu işdə onlara ölkə daxilində olan 5-ci kalonun üzvləri yaxından kömək edirlər.
Bu gün 5-ci kalonun üzvlərini nə ordumuz, nə də dövlətimizin müstəqilliyi maraqlı deyil. Onları ancaq öz mənfəəti və müxtəlif yollarla daha çox pul qazanmaq maraqlıdır. Bu gün bizim gənclərimizdə olan vətənpərvərlik və ruh yüksəkliyi erməniləri qorxuya salır.
Ona görə də onlar müxtəlif yalanlarla ordu rəhbərliyinə və ölkəmizə qarşı qarayaxma kampaniyaları aparırlar. Bu şər-böhtan dolu yalanlar Tovuz döyüşləri zamanı gənclərimiz keçirdiyi Qarabağ yürüşündən sonra daha da artdı.
Gənclərimizdəki döyüş həvəsi, torpaqlarımızı işğaldan azad etmə arzusu düşmən ölkənin hər an qorxu içində yaşamasına səbəb olur. Ona görə də onlar müxtəlif yollarla ordumuzu gözdən salmağa və gənclərimizdə döyüş arzusunu öldürməyə çalışırlar.
Amma onlar unudurlar ki, Azərbaycan dövləti qəhrəmanlar ölkəsidir. Yalanlar, şər-böhtanlar heç vaxt ordumuzdakı döyüş əzmini azalda bilməz. Vətəndaşlarımız da bu məsələdə diqqətli olmalıdır. Unutmamalıdır ki, Azərbaycan dilini təmiz bilən çoxlu ermənilər var. Onlar azərbaycanlı profilləri ilə sosial şəbəkələrdə ordu rəhbərliyinə, silahlı qüvvələrimizə və dövlətimizə qarşı əsası olmayan, yalnız şər-böhtandan ibarət olan fikirlər yaymağa çalışırlar. Hesab edirəm ki, bu məsələdə hər birimiz diqqətli, olmalı bu cür təxribatlara uymamalı, ordumuza bu cür qarayaxma kampaniyaları aparanlara qarşı birgə mübarizə aparmalıyıq”.