!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ornela Ramasauskayte: “Mənim üçün Azərbaycan böyük imkanlar ölkəsidir” – MÜSAHİBƏ

!Reklam – Yazi

“Hökumətinizin istifadə etdiyi bir sıra nümunələr və sizdəki səmimiyyət məni çox ruhlandırıb”.

Yenicag.az incəsənətdə beynəlxalq marketinq və investisiya üzrə mütəxəssis Ornela Ramasauskayte ilə müsahibəni təqdim edir.

Arayış:

Ornela Ramasauskayte əczaçılıq, təhsil, ART-bazar üzrə beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə işləmiş 15 illik təcrübəyə malik ekspertdir. Ramasauskayte Avropa Marketinq Konfederasiyasının (EMC) təsis etdiyi və marketinq direktorlarına verilən ən yüksək dərəcə sayılan SMP (Senior Marketing Professional) tituluna malikdir. O, regionda marketinq məsələləri üzrə iki dəfə aparıcı direktorlardan (LiMA) biri təyin olunub və Litva Respublikası hökumətinin aparatı yanında ölkənin imici üzrə Strateji Şuranın fəal üzvlərindən biridir. Bundan başqa, Ramasauskayte Litva Baş nazirinin sabiq ictimai müşaviri və Avropa Şurasının (AŞ) layihəsi olan ERICarts İnstitutunun ekspertidir. Ramasauskayte marketinq, korporativ kommunikasiya və mədəniyyət iqtisadiyyatı üzrə məsləhət verən “artXchange Global” şirkətinin qurucusu və baş direktorudur.

– Xanım Ramasauskayte, xoş gördük. Öncə, müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür etmək istəyirəm. Zəhmət olmasa, izləyicilərimizə ölkəmizlə tanışlığınızın necə yarandığı haqqında məlumat verin. Azərbaycana gəlişinizin məqsədi nədir?

– Məni 2022-ci ilin sentyabrında Bakıda və Şuşada təşkil olunan “Mədəniyyətin iqtisadiyyatı” konfransına beynəlxalq ekspert, həm də əsas məruzəçi qismində Azərbaycana dəvət etmişdilər. Burada qarşılaşdığım insanlar öz intellektləri və səmimiyyətləri ilə məni heyran etdilər. Ölkənizin tarixi və Qarabağın azad edilməsi uğrunda çoxillik mübarizəniz məni sehrləmişdi. Yeri gəlmişkən, mən atəşə tutulan rayonlarınızı da gördüm.

Ən əsası, yerli peşəkarlarla da çox ünsiyyətdə oldum və onların öz ölkələrini necə sevdiklərini, onun inkişafı üçün necə səy göstərdiklərini aydın müşahidə etdim. Çox sevinirəm ki, məni Azərbaycan universitetlərində dərs demək üçün ölkənizə dəvət ediblər və yeni layihələrin necə sürətli, həm də məhsuldar qaydada hazırlandığını görürəm. Bu yetərincə məmnunedicidir və Bakıda daha çox vaxt keçirmək istəyirəm. Şəhər xoşuma gəlir.

– Bakıda olduğunuz müddətdə ürəyinizə dolan hissləri çox aydın şəkildə təsvir edirsiniz. Azərbaycanla bağlı olan və sizin də çalışdığınız yeni layihələr varmı?

– Mən ADA Universitetində eyni vaxtda bir neçə proqramda təlimçi kimi çıxış etdim. UNEC-də tədris etdiyim fənni yeni bitirmişəm və payızda orada müəllim kimi fəaliyyətimmin davam etdirilməsi, həmçinin təhsilin modernləşdirilməsi prosesi ilə əlaqədar müzakirələr aparırıq.

Qazandığım böyük təcrübəni ötürmək üçün kreativ və mədəniyyət sənayelərinə yönəlik layihələrlə bağlı danışıqlar aparıram. Bundan başqa, incəsənətə investisiya yatırılması üzrə təcrübəmdən yararlanaraq yerli ART-bazarın sürətli inkişaf imkanlarını nəzərdən keçirirəm. Çox talantlı insanlarla tanışlıqdan və biznes üçün imkanları gördükdən sonra ölkənizdə iş qurmaq haqqında düşünməyə başladıq.

– Azərbaycana aid layihələrə baxdıqda onların hansının ölkəmizə daha çox faydalı ola biləcəyini düşünürsünüz?

– Bilirsiniz, mən üç istiqamətsdə təhsil almışam: SMP –C səviyyəsində marketinq üzrə ali mütəxəssisəm. Bu dərəcə Avropa Marketinq Konfederasiyası (EMC) tərəfindən verilir. Mən marketinqin inkişafına ciddi ehtiyac olduğunu görürəm. Çünki Azərbaycandakı korporasiyalar və kiçik müəssisələr hələ də gəlir əldə etmək üçün marketinq imkanlarından yararlanmır.

İkincisi, mənim ən böyük həvəsim incəsənətdir. İncəsənətə investisiya qoyuluşu üzrə mütəxəssisəm və əminəm ki, Azərbaycanın incəsənət bazarı böyüyərək dünya miqyaslı ölçülərə yetişəcək. Ona görə də uzunmüddətli perspektivdə pul qazanmağa fantastik imkan yaradılması üçün sizin rəssamlara və qalereyalara marketinq idarəetməsi əsasında kömək etmək çox vacibdir.

Üçüncüsü, mənim universitetdə dərs demək və təhsil idarəetməsi (marketinq, korporativ kommunikasiya, yaradıcılıq sənayesi) üzrə təcrübəm var. Bu işi görməkdən və sizin universitetlərlə əməkdaşlıq edərək təhsil sisteminin inkişafına töhfə verməkdən xoşum gəlir.

Əslən postsovet ölkəsindən olduğum üçün hesab edirəm ki, yerli mentaliteti və problemləri Qərb insanlarından daha yaxşı başa düşərəm.

Mən öz ölkəmin inkişafına istiqamətlənmiş layihələrdə iştirak üçün gözəl imkanlar qazanmışam. Litva Baş nazirinin müşaviri olmuşam, ekspert kimi dəyişikliklər üzrə bir sıra layihələrə cəlb edilmişəm və sair. Hiss edirəm ki, öncül təcrübəmi bölüşə bilərəm. Eyni zamanda, özüm də Azərbaycanda çox şey öyrənə bilərəm. Sizin hökumətin istifadə etdiyi bir sıra nümunələr, eləcə də sizdəki səmimiyyət məni çox ruhlandırıb. Mənim üçün Azərbaycan böyük imkanlar ölkəsidir.

– Ölkəmizdə daha çox nəyi bəyənirsiniz?

– Yuxarıda da dediyim kimi, ölkənizin insanlarını sevirəm. Xoşbəxtəm ki, belə təhsilli, sadiq, müdrik və səmimi insanlarla görüşmək imkanı qazandım. Qloballaşan müasir dünyada səmimiyyət tapmaq getdikcə çətinləşir. Sizin heyranedici və füsunkar milli mətbəxinizə gəldikdə isə bu artıq başqa bir söhbətin mövzusudur. Bir sözlə, bu, qeyri-adidir (gülümsəyir).

İkincisi, Qarabağın tarixi qəlbimin dərinliklərinə qədər nüfuz etməklə yanaşı, həm də sizin xarakterin göstəricisidir. Ölkənizi müəyyən qədər gəzmək imkanım oldu və deməliyəm ki, Azərbaycanın çox gözəl təbiəti var. Eyni zamanda, Bakının müasir rayonlarından, təmiz parklarından, müəllifli memarlıq nümunələrindən və qaynar mədəni həyatından zövq aldım. Tarixin və müasirliyin bir-birinə qarışdığı təzadları çox sevirəm.

Onu da görürəm ki, ölkənizdə inkişafa yönəlik böyük investisiya qoyulur, bir çox gənc mütəxəssislər yüksək vəzifələrə təyinat alaraq intellektual düşüncələrini həyata keçirmək imkanı əldə edirlər.

Avropada çox vaxt biz yaranan problemləri aradan qaldırmağa çalışırıq, siz bu işləri sadəcə doğru icra edirsiniz. Dəyişiklikləri sevən bir insan olaraq hiss edirəm ki, bura mənim ideyalarım üçün imkanların olması və təcrübəmi bölüşməyim, eləcə də sizin ambisiyalardan, ovqatınızdan ruhlanmağım baxımından yaxşı yerdir.

– Universitetlərdə dərs demək təcrübənizə toxunmaq istərdim. Sizin mühazirələr necə keçir və dinləyicilər üçün faydalı olurmu?

– Dərs demək çox xoşuma gəlir. Bu məni hər zaman yeni tendensiyaları izləməyə vadar edir və yerli peşəkarların təcrübəsini öyrənmək imkanı qazanaraq öz dünyagörüşümü genişləndirirəm.

Tələbələrim müxətlif qurumlarda çalışan yaşlılar və MBA-da təhsil alan tələbələrdir. Ona görə də akademik tələbə uyğun olaraq korporativ dünyada və siyasi sferaya aid praktik təcrübəmi bölüşməkdən məmnunam.

Dərindən inanıram ki, təcrübəyə əsaslanan tədris daha faydalıdır. İkincisi, tələbələrə öz işlərində dəyər yaratmağa kömək edəcək tənqidi düşüncəyə, kontekstə daha çox köklənirəm. Çünki “chatGPT” bu yanaşmanı heç vaxt dəyişmir.

– Müxtəlif sahələrə aid təcrübəniz çox faydalı olacaq. Xanım Ramasauskayte, jurnalistikada ilk addımlarını atanlara nə məsləhət verərdiniz?

– Bütün dünyada jurnalistika müxtəlif – informasiyanın yayılma sürəti; manipulyasiya və feyk xəbərlər – çağırışlarla qarşılaşır.

Əvvəla, cəmiyyət faktlar və kontekstlərlə az maraqlanır. İnsanlar konteksti və fərqli baxışları əks etdirməyən informasiyaları kopyalamağa vərdiş ediblər.

Jurnalistlər bizim cəmiyyətin elit təbəqəsinin bir hissəsini təşkil edirlər. Çünki onlar həqiqət axtarışına, təhlil və narrativ axtarışına görə məsuliyyət daşıyırlar. Danışılanlardan isə tarix yaradılır. Onlar bizim düşüncələrimizi, dəyərlərimizi və əqidəmizi formalaşdırırlar. Bu, böyük məsuliyyətdir. Ona görə də mənim ilk tövsiyəm budur ki, onlar öz peşələrinin məsuliyyətini dərk etsinlər. Bu, geniş təhsil, tənqidi düşüncə və yüksək emosional intellekt tələb edir.

İkincisi, jurnalistlər dərin dəyərlərə və mənəvi prinsiplərə malik olmalıdırlar – bu, güclü onurğa deməkdir. Bütün bunlar təhsillə və peşəyə ciddi yanaşma ilə formalaşır. Hər şeyi nəzərə almaq və qəbul etmək lazımdır.

Ümid edirəm ki, jurnalistika cəmiyyətin həqiqətləri öyrənməsinə və bizim bu sürətli, kapitalist dünyamızda mənəvi çərçivələri qorumağa yardımçı olacaq.

Cəmilə Çebotaryova

COP29

www.yenicag.az

3461
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv