!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta məktəb rəhbərliyinin “ƏVƏZEDİCİLƏRİ”: “Bakıdakı 310 məktəbdən yalnız 230-da...”

!Reklam – Yazi

“Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərdə şagirdlər arasında siqaret çəkmə halları 80 faizə qədər azalıb”.

Bu fikirləri “Məktəblinin dostu” layhəsinin məktəblərdə baş verən xoşagəlməz halların azalmasına təsiri haqda danışan təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən layihə Azərbaycanda fəaliyyət göstərən 4500 orta ümumtəhsil məktəbinin hər birində tətbiq olunmalıdır.

“2016-cı ildən etibarən, ölkəmizin təhsil sistemində “Məktəblinin dostu” adlı layihə tətbiq olunur. Layhənin məqsədi tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır.

Bu kimi layihələr dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan keçirilib. Burada əsas hədəf məktəb – təhsil alan – valideyn üçbucağının tərəfləri arasında üfiqi ünsiyyətin qurulması və hədəf olaraq, təhsil alana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır.

“Məktəblinin dostu”nun əsas vəzifəsi şagirdlərin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə, müəllim heyətinə və məktəbliyə ilkin yardım göstərməkdir. Əslində, düşünürəm ki, hətta bu layihənin tətbiqi bir az gecikib. Azərbaycanda təhsil müəssisələri ənənəvi idarəetmədən yeni idarəetməyə keçib. Biz görmüşük ki, məktəbdə idarəçik – direktor, direktor müavini, sinif rəhbərləri vasitəsilə həyata keçirilir.

Amma bu sadaladığımız şəxslər birbaşa tədris prosesinin iştirakçısı olduğu üçün şagirdlərlə geniş şəkildə fəaliyyət göstərmək imkanına malik deyillər. Yəni sinif rəhbəri, yaxud da direktor müavini aktiv tədris prosesinin iştirakçısı olduqlarına görə şagirdlərin bu və ya digər ehtiyacları, asudə vaxtlarının dəyərləndirilməsi ilə bağlı fəaliyyət göstərə bilmirlər.

Orta məktəblərdə hər bir məktəbli ilə ayrı-ayrılıqda onların problemləri, sıxıntılarının həllinə dair işlər effektli şəkildə həyata keçirilə bilmirdi. Amma məktəblinin dostum funksiyasını yerinə yetirən şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün birbaşa məktəbdə sosial fəaliyyəti həyata keçirirlər. Məktəbdə neqativ halların aradan qaldırılmasında onlar müstəsna rola malikdirlər.

Mənim araşdırmalarıma görə, məhz “Məktəblinin dostu” layihəsi tətbiq olunan məktəblərdə şagirdlər arasında siqaret çəkmə halları 80 faizədək azalıb. Həmçinin məktəbə kənar şəxslərin daxil olmasının qarşısı alınıb. Hazırda Bakı şəhərində 310-a yaxın məktəb var və bu məktəblərin yalnız 230-da “Məktəblinin dostu” layihəsi həyata keçirilir.

Hesab edirəm ki, “Məktəblinin dostu” Azərbaycanda fəaliyyət göstərən 4500 orta ümumtəhsil məktəbinin hər birində tətbiq olunmalıdır. Çünki məktəblinin dostu, həqiqətən də, Azərbaycan təhsilinin, müəllim və şagirdinin, valideynin dostudur. Bəzən olur ki, valideynlər uşaqlarını gec götürürlər və həmin vaxt məktəblinin dostu şagirdin təhlükəsizliyini təmin edir.

“Məktəblinin dostu” layihəsində bu işi yerinə yetirənlərin görəcəyi konkret işlər, öhdəliklər, vəzifələr var. Məktəblinin dostu məktəbdə sosial fəaliyyət göstərməklə məşğuldur. Sadəcə olaraq bəzi məktəblərdə direktorlar vəzifələrinin öhdəsindən normal gələ bilmirlər və bu zaman onların fəaliyyət sahəsinə daxil olan məsələləri “Məktəblinin dostu” layihəsinin iştirakçıları yerinə yetirir”.

Nuray Məmmədzadə

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv