Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Orxan Camalın qətlə yetirilməsindən 1 il keçdi

Rusiyalı politoloq-jurnalist, soydaşımız Orxan Camal 2018-ci il iyulun 30-da Mərkəzi Afrika Respublikasında (MAR) iki yoldaşı ilə birlikdə qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi o qanlı hadisədən bir gün sonra ölənlərin jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko olduğunu təsdiqləyib.

Daha sonra məlum oldu ki, onlar MAR-a “Vaqner” özəl hərbi şirkəti haqqında sənədli film çəkmək üçün gediblərmiş.

MAR polisinin verdiyi məlumata görə, cinayətkarlar onların içində olduğu avtomobili çarpaz atəşə tutublar. Adları çəkilən 3 nəfər hadisə yerində həlak olsa da, sürücü bu hücumdan sağ çıxa bilib.

Qeyd olunur ki, MAR-da öldürülən jurnalist Orxan Camal 2018-ci il fevralın 2-dən Rusiyadan sözügedən Afrika ölkəsinə qeyri-qanuni silah ixracı ilə bağlı araşdırmalar aparırdı.

Bu barədə “Dojd” telekanalına güc strukturlarından birinin əməkdaşı və jurnalistin yaxın dostu məlumat verib. Orxan Camal bu araşdırma ilə yanaşı, “Vaqner” özəl hərbi şirkəti haqqında çəkmək istədiyi film üzərində də çalışırdı.

Orxan Camal əslən azərbaycanlı olan alim, filosof və ictimai xadim Heydər Camalın oğludur.

Xatırladaq ki, Orxan Camal sonuncu dəfə Bakıya 2017-ci ilin dekabrında “Yeni Çağ” Media Qrupunun təşkil etdiyi beynəlxalq simpoziumda iştirak etmək üçün gəlmişdi.

Bakıda keçirilmiş həmin simpozium haqqında məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

https://yenicag.az/rusiyanin-aparici-kiv-lerinin-rehberleri-ermenilerdir-orxan-camal/222624/

www.yenicag.az

2371