!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən əsrin ulduzları: Ağır həyat yolları və ölüm səbəbləri – ARAŞDIRMA

!Reklam – Yazi

Ötən əsrin ağ-qara televiziyasında tez-tez filmlərini izlədiyimiz, mahnılarını dinlədiyimiz ulduzların həyatı hər zaman maraq dairəsi olub. Onların həyatı heç də ağ-qara filmlərdə qalmayıb, bəziləri çox keşməkeşli həyat yolu keçərək karyerasının kulminasiya nöqtəsinə çatıb. Lakin o zirvəyə çatana qədər kimləri ailəsini, kimləri sağlamlığını qurban verib, kimləri də narkotikdən asılı vəziyyətə düşüb.

Yenicag.az 20-ci əsrin ən populyar ulduzlarının həyatını və ölüm səbəblərini təqdim edir.

Barbara Stenvik (əvvəlki adı – Rubi Ketrin Stivens) 1907-ci ildə Nyu-Yorkda anadan olub.

Stenvik dövrünün ən populyar aktrisalarından idi. Səhnə, kino və televiziya ulduzu, 60 illik peşə karyerası ərzində güclü, realist və çox yönlü olması ilə tanınıb. Barbara televiziyaya qayıtmadan öncə, 38 il ərzində 85 filmə çəkilib. Nə qədər karyerasında uğurlu olsa da, uşaqlıq və yeniyetməlik dövründə çətin həyat sınaqlarından keçib. Dörd yaşında olarkən valideynlərini itirib, internat tipli müəssisələrdə böyüyüb və hər zaman çalışıb. Onun rejissorlarından biri olan Jak Türnor Barbara haqqında olan müsahibələrdə həmişə qeyd edib ki, o, həyatda yalnız iki şey üçün yaşayırdı: “Stenviki illərdir tanıyıram, onun üçün həyatda iki önəmli şey varsa, ikisi də karyeradır”.

Barbara həyatında 2 dəfə ailə qurub. İlk həyat yoldaşı öz tərəf müqabili Reks Çerriman olub. Zəhərlənmədən ölən ilk həyat yoldaşından sonra Barbara 1928-ci ildə Frenk Feylə evlənib. Lakin bu evlilik heç də xoşbəxt bir şəkildə irəliləmədi, Stenvik bəzi problemlər səbəbi ilə heç vaxt uşaq sahibi ola bilməzdi. Buna görə də 10 aylıq uşağı övladlığa götürürlər. Bir neçə ildən sonra Barbara Hollivudun ən məşhur aktrisası olur, amma həyat yoldaşı Frenk karyerasında uğurlu ola bilmir. Buna görə də evlilik şiddətə dönür və Barbara fiziki işgəncəyə məruz qalır. Məşhur Hollivud ulduzu 20 yanvar 1990-cı ildə ürək çatışmazlığı və xroniki obstruktiv ağciyər xəstəliyindən dünyasını dəyişib. Onun “Stella Dallas”, “Strange Love of Martha Ivers”, “Remember the night” , “Meet John Doe” adlı filmləri hələ də Hollivudun ən populyar ekran işləridir.

Digər ən məşhur, hələ də danışılan Hollivud ulduzlarından biri də Merilin Monrodur (Doğum adı – Norma Cin Mortenson).

O, 1926-cı ildə Los-Ancelesdə dünyaya gəlib. Yaşadığı dövrdə Amerikanın ən populyar aktrisası, müğənnisi və modeli olub. İllərlə kiçik rollarda özünü göstərdikdən sonra “Gentlemen Prefer Blondes”, “How to Marry a Millionaire”, “Some Like It Hot” və “The Seven Year Itch” kimi filmlərdə göstərdiyi komediya bacarığı, cazibəsi və ekrandakı görünüşü ilə 1950 və 1960-cı illərin əvvələrində ən populyar kino ulduzlarından biri olub. Karyerasının sonlarına doğru nailiyyətləri daha da artıb.

Merilinin anası Qledis Perl Beyker şizofreniya xəstəliyindən əziyyət çəkib. Anası psixi klinikaya yatırıldıqdan sonra Merilin yetimxanalarda və ya baxıcıların yanında böyümək məcburiyyətində qalıb. Monronun dayısı Marion da həmçinin həmin xəstəxanaya yatırdılıb və xəstəxanadan çıxdıqdan sonra özünü asıb, nənəsi Della və babası Otis də manik depressiya xəstəliyindən əziyyət çəkiblər. M. Monro yeddi yaşına qədər həddindən artıq dindar bir ailə olan Albert və Ida Bolender cütlüyü ilə yaşayıb.

Daha sonra anası Qledisin bir ev almasıyla təkrar onunla yaşamağa başlamasına baxmayaraq anasının xəstəliyinin ağırlaşmasına görə anasının ən yaxın dostu Qreys Makkinin himayəsi altına girib.

Merilin Monro hələ 16 yaşında olarkən qonşusunun 21 yaşlı oğlu Ceyms Dogteri ilə ailə qurub. Dörd il davam edən evlilikdən sonra boşanıb və “The blue book” agentliyində modellik etməyə başlayıb. O, həmin dövrdə aktyorluq və müğənnilik kurslarına qatılıb və indi ikonikləşmiş olan saçlarını sarı rəngə elə o zaman boyadıb.

Monro qısa zaman ərzində “The Blue Book” şirkətinin ən məşhur modelinə çevrilərək, dəfələrlə maqazin jurnallarının üz qabığı olur. Bu “20th Century Fox”un direktoru Ben Lyonun diqqətini çəkir və onu sınaq çəkilişinə dəvət edir. Bundan sonra onunla 6 aylıq müqavilə imzalayıb. Lyonla əməkdaşlığından sonra Monro “Scudda Hoo! Scudda Hay!” və “Dangerous Years” adlı iki filmə çəkilib. Ancaq hər iki filmin reytinqlərinin zəif olması Merilinin filmlərdən uzaqlaşmasına səbəb olub.

Merilinin karyerasının ən mühüm filmi, onu məşhurluğun zirvəsinə aparan Billi Vilderin rejissorluğu ilə 1959-cu ildə çəkilən “Some Like It Hot” filmi olub. Monro bu filmdəki aktyor qabiliyyətinə görə Qızıl Qlobus mükafatı qazanıb. Ancaq bu filmdə Monronun bacarığı ilə bərabər pərdə arxasında yaşanan hadisələr su üzünə çıxmağa başlayıb. Özəlliklə Monronun çəkilişlərə həmişə gecikməsi, sözləri unutması, zamanla otağından çıxmaq istəməməsi və çəkilişlərə qatılmaması rejissor Billi Vilder ilə münasibətlərinin korlanmasına səbəb olub. Bunlardan başqa, hamilə olduğunu anlayan Monro filmin çəkilişləri tamamlanandan sonra uşağını itirib. Kino ulduzunun “Let’s Make Love” filmi isə kritik və ticari baxımdan uğursuz olub. Amma yenə də filmdə səsləndirdiyi “My Heart Belongs to Daddy” mahnısı xit olub. Bu filmdə rol yoldaşı Iv Montan ilə qısa və yasaq münasibət yaşayıb.

Merilin, daha sonra ssenarisini əri Artur Millerin yazdığı 1961-ci il istehsalı “The Misfits” filmində Klark Qeybl ilə birlikdə başrolda oynayıb. Film boyunca Monronun psixoloji və fiziki problemləri, alkoqol və dərman asılılığı, iki dəfə yorğunluq və əsəb pozğunluğu səbəbilə xəstəxanaya yatması, çəkilişlərə tez-tez gecikməsi çox böyük probləmlərə yol açıb və izləyicilərin diqqətini çəkib. Bir neçə il sonra Monro yoldaşı Artur Millerdən boşanıb. Boşanmadan sonra depressiya səbəbi ilə Peyn Uitni Psixiatrop Klinikasında yatıb.

1962-ci ildə “Something’s Got to Give” adlı komediya filmində oynamağa qərar verir və bu film eyni zamanda Monronun ilk çılpaq səhnələrinin olacağı film idi. Ancaq film boyunca xəstə olduğunu irəli sürən və eşq yaşadığı irəli sürülən C. F. Kennedinin ad günü üçün mahnı oxumağa getməsinə görə “Fox” şirkəti tərəfindən filmdən qovulur, müqaviləsi ləğv edilir və hətta film şirkəti tərəfindən təzminat davası açılır. “Fox” şirkəti filmi tamamlamaq üçün Lee Remick ilə müqavilə imzalamasına rəğmən, filmdəki rol yoldaşı Din Martinin başqası ilə oynamaq istəmədiyini bildirdikdən sonra Monronu geri çağırırlar. Ancaq film çəkilişlərinin təkrar başlamasına az qala Monro yüksək dozada sakitləşdirici qəbul edərkən 5 avqust 1962-ci ildə Brentvud, Los-Ancelesdəki evinin yataq otağında hələ 36 yaşında ikən həyatdan köçür.

Ölümün ardından fərqli fikirlərin irəli sürülməsi və yüksək dozda Barbitürat alımı nəticəsində intiharın elan edilməsinə qarşı, hadisə yerində dəlil çatışmazlığı, klinik testlər üçün götürülənlərin sonradan yoxa çıxması və başda köməkçisi Eunice Murrey olmaqla hadisə şahidlərinin fərqli ifadələri ölüm səbəbinin cinayət olduğuna və siyasi səbəblərdən Cia, Mafiya və Kennedi ailəsinin buna səbəb olduğuna dair bir çox təsdiq olunmamış fərziyyələr ortaya atılıb.

Ölümü hələ də müəmmalı qalan uğurlu Amerikan aktrisalardan biri də Natali Vuddur.

N. Vud 1938-ci ildə San-Fransiskoda anadan olub. O, ilk karyerasına 4 yaşında başlayıb.

Vud iki dəfə eyni insanla ailə quraraq ictimaiyyətin daima maraq dairəsində olub. Natali Robert Vaqner adlı şəxslə ilk dəfə 1957-ci ildə ailə qurub. 1962-ci ildə cütlük boşandıqdan sonra Vud 1969-cü ildə Riçard Qreqson adlı prodüserlə evlənib. Bu evlilikdən onların Nataşa adlı bir qızı dünyaya gəlib. Lakin onlar çox yola gedə bilməyib və 1972-ci ildə boşanıb. Bu ərəfədə Natali keçmiş həyat yoldaşı Robertlə arasını düzəldir və onunla yenidən evlənir. 1974-cü ildə onların Kortni adlı qızı dünyaya gəlir.

Həmin illər ərzində Vud gənc yaşlarında bir aktyor tərəfindən dəfələrlə təcavüzə uğradığını iddia edib. Hətta 2018-ci ildə bacısı Lana Vud onun həyatı haqqında olan 12 hissəlik podkastları zamanı təcavüz iddilarını doğrulayıb, həmçinin Natalinin karyerası boyu dəfələrlə kişi həmkarları tərəfindən narahat edildiyini bildirib.

29 Noyabr 1981-ci ildə Natali Vud müəmmalı şəkildə dünyasını dəyişib. Belə ki, o həyat yoldaşı ilə qayıq səyahəti zamanı boğularaq ölüb. Lakin bu günə kimi hələ də, onun niyə çaya yıxıldığı, necə boğulduğu haqqında heç bir məlumat yoxdur. Bundan əlavə, onun cəsədinin ekspertizası zamanı, bədənində qançırlar və sıyrıqlar müşahidə olunub. Həyat yoldaşı ölümü ilə bağlı bildirib ki, sərxoş vəziyyətdə qayığa çıxmaq istəyərkən yıxılıb və dünyasını dəyişib. Amma bacısı və dostlarının dediyinə görə, Vud hər zaman sudan qorxub və bu, mümkün deyil.

Natali Vudun karyerası ərzində ona ən çox şöhrət gətirən “Westside story”, “Miracle on 34th street” və “Brainstorm” filmləri dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

Biz də hər zaman ulduzların həyatına baxaraq, onlardan biri olmaq istəyirik. Milyonlar qazandıqlarını görüb paxıllıq hissinə qapılırıq. Ancaq məşhurların həyatı heç vaxt göründüyü qədər xoşbəxt və lüks içində olmur. Sadalanan sənətçilərdən başqa, xeyli həyatı məhv olmuş, müəmmalı şəkildə öldürülmüş və ya hərşeyini itirmiş tanınmışlar da var.

Məsələn, hal-hazırda dünyanın ən məşhur modellərindən biri olan Kara Delevin narkotik asılılığından əziyyət çəkir.

İnsanın ağlında sual yaranır: Niyə bütün dünyanın tanıdığı ulduzların çoxu narkotik aludəçisidir və ya müxtəlif qalmaqallarla gündəmə gəlir? Axı, onların hər şeyi var. Əslində isə, şöhrət və pul hər zaman ən böyük uğur olmur.

Şahanə Paşa

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv