!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Övladından məhrum olmaq təhlükəsi ilə üzləşən ana Mehriban Əliyevadan kömək istədi

!Reklam – Yazi

Azərbaycan vətəndaşı ilə rəsmi nikahda olan Moldova vətəndaşı Hasan Ecaterina qeyri-rəsmi nikahdan olan övladının atası tərəfindən əlindən alınması təhlükəsi ilə üzləşib. Əlacsız qalan ana Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Yenicag.az müraciəti təqdim edir:

“Hörmətli Mehriban xanım!

Hər şeydən öncə, qadına məxsus olan dərin mərhəmət və analıq hissinizə sığınaraq bir ana kimi çarə olaraq üzümü Sizə tuturam. Azərbaycan Respublikasının dəyərlərinə və qanunlarına sadiq olaraq yaşamaqdan məmnunluq duyan bir xarici vətəndaş kimi Sizi yeganə ümid yeri hesab edirəm.

Mən, Hasan Ecaterina vətəndaşı olduğum Moldova Respublikasının qanunlarının tələblərindən ehtiyat edərək hazırda övladımı itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmaqdan dərin narahatlıq hissi duyuram. Belə ki, qızım Almaree Malikanın atası Almaree Wael tərəfindən psixoloji təzyiqlərə məruz qalmaqdayam. Təqribən 10 il əvvəl Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan biznesmen Almaree Wael Suleymanla tanış olmuşam və bir ildən çox vətəndaş nikahında yaşamışam. 18 avqust 2014-cü ildə vətəndaş nikahından qızım Malika dünyaya gəlmişdir. Almaree Waellə birgə yaşadığımız zaman ərzində mənə qarşı göstərdiyi aqressiya, psixoloji təzyiq, habelə onun qeyri-stabil psixoloji vəziyyəti, açıq-aşkar xəyanətləri aramızdakı münasibətin artıq əvvəlki kimi davam edə bilməyəcəyinə dair məndə əminlik yaratdı.

Qızımın vətəndaş nikahından doğulması səbəbindən 2015-ci ildə Moldova Respublikasının birinci instansiya məhkəməsi tərəfindən uşağın yaşayış yerinin müəyyən olunmasına dair iddia tələbim təmin olunmuşdur. Daha sonra, Almaree Wael güclü maliyyə və siyasi dəstəyindən istifadə edərək həmin qətnamənin ləğv edilməsinə nail olmuşdur. Körpə uşağımı qeyri-qanuni yollarla əlimdən alaraq uzun müddət ərzində məndən gizlətmiş, məni ünsiyyət hüququmdan məhrum etmişdir.

Bildirmək istəyirəm ki, 2018-ci ildə rəsmi olaraq Azərbaycan Respublikasının millət vəkili Ramil Həsənlə nikaha daxil olmuşam və bu nikahdan 04 mart 2019-cu il tarixində Hasan Aksel adında övladımız dünyaya gəlmişdir və o da Azərbaycan Respublikasının vətəndaşıdır. 2020-ci ilin fevral ayında qanunlara uyğun olaraq öz övladlarımla birgə Azərbaycan vətəndaşı olan həyat yoldaşımın yanına gəlmişəm. Hazırda xoşbəxt ailə həyatı sürürük. Bunu da xüsusilə bildirmək istəyirəm ki, birinci övladımın atası Almaree Waelin bizə qarşı göstərdiyi təzyiqlər biz ailə qurduqdan sonra övladımın əlimdən alınması təhdidlərinə çevrilərək ən yüksək həddə çatmışdır.

Belə ki, 07 iyun 2021-ci il tarixində Azərbaycanda yaşadığım ünvana polis, icra məmurları, vəkil və jurnalistlər tərəfindən qanunsuz şəkildə, heç bir icazə olmadan çəkilişlə bərabər daxil olmağa cəhd göstərilmişdir.

Onu da bildirmək istəyirəm ki, Almaree Wael kriminal reputasiyaya sahibdir. Bunu sübut edən faktlardan biri də, onun birinci həyat yoldaşına qarşı göstərdiyi həqarətlər və etdiyi təcavüzlər barədə kütləvi informasiya vasitələrində yazılan məqalələrdir. Hətta bu faktları əks etdirən məqalələr digər Avropa ölkələrinin jurnalistləri tərəfindən dərc olunmuşdur. Hazırda adıçəkilən şəxsin maliyyə imkanları və siyasi dəstəyinin yetəri qədər yüksək olmasını nəzərə alaraq Azərbaycanda belə mən və uşağım qoxu içində yaşamaqdayıq.

Bugünədək bir ana kimi övladımın fundamental ehtiyaclarını hər zaman təmin etməyə nail olmuşam, onun anadan olandan bu günə qədər bütün qayğısını özüm çəkmişəm. Qızımı anamın və bacımın yardımı ilə, Almareenin iştirakı olmadan böyütmüşəm.

Bildirmək istəyirəm ki, mən övladımın atası Almaree Wael ilə Azərbaycan Respublikasının müdafiəsi çərçivəsində görüşməsinə etiraz etmirəm. Lakin ən böyük qorxu və narahatçılığım onun dəfələrlə göstərmiş olduğu cəhdlərinin baş tutması, övladımın məndən alınaraq ona verilməsi ehtimalıdır. Çünki Apelyasiya Məhkəməsinin uşağın atasının himayəsinə verilməsi haqqında qərarından sonra övladımla ünsiyyət hüququmun olmasına baxmayaraq o, hələ biz Moldovada yaşayan zaman qızımı uşaq bağçasından götürüb onunla görüşməyimə və əlaqə qurmağıma mane olmuşdur. Mən uşağımı görə bilmək üçün onun evinin qapısında günlərlə gecələmişəm. Lakin Moldova Ali Məhkəməsinin qərarı ilə aşağı instansiya məhkəməsinin qərarı ləğv edildi və o, övladımı mənə qaytarmağa məcbur oldu. Bu yaşadığım dəhşətləri xatırlamaq istəməsəm də, hər dəqiqə qorxu içində yaşayıram.

Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirik ki, 4 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsi Moldova Respublikasının qeyri-qanuni qərarını tanımamış, bir övladın anasından ayrılmasının Azərbaycan Respublikasının qanunları çərçivəsində qarşısı alınmışdır. Bu isə Azərbaycan Respublikasının milli mənəviyyatından irəli gələrək ailə institutuna verdiyi dəyərin göstəricisidir.

Xüsusilə qeyd etmək istəyirəm ki, övladımın atası Almaree Wael Azərbaycan Respublikası Ali Məhkəməsinin bu Qərarını ləğv etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəsmən müraciət etmişdir və 1 iyul 2021-ci il tarixində bu Qərara Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən baxılacaqdır.

Dəyərli Mehriban xanım!

Azərbaycan Respublikasına və onun qanunlarına hörmət edən və Azərbaycan Respublikasının qanunlarına inanan bir şəxs kimi keçən il həyat yoldaşımla bərabər Azərbaycan Respublikası ərazisində yaşadığım andan etibarən ölkənizi öz ölkəm olaraq qəbul etmək istəyimi və həyat yoldaşımla oğlumun da Azərbaycan Respublikasının vətəndaşı olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının müvaqfiq orqanlarına Azərbaycan Respublikasının vətəndaşlığını almağımla bağlı müraciətlər də ünvanlamışam. Müraciətlərimin müsbət nəticələnəcəyi təqdirdə bununla qürur duyacağıma və Azərbaycan Respublikasının sadiq vətəndaşı olmağımla böyük fəxr hissi keçirəcəyimi şərəf hissi ilə Sizə bildirmək istəyirəm.

Hörmətli Mehriban xanım!

Ən böyük qorxum Azərbaycan Respublikasının Ali Məhkəməsinin Qərarının ləğv edilməsi ilə qarşı-qarşıya qalmağım və bununla da, hər an övladımı itirmək təhlükəsidir.
Sizdən xahiş edirəm ki, yuxarıda yazdıqlarımı nəzərə alaraq mənim ana fərydımı eşidib altı yaşlı övladımın anası və azyaşlı qardaşı ilə böyüməsini, sağlam ailə bütövlüyümüzün qorunmasını təmin edəsiniz. Sizin həm bir ana, Həm də Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti olaraq mənim ana fəyyadımı duyacağınıza və bu istiqamətdə bir böyüyümüz, qayğıkeş bir ana olaraq köməklik göstərəcəyinizə ürəkdən inanıram.

Dərin hörmətlə, Hasan Ecaterina”

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv