!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özəlləşdirmə çeklərinə maraq yenidən ARTIR: "Vətəndaşlar ucuz qiymətə satmasın" - RƏY

!Reklam – Yazi

Vüsal Əliyev: “Vətəndaşlar sahib olduqları özəlləşdirmə çeklərini saxlamalıdır”.

Elçin Bayramlı: “O vaxtkı özəlləşdirmədə heç nə əldə etməyənlərin siyahısı tutulmalı, onlara özəlləşdiriləcək dövlət əmlakından səhmlər formasında hissə verilməlidir”.

Ötən əsrin 90-cı illərində Sovet dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vətəndaşların haqqı olan vəsaitlərin onlara paylanması məqsədilə özəlləşdirmə çekləri paylandı. Qeyd edək ki, 1996-cı il yanvarın 1-dən Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına başlanılıb. Qiymətli kağız kimi qeydiyyatdan keçən 32 milyon özəlləşdirmə çekindən 31,9 milyonu vətəndaşlara paylanılıb.

Mövzu ilə bağlı hüquqşünas Vüsal Əliyev Yenicag.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çekləri ilə bağlı müzakirələrin aparılmasının bir nəticəsi olmalı və ədalətli qərar qəbul olunmalıdır:

“Qanunvericiliyə əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. İnsanlar çekləri həm alıb-sata, həm də həmin çeklərlə özəlləşdirmə prosesində iştirak edərək müəssisələrdə pay sahibinə çevrilə bilərdilər. Sön dövrlər özəlləşdirmə çekləri ilə bağlı yaranan vəziyyət və əlində çeki qalmış insanlarda olan nikbin münasibət məsələni hələ də aktual saxlayıb. Özəlləşdirmə çeklərinin yenidən tədavülü vətəndaşların mülkiyyət hüququ kimi məsələlərdə daha aktiv fəaliyyət göstərməsinə müsbət təsir edə bilər. Əksər ekspertlərə görə, bu çeklər yenidən tədavülə buraxılmayacaq. Çünki əvvəlki dövr ərzində müxtəlif islahatlar aparılıb, dövlətin mülkiyyətində olan planlama iqtisadiyyatına məxsus o dövrkü müəssisələrin çoxu artıq fiziki olaraq mövcud deyil və sahibkarlar tərəfindən onların əvəzinə yeni müəssisələr, təşkilatlar inşa edilib. Lakin bir hüquqşünas kimi hesab edirəm ki, istənilən dövlət tərəfindən vaxtilə verilmiş qiymətli kağız heç bir zaman adi kağıza çevrilməyib.

Özəlləşdirmə çeklərinin tədavülünün dayandırılması ilə bağlı müvafiq fərmanın olmasına baxmayaraq, bu gün sözügedən məsələ ilə bağlı müzakirələrin aparılmasının bir nəticəsi olacaq. Ona görə də vətəndaşlar sahib olduqları özəlləşdirmə çeklərini saxlamalıdır. Bəzi qrup və ya şəxslərin sifarişli düşüncəsi ola bilər ki, özəlləşdirmə çekləri adi kağız parçasıdır və vətəndaşlar onu tullamalıdır. Bu gün qara bazarda bəzi yerlərdə özəlləşdirmə çekləri 3-4 manata satılır. Bu, çeklərin vətəndaşlardan bu və ya digər şəkildə alınması üçün provakasiya da ola bilər. Belə ki, çeklərin tədavülü ilə bağlı hansısa qərar qəbul olunarsa, ucuz qiymətə çek sahibi olanlar əllərinə düşən imkandan yararlana bilər. Çünki özəlləşdirmə çekləri ilə bağlı qərarın qəbul olunması ehtimalı yüksəkdir. Vətəndaşlara tövsiyəm budur ki, çeklərini evlərində saxlasınlar və ucuz qiymətə satmasınlar.

Məlumdur ki, hazırda yeni dövr və inkişaf mərhələsi yaranmaqdadır. Bu baxımdan, kifayət qədər irimiqyaslı xarici investorların, şirkətlərin və yerli olan böyük sahibkarların özəlləşdirmə prosesində iştirakı yüksək səviyyədə təşkil oluna bilər. Əgər gələcəkdə vətəndaşların əlində olan 20 faizdən artıq özəlləşdirmə çekləri qanunla dövriyyəyə buraxılarsa, fərdi sahibkarlar hansısa ərazinin özəlləşdirilməsində rahat iştirak edə bilərlər. Ona görə də özəlləşdirmə çeklərinin bir qiymətli kağız kimi mahiyyətini dərk etmək lazımdır”.

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı isə öz növbəsində qeyd edib ki, özəlləşdirmə çeklərinin aqibətini müəyyən edən addımlar atılmalı və çağrışlara qarşılıq verilməlidir:

“Son vaxtlar çeklərlə bağlı çağırışların artması müşahidə olunur. Çünki o vaxtı özəlləşdirmə çekləri ilə bağlı aparılan proses ədalətli olmayıb. Nəticədə, adi vətəndaşların böyük əksəriyyəti heç bir şeyi özəlləşdirə bilmədi, ölkənin özəlləşdirməyə çıxarılan bütün əmlakı vəzifəli şəxslərin əlində cəmləndi. Beləliklə, özəlləşdirmə çekləri kampaniyası tam iflasa uğradı. Bu isə kobud hüquq pozuntusudur və vətəndaşların pozulmuş hüquqları, ədalət hansısa formada bərpa olunmalıdır. O vaxtkı özəlləşdirmədə heç nə əldə etməyənlərin siyahısı tutulmalı, onlara özəlləşdiriləcək dövlət əmlakından səhmlər formasında hissə verilməlidir. Hazırda demək olar ki, ölkədəki bütün obyektlər və əmlaklar hüquqi və mənəvi olaraq vətəndaşlarındır. Bu baxımdan, o vaxtı baş verən boşluqlar təkrarlanmamalı və əlində çeki qalan şəxslərin hüququları bərpa olunmalıdır”.

Qeyd edək ki, özəlləşdirmə çekləri ilə bağlı minlərlə ailə adından ölkə başçısı İlham Əliyevə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova, iqtisadiyyat naziri Mikayıl Cabbarova, ədliyyə naziri Fikrət Məmmədova və Milli Məclisin deputatlarına açıq məktub ünvanlanıb.

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv