PA rəsmisi seçki ilə bağlı nöqtəni qoydu: “…artıq mümkün deyil”

“Azərbaycanın böyük inamla qədəm qoyduğu 2020-ci il ictimai-siyasi, sosial-iqtisadi həyatın son dərəcə canlanması, cəmiyyətin bütün təbəqələrinin fəallaşması, Prezident İlham Əliyevin xalqımızı daha sanballı qələbələrə və uğurlara aparan dövlət siyasətini həyata keçirmək yolunda cəsarətli addımları ilə başladı. Sözsüz ki, yeni ildə hökm sürən bu ab-hava vətəndaşlarımızda ölkəmizin daha işıqlı gələcəyinə inamı artırıb”.

Yenicag.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov öz məqaləsində Azərbaycanda keçirilən son parlament seçkilərindən yazarkən bildirib.

“Azərbaycan xalqına ləyaqətlə xidmət edən, bütün sahələrdə islahatları şüurlu seçimə çevirən və bu islahatların alternativinin olmadığını bildirən dövlət başçısı İlham Əliyev Azərbaycanı elə bir inkişaf nöqtəsinə çatdırmış, elə relslər üzərinə qoymuşdur ki, buradan ancaq irəliyə, tərəqqiyə, müstəqilliyimizin əbədiliyinə doğru getmək olar. Yerində saymaq, geriyə dönmək artıq mümkün deyildir”, – deyən S.İsmayılov qeyd edib ki, bu il fevralın 9-da ölkəmizin demokratik inkişaf tarixinə yeni səhifə yazıldı:

“Tam şəffaf və demokratik şəraitdə keçirilən, 59 beynəlxalq təşkilatın və 58 ölkənin 900-ə yaxın müşahidəçisinin izlədiyi parlament seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi. Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi. İnanırıq ki, VI çağırış Milli Məclisi formalaşdıracaq deputatlar onlara bəslənən ümidləri tam doğruldacaq, Azərbaycanda islahatların uğurla davam etdirilməsinə, qanunvericiliyin ölkənin artan inkişaf sürətinə uyğunlaşdırılmasına, hüquqi dövlətin daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər.

Xalqımız nikbindir, ümidlidir, arxayındır. Çünki Azərbaycanın sürətlə irəlilədiyi inkişaf və tərəqqi yolu onu daha böyük qələbələrə aparacaq, dərin islahatlar çox yüksək nəticələr verəcək, iqtisadi və hərbi qüdrətimiz daha da artacaq və nəhayət, bu nailiyyətlər torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəkdir”.

COP29