“Pakistan, Türkiyə və Azərbaycanın olduğu yerdə sülh bərqərar olacaq” – Hərbi ekspertdən Əfqanıstan TƏXMİNİ
“Bəzi insanlar Əfqanıstanın əhəmiyyətini bilmir, ona görə də, müxtəlif suallar səsləndirirlər. Əfqanıstan karvan yollarının kəsişməsində yerləşir, enerji daşıyıcıları məhz oradan keçir. Əfqanıstan almaz, qaz, neft, filiz yataqları ilə zəngindir. Ona görə də, tarix boyu bütün sərkərdələr Əfqanıstanı işğal etmək istəyib”.
Bu sözləri Əfqanıstanda baş verən hadisələr, tarix boyu yaşanan olaylar və Əfqanıstanı gözləyən gələcəklə bağlı mülahizələrini bölüşən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazov öncə Əfqanıstanın “Taliban” tarixi haqqında danışıb:
“Əfqanıstan 1919-cu ildə müstəqilliyini elan edib. Birinci Əfqanıstan Rusiyanının müstəqilliyini tanıyıb, Əmənullah xanın rəhbərliyi altında monarxiya quruldu, eyni zamanda da Rusiya Əfqanıstanı müstəqil dövlət kimi tanıyıb. Əfqanıstan bundan sonra inkişaf etməyə başlayıb. Ölkə daxilində rəngarənlik var. Ona görə də daim orada müxtəlif millətlərin toqquşmaları baş verir. Əmənullah xanın devrilməsindən sonra hakimiyyətə Məhəmməd Zahir şah gəldi və o da 40 ilə yaxın ölkəyə rəhbərlik etdi. Məhəmməd Zahir şahın dövrü Əfqanıstan tarixində sabitliyin, əmin-amanlığın qızıl dövrü kimi səciyyələndirilir. 1970-ci illərin sonunda Əfqanıstanda bir neçə dəfə dövlət çevrilişi baş verdi. Əvvəlcə, ölkədə sosialist dövlət quruldu, ardınca isə Əfqanıstan Sovet İttifaqının protektoratına çevrildi. 1978-ci ildə Əfqanıstan Xalq Demokrat Partiyası (Kommunist) hərbi çevrliş edərək hakimiyyəti ələ aldı.
O dövrdən başlayaraq ölkədə sosialist üsul-idarəsi tətbiq edildi. Feodal, dini cərəyanların güclü olduğu bir yerdə belə quruluş davam gətirə bilməzdi. Bu da özlüyündə Əfqanıstanda vətəndaş müharibəsinə gətirib çıxardı. Mövcud kommunist rejiminə qarşı hər kəs ayağa qalxdı. Bununla da mərkəzi hakimiyyət Moskvaya müraciət etdi. 1979-cu ildə ABŞ-nin qurduğu plana əsasən SSRİ Əfqanıstana hərbi müdaxilə etdi. Bu dövrdə İranda da çevriliş baş verdi. SSRİ İranla yanaşı ABŞ-ni yaxın şərqdən çıxarmaq üçün Əfqanıstana girməli oldu. Ən böyük səhv ondan ibarət oldu ki, geridə qalmış ölkəyə sosialist ideyalar tətbiq etməyə başladılar. Bundan əfqan xalqı narazı idi. Bundan istifadə edən din xadimləri, ərəb ölkələri, qərb ölkələri mücahidlərə yardım etdilər. 10 ilə yaxın müharibə aparıldı və SSRi görəndə ki heç bir nəticə əldə edilmir, oradan qoşununu çıxardı. Orada Nəcibullanın rəhbərliyi ilə kommunist rejimi qaldı. 3 ilə yaxın onlar hakimiyyətdə oldu. Komunist rejim devriləndən sonra Nəcibulla BMT-nin qərargahına sığındı. Bir müddət sonra Nəcibulla yaddan çıxdı, ölkə daxilindəki qruplar bir-birini yeməyə başladılar. Bundan bezən xalq, orada olan biznesmenlər yeganə bir qüvvənin meydana gəlməsini arzuladılar və bunun üçün çalşdılar.
Pakistan xüsusi xidmət orqanlarının dəstəyi ilə Əfqanıstan-Pakistan sərhədləri yaxınlığında 200 mindən artıq talib (tələbə) yetişdirildi. Bu tələbələr “Taliban” hərəkatı yaratdılar. Onlar 1994-cü ildə Qəndahar şəhərini, 1996-cı ildə Kabil şəhərini aldılar. Taliblər Əfqanıstanın 90 faizinə hakimiyyəti tam bərqərar etdilər. Onlara qarşı yalnız Pəncşir əyalətinin lideri Əhməd Şah Məsud dirəndi. “Taliban” onunla gah vuruşurdu, gah da əməkdaşlıq edirdi. “Taliban” Əhməd Şah Məsudu bir əfqan, vətəndaş kimi qəbul edirdi. “Taliban” hakimiyyəti zamanında Əfqanıstanda əmin-amanlıq bərpa oldu. Yollarda quldurluq, talançılıq aradan qalxdı. Ən əsası, narkotikin becərilməsi və satılması minimuma endirildi. Onların zərərli adətləri də ləğv edildi. Bunlar fərziyyə yox, BMT-nin hesabatlarında da öz əksini tapıb.
“Əl-qaidə” lideri Üsamə Bin Ladenin Əfqanıstanda olması, ABŞ-nin onu axtarışa verməsi, əfqanların isə milli adət ənənəyə görə onu ABŞ-yə təhvil verməməsi Amerikanın əlinə bəhanə verdi ki, Əfqanıstana girsin. Mənə görə, Əfqanıstana bu hücum növbəti xaç yürüşü idi”.
Hərbi ekspert ABŞ hərbçilərinin də ölkədə böyük korrupsiya əməllərinə yol verdiyini qeyd edib:
“Taliblər şəhər mərkəzlərindən çıxaraq dağlara, ucqar kəndlərə çəkildilər. Beləliklə, ölkədə iki hakimiyyətlilik hökm sürürdü. Şəhərlərə hökumət qoşunları, kəndlərə və dağlara isə “Taliban” nəzarət edirdi. “Taliban” bir gün də olsun mübarizəsindən çəkilmədi. “Taliban” narkotikdən, tikintilərdən, ticarətdən öz payını alırdı. Bundan əlavə, islam fondları da onlara dəstək verirdi. Silahı isə Rusiya onlara satırdı. Necə ki, ABŞ SSRİ Əfqanıstana girəndə rusların başına bu oyunu gətirmişdi, eynisini də Rusiya Qərbin başına gətirdi. ABŞ Əfqanıstana girəndən bir neçə il sonra başa düşdü ki, burada qala bilməyəcək, ona görə də danışıqlara başladı. ABŞ-nin şərti o idi ki, mərkəzi hakmiyyət yerində qalsın, “Taliban”ın isə şərti onların ölkədən çıxması, hakimiyyətə özlərinin gəlməsi idi.
ABŞ-nin dəstəyi ilə hakimiyyətə gələn mövcud iqtidar da korrupsiya burulğanında boğulurdu. Əfqanıstan siyasi elitası və şəhər camaatı da mövcud hakimiyyətə qarşı çıxmağa başlamışdı.
Son 20 il ərzində Pentaqonun 849 milyard dollar xərci çıxıb. Əfqanıstan təhlükəsizlik qüvvələrinin formalaşmasına 80 milyarddan artıq pul xərclənib. Ancaq ortada heç nə yoxdur. Kağız üzərində hər şey var, reallıqda isə heç nə yoxdur. Burada ABŞ məmurlarının maraqları olub və pullar yeyilib. Mövcud hesabatda 342 min nəfər təhlükəsizlik qüvvələrinin adı gedir. Yoxlama zamanı 240 min adam üzə çıxmır. 100 mindən artıq təhlükəsizlik qüvvəsi ümumiyyətlə yoxdur.
ABŞ düşünürdü ki, 3 ay ərazində ərazidən çıxacaqlar, əfqan ordusu “Taliban”ın qarşısında dura biləcək. Ancaq Taliban qısa zamanda Kabili götürdü. Bütün briqadalar, dviziyalar “Taliban”a tabe oldular. Çünki mərkəzi hökumət onlara ayrılan milyardları yeyirdi. Əsgərin yeməyə çörəyi yox idi, maaş ala bilmirdi. ABŞ-nin adamı sayılan bütün genarallar ya qaçdı, ya da “Taliban” tərəfinə keçdi. Bunlara görə də 300 minlik qoşun 70 minlik “Taliban”ın qarşısında duruş gətirə bilmədi. Ən sonunda, ABŞ və qərb mətbuatı yazmağa başladı ki, “Taliban” Kabilə girəndən sonra qarışıqlıq yaratdı. Əksinə, Kabildə qarşıqlıq yaradan ABŞ qüvvələridir. İşi təşkil edə bilmədilər”.
Tərlan Eyvazov Əfqanıstanda xidmət edən Türkiyə və Azərbaycan hərbçilərnin əsl sülhməramlının necə olduğunu bütün dünyaya göstərdiyini söyləyib:
“Erməni və Rusiya mətbuatı belə bir informasiya yaydılar ki, guya “Taliban” Türkiyənin orada olmasından narazıdır. Azərbaycan sülhməramlılarının və Türkiyənin orada olmasının “Taliban”la razılaşdırıldığını düşünürəm. Hakimiyyətə gəlmək asandır, onu qorumaq isə çətin. ABŞ, Kanada, Fransa və digər ölkələrin qoşunlarından fərqli olaraq Türkiyə və Azərbaycan qoşunlarına həmişə orada böyük hörmət olub. Əsl sülhməramlının necə olduğunu Türkiyə və Azərbaycan orada göstərir. Düşünürəm ki, Türkiyə və Azərbaycan sülhməramlıları hələ bir müddət də orada qalacaqlar. Bu, gələcəkdə dünyanın tanıyacağı “Taliban” höküməti ilə əməkdaşlığı vacib edəcək. Burada əsas məqam ondan ibarətdir ki, Pakistan, Türkiyə və Azərbaycan Qarabağda qalib gəldi. Burada isə bilavəsitə “Taliban”ın yaradıcısı və dəstəkçisi Pakistandır. Pakistanın, Türkiyə və Azərbaycanın olduğu yerdə sülh bərqərar olacaq.
İstər ABŞ rəsmiləri, istər Almaniya kansleri Angela Merkel açıq şəkildə deyirlər ki, ora qoşun yetiməkdə səhv etmişik. Ermənilər çalışır ki, Azərbaycanla sərhədə fransız, alman qoşunu gəlsin. Əminəm ki, Əfqanıstanda baş verənlərdən sonra hansısa qərb ölkəsi şərq regionuna qoşun göndərməyəcək.
Bəziləri iddia edir ki, Taliban İŞİD kimi başqa ölkələrin ərazilərinə sıçrayacaq. Bu, gülüncdür. Onlar açıq bildirir ki, hədəfləri yalnız Əfqanıstan, yəni öz ölkələridir. Unutmayaq ki, Talibanla İŞİD bir birinə düşməndir”.
Səxavət Məmməd