!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlament sədri hansı ölkələrin Şimali Kipri tanıyacağını AÇIQLADI - MÜSAHİBƏ+FOTOLAR

!Reklam – Yazi

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Cümhuriyyət Məclisinin sədri Zorlu Törənin müsahibəsi.

– Cənab sədr, əvvəlcə bizi Cümhuriyyət Məclisində qəbul etdiyiniz və müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirik.

İlk sualımız belədir. Bu il Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40-cı ildönümüdür. Bu müddətdə Şimali Kiprin tanınmamasının səbəbini nədə görürsünüz?

– Türkiyə Cümhuriyyəti KKTC-ni 40 ildir, tanıyır. Daha əvvəlini də tanıyırdı. Zatən biz Türk Ordusunun dəstəyi ilə azadlığımıza qovuşduq. Daha öncə bizim rumlarla ortaq cümhuriyyətimiz vardı – Kipr Cümhuriyyəti. Rumlar Kipr Cümhuriyyətini işğal etdilər. Lakin Kiprin torpaqlarını işğal edə bilmədilər. Çünki bizim azadlıq mübarizəmiz davam edirdi. 1974-cü ilə qədər dirəndik. Adanın keçmiş tarixinə baxsaq, bura Osmanlı dönəmində 307 il bir türk adası olub. Daha sonra Osmanlı dövlətinə qaytarılması şərti ilə müvəqqəti ingilislərə verilib. Amma ingilislər Kipr adasını təktərəfli olaraq, özlərinə bağladılar, ilhaq etdilər. 1923-cü ildə istiqlal savaşı sonrasında Türkiyə Cümhuriyyəti quruldu. O zaman Kipr adası ingilislərdə qaldı. Amma biz yenə Türk Ordusunun bir gün adaya gələcəyinə, yenidən müstəqilliyimizi qazanacağımıza inandıq. 1959-cu, 1960-cı il London və Sürix anlaşmalarında Kipr Cümhuriyyəti quruldu, biz də bu dövlətin ortağı olduq. Rumlar isə bunu qəbul etmədilər.

Biz milli dirənişimizi, mübarizəmizi davam etdirdik. Türkiyənin hər zaman bizə dəstəyi oldu. 1974-cü il iyulun 20-də səhər çağı qəhrəman Türk Ordusu Kiprə gəldi, o vaxtdan indiyədək müstəqilik, suverenik. 1983-cü ildə KKTC azadlığını elan etdi.

Eyni zamanda rumlarla müzakirələr davam etdirildi. Amma onların niyyəti Kipr adasının bütününü ələ keçirmək olduğu üçün rumlarla heç bir şəkildə anlaşmaq mümkün deyildi. İndi artıq aldanmamaq lazımdır. Şimal Kipr Türk Cümhuriyyəti var, Türkiyə bizi tanıyır. Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüyük.

İndiyədək başqa ölkələrin niyə tanımaması sualına gəlincə, biz rumlarla həmişə federasiya müzakirəsi aparırdıq. Düşünürdük ki, bir gün bunlarla razılığa gələcəyik və federal Kipr qurulacaq. Dünyadakı şərtlər də Şimali Kiprin tanınması üçün uyğun deyildi. Amma indi bu əngəllər ortadan qalxdı. Türkiyə bizi necə tanıdı və buna görə Türkiyəyə qarşı qoyulan embarqolar heç bir işə yaramadısa, bundan sonra da belə davam edəcək. Türkiyəyə, türk millətinə dost, qardaş olan bütün ölkələr bizi yavaş-yavaş tanıyacaq. Doğrudur, bu, bir az vaxt aparacaq, amma mütləq olacaq. Türkiyədən sonra bir qapı açılsa, o qapı başqalarını da açacaq. Ümid edirəm ki, o qapı Azərbaycan olacaq. Hazırda proseslərin gedişinə baxsaq, Azərbaycanın bizi tanımasına ümidliyik. Cənab Prezident İlham Əliyevin “Şimali Kiprin bayrağı Azərbaycandakı toplantılarda dalğalanacaq” bəyanatı da bizim üçün böyük ümid oldu. Artıq Azərbaycan və Şimali Kipr arasında müxtəlif səviyyələrdə rəsmi görüşlər olur, müzakirələr aparılır. Bu, gözəl bir işarədir. Azərbaycan Orta Asiyaya açılan bir qapı, bir pəncərədir. Azərbaycandan sonra digər türk cümhuriyyətləri də ciddi addımlar atacaq. Dost Pakistan bizimlə yaxından maraqlanır, Banqladeş, İndoneziya da o cümlədən. Mütləq arxası gələcək. Şimali Kipri tanımadılar, amma Şimali Kipr Türk Cümhuriyyəti hər zaman var oldu, yoluna davam etdi, bu gün də etməkdədir.

Prezident İlham Əliyevin bizə münasibətindən çox məmnunuq. Mən ümummilli lider Heydər Əliyevə Allahdan rəhmət diləyir, onu sayğı ilə yad edirəm. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin.

Mənim üçün Bakı, Ankara, Lefkoşa, Kazan, Buxara, Daşkənd hamısı eynidir. Əsas odur ki, hamısı türkdür. Mən dünyanın harasında bir tük varsa, onun millət vəkiliyəm. Mübarizəmiz, ideallarımız, yolumuz birdir. İsmayıl Qaspralının “dildə, fikirdə, işdə birlik” fikirlərini özümüzə şüar seçdik. Dildə birlik çox asan deyil. Orta Asiya cümhuriyyətlərində ləhçə fərqlidir. Dildə birliyi gerçəkləşdirə bilməsək də, fikirdə və işdə biliyi hədəfləməliyik. Artıq Türk birliyi var, olacaq, güclənərək yoluna davam edəcək.

– Cənab sədr, Azərbaycan və Şimali Kipr parlamentləri arasında əlaqələrin inkişafı üçün nələr edilməlir?

– Bunun üçün davamlı olaraq, qarşılıqlı səfərlər olmalıdır. Bizim Azərbaycanla, digər türk cümhuriyyətləri ilə dostluq qruplarımız var. Dostluq qrupunun və ya məclis sədrinin dəvətilə biz Bakıya gedə bilərik, onları Lefkoşaya dəvət edə bilərik. Yəni, biz Azərbaycan parlamentindən dəvət gözləyirik. Məclislər səviyyəsində gediş-gəlişlər olmalı, daha irəliyə doğru addımlar atlılmalıdır ki, bizi heç kim geri döndərə bilməsin. Qəhrəmanlıq irəli atılıb, geri dönməməkdir. Qəhrəmanlıq bayrağı yerə salmamaqdır, qəhrəmanlıq yerə düşən bayrağı qaldırıb daha irəliyə aparmaqdır. Qəhrəmanlıq daim türk millətinin ən yüksək mənfəətini müdafiə edə bilmək, türklüyümüzlə öyünməkdir. Türk millətinə layiq insanlar olaraq, yolumuza davam etməliyik. Yoxsa zövqü, əyləncəni hamı sevər. Amma bizim ideallarımız olmalıdır.

– Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Naxçıvan Şimali Kiprlə əlaqələr qurmuşdu. Şimali Kiprin parlamenti Naxçıvan Ali Məclisi ilə də əlaqələrin yaradılmasında maraqlıdırmı?

– Mən belə təşəbbüslərin göstərilməsinin vacib olduğuna inanıram. Heydər Əliyev çox uzaqgörən bir dövlət adamı idi. Onun dönəmində Şimali Kiprin tanınması mümkün olmadı. Amma inşallah oğlu cənab İlham Əliyev dönəmində bu, gerçəkləşəcək, onun adı tarixdə belə qalacaq.

– Cümhuriyyət Məclisi necə işləyir, neçə millət vəkili və partiya var?

– Cümhuriyyət Məclisində 50 millət vəkili var, 4 siyasi partiya təmsil olunur. Hazırda ölkəni üçlü koalisya idarə edir. Yəni hokumətdə 3 partiya var. Məclis başqanı, başqan müavini var. Deputat sayına görə də Məclis Başqanlıq Divanı qurulub. Demokratik sistemlə idarə olunan bir ölkəyik. Məclisdə təmsil olunan və olunmayan müxalifət partiyaları var. Həmkarlar İttifaqı, çox sayda QHT fəaliyyət göstərir. Kipr Türk Təhlükəsizlik Qüvvələri Komandanlığımız var. Bu qurum 1975-ci ildə Mücahid Müqavimət Təşkilatından sonra qurulub. Bir də Kipr Tük Barış Qüvvələri Komandanlığı var. Yəni, təhlükəsizliyimiz tam təmin olunur.

– Bu il bu İlham Əliyevin Prezident seçilməsinin 20 ili tamam oldu. Sizcə, bu müddətdə Prezident İlham Əliyev Türk dünyası üçün nələr edib?

– Bu 20 ildə cənab İlham Əliyevin Azərbaycan torpaqlarını işğaldan azad edib, Türk dünyasına bir işıq verməsi çox önəmlidir. Azərbaycan Türk Dövlətləri Təşkilatının tamhüququlu üzvüdür, digər türk dövlətlərinə, türk topluluqlarına örnəkdir. Türkiyə ilə Azərbaycan arasında bir çox sahədə əldə edilən razılaşmalar digər Türk dövlətləri üçün də önəmlidir. Yuxarıda qeyd etdiyimiz kimi, Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilib. Müşahidəçi üzlüyün müvəqqəti olduğuna inanıram.Yaxın zamanda tamhüquqlu üzv olacağıq və Türk birliyi daha da möhkəmlənəcək. Skandinav birliyi, ərəb birliyi, Afrika birliyi, Avropa birliyi varsa, türk birliyi niyə olmasın? Bu birlik iqtisadi, siyasi, mədəni, hərbi, sosial baxımdan çox inkişaf edəcək. Bu birliyin yaranmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri vardır./TNS.az

Tural Səfərov,

Gülşən Hacıyeva

 

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv