!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində 6 qanun layihəsi müzakirə olundu

!Reklam – Yazi

Aprelin 27-də Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclası açan komitə sədri Hicran Hüseynova bir neçə gün əvvəl Azərbaycan tərəfinin öz suveren hüququna uyğun olaraq Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsi qurması, Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumu imzalanması ilə bağlı fikirlərini bölüşüb.

Hicran Hüseynova vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin siyasi müdrikliyi, qətiyyəti, iradəsi nəticəsində əldə olunan uğurlar, effektli regional və beynəlxalq təşəbbüslər, həyata keçirilən genişmiqyaslı layihələr ölkəmizin qüdrətini, beynəlxalq nüfuzunu daim yüksəldir.
Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinin tamam olduğunu qeyd edən komitə sədri, Zərifə xanım Əliyevanın mənalı həyat yolu, zəngin elmi irsi barədə danışıb.

Sonra iclasın gündəliyi barədə məlumat verən Hicran Hüseynova bildirib ki, müzakirəyə 6 qanun layihəsi daxil edilib. Birinci məsələ olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanının icrası məqsədilə hazırlanıb. Layihə himayədar ailə institutunun tətbiqi, habelə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirilmə prosesinin təkmilləşdirilməsi, onların müəssisələrə düşməsinin qarşısının alınması, bioloji ailələrinə qaytarılması məsələlərinin hüquqi tənzimlənməsini özündə ehtiva edir.
Diqqətə çatdırılıb ki, təqdim olunan qanun layihəsində beynəlxalq işlək normativ hüquqi aktlardan, habelə övladlığagötürmə sahəsində qanunvericilik və institusional baxımdan əldə edilmiş təcrübədən yararlanmaqla himayədar ailə olmaq istəyən şəxslərin və himayədar ailə qayğısında olan uşaqların vahid elektron uçotu, himayədar ailələrin yaranması, himayədar valideyn-namizədlərlə müsahibələrin, təlimlərin keçirilməsi, uyğunlaşdırma mərhələsi, himayədar valideynlərlə müqavilə bağlanması, habelə himayədar valideyn olmaq istəyən şəxslərə dair tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, himayədar ailəyə verildikdən sonra uşağın monitorinqi və s. məsələlər öz əksini tapıb.
Komitə sədri bildirib ki, gündəliyin digər beş məsələsi də Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə uyğun hazırlanıb. Diqqətə çatdırılıb ki, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) məcəllənin 35-ci maddəsinə “Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir” məzmunlu cümlə əlavə edilir.

“Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik verilən müavinətlərin təyin olunma qaydaları müəyyən edilir.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) isə himayədar valideynin (himayədar ailənin) anlayışı, habelə himayədar ailəyə verilmiş uşaqların sosial müdafiəsi ilə əlaqədar müddəalar əlavə edilib.

Beşinci məsələ olan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) Ailə Məcəlləsində təklif olunan dəyişikliyə uyğun olaraq himayədar valideynə (himayədar ailəyə) verilmiş valideyn himayəsindən məhrum olmuş uşaqların həmin himayədar valideynin (himayədar ailənin) yaşayış yeri üzrə qeydiyyatının aparılması təklif olunur.
Sonuncu məsələ – “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə uyğunlaşdırma çərçivəsində hazırlanıb.

Belə ki, Ailə Məcəlləsinin 116-cı maddəsinə təklif olunan dəyişiklikdən irəli gələrək, “Sosial xidmət haqqında” Qanunun 17.1-ci maddəsindən “himayədar ailə” sözlərinin çıxarılması nəzərdə tutulub.
Qanun layihələrinin müzakirəsində deputatlar Tamam Cəfərova, Ramin Məmmədov, Sevil Mikayılova, Pərvin Kərimzadə, Rauf Əliyev çıxış ediblər, təklif olunan dəyişikliklərlə bağlı fikirlərini səsləndiriblər.

Gündəlikdə olan bütün qanun layihələri birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv