!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Parlamentin Cavanşir Feyziyevlə Etibar Əliyevin məsələsinə münasibət bildirməsini gözləyirik” – AKTUAL

!Reklam – Yazi

“Fevralın 19-da AMEA-da prezident seçkiləri keçiriləcək və fikrimcə, daha bir neçə gün bu məsələ ətrafında müzakirələr gedəcək”.

Bu fikirləri Milli Elmlər Akademiyasının (AMEA) istefa vermiş prezidenti Ramiz Mehdiyevin ətrafında müzakirələrin intensivləşməsi ilə deputatlar Cavanşir Feyziyev, Etibar Əliyev və digərlərinin adı hallanan mövzuların arxa plana keçməsinin səbəblərinə toxunan siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, deputatların adları hallanan mövzuların “küncə sıxışdırılması” məqsədli siyasətin nəticəsi deyil:

“Açığı, hesab etmirəm ki, burada məqsədli informasiya qidalandırması məsələsi olsun. Sadəcə, Azərbaycan cəmiyyəti çox dinamikdir, xüsusilə ictimai-siyasi sektorda informasiya mübadiləsi və müzakirələrin aparılmasına yönəlik aktivlik yüksək səviyyədədir. O baxımdan, cəmiyyətin ciddi yanaşdığı hadisələr üst-üstə düşür.

Ötən həftələrdə Cavanşir Feyziyevin məsələsi, Etibar Əliyevin tövlə-dana söhbəti müzakirə edilirdi, indi isə Ramiz Mehdiyevlə bağlı mövzu gündəmdədir. Əslində, Mehdiyevin məsələsini yeni adlandırmaq da doğru olmaz.

Bildiyiniz kimi, Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dönəmdə də adı ətrafında zaman-zaman müxtəlif müzakirələr gedib. Bu vəzifəsindən istefaya göndərildikdən sonra da haqqında müəyyən söhbətlər gedib.

Xatırlayırsınızsa, karantin qaydalarının pozulması şəraitində nəvəsinin toyunun keçirilməsi məsələsi ilə əlaqədar da uzun müzakirələr getdi. AMEA elə bir strukturdur ki, indi onun ətrafında belə söhbətlərin olması təbiidir.

Yəni mən belə qənaətdəyəm ki, deputatlar Cavanşir Feyziyev, yaxud da Etibar Əliyev mövzusu məqsədli şəkildə küncə sıxışdırılmayıb. Sadəcə, artıq dediyim kimi, cəmiyyətimiz bu cür məsələlərə münasibətdə çox dinamik və həssasdır.

Belə düşünürəm ki, Milli Məclis parlament üzvlərinin davranışı ilə bağlı hələ ki öz mövqeyini bildirməyib. Ancaq bildirməsi lazımdır. Dostluğumuza və münasibətlərimizin yaxşı olmasına baxmayaraq, ünvanına çox ciddi ittihamlar səsləndirilən Cavanşir Feyziyevin, o cümlədən də Etibar Əliyevin məsələsinə münasibət bildirməsini gözləyirik. Etibar Əliyevin bir çox hallarda seçdiyi leksikon onun parlamentdə doğrudan da, təsadüfən düşdüyünü bir daha təsdiqləmiş olur.

Fevralın 19-da AMEA-da prezident seçkiləri keçiriləcək və fikrimcə, daha bir neçə gün bu məsələ ətrafında müzakirələr gedəcək. Amma deputatlarla əlaqədar mövzu qapanmış sayılmayacaq. İnanıram ki, Milli Məclisin rəhbərliyi bu gözləntiləri nəzərə alacaq”.

A.Zeynalov

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv