!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlamentin komitə iclasında 14 məsələ müzakirə edildi

!Reklam – Yazi

Dekabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, komitə sədri Tahir Mirkişili müzakirəyə 14 məsələnin – “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” və büdcə zərfinə daxil olan sənədlərin üçüncü oxunuşda, habelə bir sıra digər qanun layihələrinin təqdim edildiyini söyləyib.

Komitə sədri 2024-cü il üçün dövlət büdcəsi haqqında və büdcə zərfinə daxil olan qanun layihələrinin birinci və ikinci oxunuşda geniş müzakirə olunduğunu bildirib.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. Nazir qeyd edib ki, hazırda 2024-cü il və sonrakı 3 ildə makroiqtisadi sabitliyin qorunub saxlanılması və makrofiskal uyğunluğun təmin edilməsi məsələləri prioritet təşkil edir. Diqqətə çatdırılıb ki, büdcə layihəsində xərc istiqamətləri üzrə Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, sərhədlərin bərpası və mühafizəsinin daha da gücləndirilməsi, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın fəallaşdırılması məsələləri əsas prioritetlər kimi müəyyən edilib. Bununla yanaşı, dövlətin əsas funksiyalarının həyata keçirilməsi, sosial müdafiə, elm, təhsil, səhiyyə sahələrində aparılan islahatların davam etdirilməsi ilə bağlı büdcə layihəsində vəsait nəzərdə tutulub.

Nazir həm ortamüddətli, həm uzunmüddətli büdcə dayanıqlığının təmin edilməsi baxımından, 2024-cü ilin dövlət və icmal büdcələrinin göstəricilərinin dəyişdirilmədən, yəni, dövlət büdcəsi gəlirlərinin 34 milyard 173 milyon manat, xərclərinin 36 milyard 763 milyon manat, kəsirinin 2 milyard 590 milyon manat, icmal büdcənin gəlirlərinin 38 milyard 998 milyon manat, xərclərinin 42 milyard 376 milyon manat, kəsirinin 3 milyard 379 milyon manat məbləğlərinin saxlanılmasının vacibliyini söyləyib. O, büdcə layihəsinə bəzi düzəlişlərin edilməsinə ehtiyac yarandığını və bunun mövcud xərclər çərçivəsində öz həllini tapdığını deyib.

Sonra Samir Şərifov dövlət büdcəsi layihəsi ilə bağlı aparılan dəyişikliklər barədə məlumat verib. O diqqətə çatdırıb ki, Ağdərə rayonunun təsis edilməsi ilə bağlı qanun layihəsinin 9-cu maddəsinə həmin rayonun adının əlavə edilməsi nəzərdə tutulub. Bununla yanaşı, ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq olunmuş Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsinə uyğun olaraq Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsin fəaliyyəti üçün dövlət sifarişi əsasında tələb olunan 7,3 milyon manatın Agentliyin əsas fəaliyyəti üçün kənd təsərrüfatı xərc bölməsində nəzərdə tutulan 507,1 milyon manat vəsaitdən azaldılaraq elm xərcləri bölməsinə yönəldilməsi təklif olunur.

Nazir cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin və Laçın rayonunun yerli xərclərində bəzi texniki düzəlişlərin edilməsinə ehtiyac olduğunu deyib. O qeyd edib ki, Bakı şəhərinin yerli xərclərinin 2,3 milyon manat, Laçın rayonunun yerli xərclərinin isə 100 min manat artırılması planlaşdırılır.

Təqdimatda büdcə zərfində inzibati təsnifata uyğun olaraq xərclərin mövcud maddələr üzrə bölgüsündə nəzərdə tutulan bir sıra dəyişikliklər barədə də məlumat verilib.

Büdcə zərfinə daxil olan məsələlər də nəzərdən keçirildikdən sonra “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında”, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi, “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi, “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri Tahir Mirkişili gündəlikdəki digər məsələlər barədə məlumat verib.

Komitə sədri “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) təqdim edərək sənəddə bir sıra düzəlişlərin edildiyini bildirib. Qeyd olunub ki, qanun layihəsində dəqiqləşdirici və texniki xarakterli düzəlişlər də edilib.

Komitə üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Aydın Hüseynov məsələ ilə bağlı fikir və qeydlərini, təkliflərini səsləndiriblər. Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra Tahir Mirkişili “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Komitə sədri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumatında layihədə bəzi dəyişikliklərin edildiyini söyləyib.

Sonra Tahir Mirkişili üçüncü oxunuşda təqdim olunan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinə edilən dəyişikliklər barədə danışıb.

Qeyd edilib ki, Məcəlləyə 60.2-ci maddə əlavə edilir. Əlavəyə əsasən, rəqabət orqanı tərəfindən aparılan araşdırma və ya yoxlama çərçivəsində barəsində araşdırma aparılan bazar subyektinin hərəkətlərində bu Məcəllənin 77.1.1-ci maddəsində qeyd edilən qanun pozuntusu aşkar edildikdə, bazar subyektinə həmin pozuntunun mahiyyəti izah edilir və onun aradan qaldırılması üçün 10 gün vaxt müəyyən edilir.

Komitə üzvləri bu qanun layihələrini də Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv