!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan hakimiyyətinə dəstək verməyə ehtiyac var" - Hərbi ekspert

!Reklam – Yazi

“İndiki dönəmdə Paşinyan hakimiyyətinin qorunması üçün Qərbin və qonşu dövlətlərin dəstəyi vacibdir”

Bunu Ermənistanda baş verən hadisələr, Rusiyanın Cənubi Qafqaz uğrundakı mübarizəsini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Rusiya bölgəni əlindən çıxarmamaq üçün hər addımı ata bilər:

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel işə qarışması ilə baş tutan Nikol Paşinyan-İlham Əliyev görüşü Moskva görüşündən daha səmərəli oldu. Azərbaycan tərəfinin təklif etdiyi 5 prinsip dünya tərəfindən də qəbul edildi və tərəflərə bu prinsiplər üzərində işləmək tövsiyyə olundu. Təbii ki, rəsmi Moskva bundan narahat oldu və Ermənistandakı inhisarlarına göstəriş verdi. Paşinyan dar macalda Putinin qəbuluna getdi. Paşinyan İrəvana qayıtdıqdan sonra revanşistlərin fəallaşması onu deməyə əsas verir ki, Paşinyan Putinə hər sahədə razılıq verməyib. Ermənistanda ictimaiyyətin böyük əksəriyyəti Avropa yolunu seçmək istəyir. Ona görə də ABŞ və digər Qərb ölkələri ilə əməkdaşlığı seçən Paşinyan hakimiyyətinə qarşı mitinqlərə start verilib”.

Rusiyanın hansı addımları ata biləcəyinə gəldikdə isə hərbi ekspert bunları deyib:

“Bəziləri düşünür ki, Rusiya Ukraynada məğlubiyyətə düçar olub, çox böyük basqı altında olduğuna görə əli Qafqaza çatmayacaq. Belə düşünən insanlar yanılırlar. Hələ 19-cu əsrdə Avropada indikindən də böyük müharibə başlamışdı. Napoleon Moskvanı tuta-tuta ruslar tərəfindən Azərbaycan xanlıqları işağlı edilmişdi. 1805-ci il Kürəkçay müqaviləsi, 1813-cü il Gülüstan müqaviləsi, 1828-ci ildə isə Türkmənçay müqaviləsi imzalanıb. Avropada müharibə gedir, 1812-ci ildə Napoleon hücum edib Moskvanı almışdı, ancaq ondan 1 il keçməmiş Gülüstan müqaviləsi imzalandı. Yəni Rusiya Ukraynada məğlub olsa belə, Qafqazdakı maraqlarından vaz keçməyəcək. Burada bir məsələ var ki, o dövrdə İran çox zəif idi, indi isə güclüdür. Elə Azərbaycan da. Həm də bölgəyə Qərbin və ABŞ-nin əli çatır. Ancaq bu o demək deyil ki, Rusiya bölgədəki məqsədindən əl çəkəcək.

Azərbaycanın özünün baş verən proseslərə qəti mövqe bildirməsi əlamətdar hadisədir. Baxmayaraq, Rusiya ilə Azərbaycan arasında müttəffiqlik müqaviləsi imzalandı, ancaq Rusiya üçtərəfli bəyanatın şərtlərinə əməl etmir. Bunun ardınca Fərrux əmliyyatı baş verdi. Rusiya bunun heyfini almaq üçün Xarkovda cəmiyyətimizin binasını hədəfə almışdı. Ötən həftə isə Kiyevdəki Azərbaycan səfirliyinin yaxınlığına raket zərbəsi endirilmişdi. İlham Əliyev ukraynalı jurnalistlə müsahibəsi zamanı Ukraynada baş verənləri müharibə adlandırdı, bu ölkənin ərazi bütövlüyünü açıq tekstlə dəstəklədiklərini və işğal faktı ilə barışmağın mümkünsüzlüyünü dilə gətirdi.

Deyə bilmərəm ki, Paşinyan yıxılacaq. Ən çətin dövrdə Paşinyan 55 faiz səs aldı. Hətta müxalifət də qəbul etdi. İndiki dönəmdə Paşinyan hakimiyyətinin qorunması üçün Qərbin və qonşu dövlətlərin dəstəyi vacibdir. Ermənistanda Paşinyanın hakimiyyətinə dəstək verməyə ehtiyac var. Əminəm ki, rəsmi Bakı da bu yöndə işlər aparacaq. Paşinyan Rusiyanın qabağında tək qalsa, təbii ki, Rusiya istədiyini edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv