“Ermənistanın yeni baş naziri hansı yükün altına girdiyini hələ fərq etmir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik davranışlarını şərh edən ekspert Əlabbas Məhərrəmov deyib.
Əlabbas Məhərrəmovun fikrincə, Paşinyan hökumət başçısı olaraq hələ də, mövcud reallığa “keçə bilməyib”:
“Görünən budur ki, küçə hərəkatından baş nazirliyə gələn Paşinyan bu “uğur”unun təsirindən indiyə kimi çıxa bilməyib. Əslində isə Ermənistan kimi müharibə və böhran vəziyyətində olan ölkənin baş naziri gerçəkliyə çoxdan uyğunlaşmalı idi. Ancaq onun istər Qarabağ münaqişəsi, istərsə də ölkəsinin ümumi durumu ilə bağlı mövqeyi nəzərdə tutduğum adaptasiyanın hələ baş vermədiyini göstərir.
Ermənistanın yeni hökumətinin Qarabağ münaqişəsinə yanaşması bizi daha çox maraqlandırır. Ancaq Paşinyan baş nazir olduğu ilk gündən etibarən, bu məsələdə sələflərindən fərqli siyasət yürütməyəcəyini bildirib.
Bu isə o deməkdir ki, İrəvan təcavüzkar siyasətinə son qoymağa hazırlaşmır. Təsəvvür edin ki, hətta Ermənistanın keçmiş prezidentləri də Paşinyanın Qarabağ məsələsinə yanaşmasını avantüra adlandırıblar.
Lakin Paşinyanın gerçək mövqeyi onun Azərbaycan prezidenti İlham Əliyevlə ilk görüşündən sonra qəti şəkildə məlum olacaq. Hər halda, Paşinyanın verdiyi bəyanatların qeyd olunan görüşdən sonra tutacağı mövqeyə nə dərəcədə uyğun olduğu görünəcək. Bildiyiniz kimi, İlham Əliyev və Paşinyan artıq Moskvada görüşüblər. Amma tanışlıq xarakteri daşısa da, Paşinyan o görüşdən öz hesabını götürməlidir.
Çünki Azərbaycanın Qarabağ münaqişəsində tutduğu mövqe qəti və dəyişməzdir: işğal altındakı ərazilərimiz azad olunmalı, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qalmalıdır. Əks halda, Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməkdən başqa yolu qalmayacaq”.
A.Zeynalov