Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyan üçün heç zaman yetişməyəcək “hünər anı”: Ermənistan ya geri çəkilməli, ya da... – TƏHLİL

Reklam: Sinerji Pro

Prezident İlham Əliyevin işğalçı Ermənistan rəhbərliyinə yönəlik son mesajları İrəvanı “Geri, yoxsa irəli” dilemması qarşısında qoyub.

Azərbaycan prezidenti İlham Əliyevin Balakən rayonunda “ASAN xidmət” mərkəzinin açılış mərasimindəki çıxışının əhəmiyyətli hissəsi işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata və bu insidentdən sonra yaranmış vəziyyətə həsr olundu.

Dövlət başçısı Ermənistanın iyulun 12-də sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribatı işğalçı ölkənin faşist mahiyyətinin növbəti təzahürü kimi qiymətləndirərək, düşmənin dinc əhalini atəşə tutmasını onun dəyişməz xisləti ilə əlaqələndirib:

“Bilirsiniz, bu hadisələr Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərdi. Çünki birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir. Bizim kəndlərimiz atəşə tutulmuşdur. Namərdlərin bu atəşi nəticəsində 76 yaşlı ağsaqqal həlak olmuşdur. Bu, vəhşilikdir”.

Prezidentin çıxışında əsas məqamlardan biri də Ermənistanın iyulun 12-də törətdiyi sərhəd təxribatının əsas məqsədinin nədən ibarət olduğunu əhatəli izahına dair fikirləri olub. İlham Əliyev qeyd edib ki, Ermənistan sərhəddə gərginlik yaradaraq, bu təxribatın məsuliyyətini Azərbaycanın üzərinə qoymaqla, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım almaq niyyətində olub. Lakin KTMT üzvləri və o cümlədən, Qoşulmama Hərəkatında təmsil olunan çox sayda dövlət Azərbaycanın haqlı mövqeyini dəstəklədi:

“O ki qaldı, KTMT-yə onu da bildirməliyəm ki, bu təşkilatın altı üzvündən dördü beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəklədi. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür. Qazaxıstan və Qırğızıstan, eyni zamanda, KTMT-nin üzvüdür. Deməli, KTMT-nin iki üzvü Azərbaycanı bu təşkilat vasitəsilə dəstəkləyir.

Belarus Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama Hərəkatının bəyanatı, o cümlədən Belarusun mövqeyidir. Tacikistan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İslam Əməkdaşlıq Təşkilatı bu sərhəd münaqişəsi ilə bağlı açıq mövqe ortaya qoyub. Yəni, dörd ölkə artıq Azərbaycanın yanındadır və Ermənistanı kim dəstəklədi? Mən görmədim, gözümə sataşmadı. Bir də ki, KTMT-nin üzvləri Ermənistanın indiki rəhbərliyini necə dəstəkləyə bilər?”

Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında Ermənistan hakimiyyətinin gerçək mahiyyətini dəqiq göstərərək, işğalçı ölkə rəhbərliyinin neqativ reputasiyaya malik xarici qüvvələrin asılılığında olduğunu diqqətə çatdırıb:

“Aydın məsələdir ki, Ermənistanda baş vermiş “inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycana göstərib? Yox. Azərbaycanda Soros fondunun izi-tozu da qalmayıb. Çünki onlar burada təxribatla məşğul idilər, gənclərin beyinlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kəsildi. Amma onlar Ermənistanda geniş qol-qanad açıblar və gizlətmirlər, bu, açıq bir ianədir. Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların sifarişini icra edir”.

Dövlət başçısı qeyd edib ki, yürütdüyü siyasət ucbatından ardıcıl məğlubiyyətlər və uğursuzluqlarla üzləşən Ermənistan rəhbərliyi aqonik vəziyyətə düşüb və bu səbəbdən, ard-arda yanlış addımlar atır:

“Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır. Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq”.

Əksər təhlilçilərin qənaətinə əsasən, prezident İlham Əliyevin Balakəndəki çıxışının kulminasiyası Ermənistan rəhbərliyinin sifətinə sillə kimi çırpılan aşağıdakı ifadələrdir. Dövlət başçısının bu fikirləri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə dair dəyişməz və qəti mövqeyinin növbəti bəyanı, Ermənistanın isə işğalçılıq siyasətindən imtina etməyəcəyi təqdirdə məhv olacağına yönəlik son xəbərdarlığı kimi qiymətləndirilir:

Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!

Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt – erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

7754
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100