!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın devrilməsində Rusiya erməniləri FAKTORU: “Moskvanın belə bir niyyəti varsa...”

!Reklam – Yazi

“Qarabağdan gedən ermənilərin Ermənistandakı gərginliyin hələ bir müddət davam etməsində rolu olacaq”.

Bu fikirləri Qarabağ ermənilərinin Ermənistana kütləvi köçünün Nikol Paşinyanın devrilməsinə çalışan Rusiyanın əli ilə təşkil olunduğuna dair yanaşmalara münasibət bildirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağdan gedən on-on beş min erməninin Paşinyanın devrilməsində həlledici rol oynaması inandırıcı görünmür:

“Hazırda Qarabağ ermənilərinin Ermənistana kütləvi köç etməsində Azərbaycanın marağı olmasa da, bu, faktdır. Ancaq Azərbaycan onları ölkədən çıxıb getməyə vadar edə biləcək heç bir şərait yaratmayıb. Bununla belə, Azərbaycan yüksək səviyyədə verdiyi təhlükəsizlik təminatına baxmayaraq, onlar getməkdə qərarlılıq göstərirlər.

Nəzərə alaq ki, ermənilərin Qarabağda qalıb yaşamalarına davam etməsi ilk növbədə Rusiyaya hava-su kimi lazımdır. Çünki ermənilərin bu bölgədə olmaları və onların Rusiya ilə müttəfiqliyi tarix boyu Moskvanın karına gəlib. O baxımdan, Azərbaycanda emənilərin etnik qrup olaraq öz mövcudluqlarını itirməsi Rusiya üçün arzuedilən vəziyyət deyil. Hər halda, Rusiya özünün regiondakı siyasi varlığını saxlamaq üçün ermənilərdən çox istifadə edib.

Bu səbəbdən, Qarabağ ermənilərinin Ermənistana kütləvi köç etməsində Rusiyanın maraqlı olmasına ehtimal vermirəm. Doğrudur, Qarabağ ermənilərinin axını Ermənistandakı siyasi vəziyyəti gərginləşdirir və bu tendensiya artmaqdadır. Bunu hətta Paşinyanın özü də başa düşür və o, açıq şəkildə dedi ki, Qarabağda baş verən hadisələrin hədəfi Ermənistanda xaos yaratmaq, hakimiyyəti devirməkdir.

Ona görə də, Qarabağdan gedən ermənilərin Ermənistanda bir müddət gərginliyin qalmasında rolu olacaq. Lakin deyildiyi kimi, proseslərin yekununda məqsəd Paşinaynı devirməkdirsə, bunu Qarabağdan gedən ermənilərin əli ilə etmək Rusiya üçün heç də sərfəli variant deyil. Bundan ötrü Qarabağ ermənilərinin mütləq əksəriyyətinin Ermənistana yerləşməsi lazımdır. Bu halda isə həmin erməniləri yenidən Qarabağa qaytarmaq Rusiya üçün ciddi probemə çevriləcək.

Bütün hallarda Qarabağdan gedən on-on beş min erməninin Paşinyanın devrilməsində həlledici rol oynaması inandırıcı görünmür. Fikrimcə, Moskvanın məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olsa, o zaman Rusiyadakı erməniləri müəyyən bəhanələr və sıxıntı mexanizmləri ilə Ermənistana qayıtmağa vadar edə bilər. Rusiyadakı ermənilərin sayı isə Qarabağdakından müqayisəolunmaz dərəcədə çoxdur”.

A.Zeynalov

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv