!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyanın son bəyanatları onun öz tərəfdarlarına perspektivi göstərmək məqsədi daşıyır və...” – ŞƏRH

!Reklam – Yazi

“O, aydın şəkildə görür ki, bu kimi yanaşmalara beynəlxalq birlik tərəfindən də heç bir dəstək yoxdur”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair səsləndirdiyi fikirlərdə ziddiyyətli məqamların nədən qaynaqlandığını şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, indiki halda Paşinyanın dilə gətirdiyi tezisləri Ermənistanın dövlət siyasəti kimi qəbul etmək olmaz:

“Paşinyanın son çıxışlarında həm Ermənistan, həm də Azərbaycan ictimaiyyətləri üçün mübahisəli və ziddiyyətli görünən məqamlar var. Bu onun göstəricisidir ki, Paşinyan hazırda o qədər də rahat siyasi vəziyyətdə deyil. Paşinyan Ermənistan siyasətçiləri arasında bu gün ölkənin ağır durumunu real olaraq ən yaxşı anlayan kəsimin təmsilçilərindən biridir.

Amma Paşinyanın əleyhinə olan, Ermənistanın vəziyyətinin nə dərəcədə ağır olduğunu görməyən, görmək istəməyən radikal, inkarçı qüvvələr da mövcuddur. Belə bir şəraitdə Paşinyan üçün hər hansı mütərəqqi və dinamik mövqeni irəli aparmaq asan deyil.

Onun son bəyanatları bir tərəfdən öz tərəfdarlarına perspektivi göstərmək məqsədi daşıyır, digər tərəfdən də müəyyən qədər radikal qüvvələrin mövqeyini dəyişmək niyyətinə xidmət edir. O baxımdan, Paşinyanın çıxışlarında ziddiyyətli məqamların olması təsadüfi deyil.

Bununla belə, Paşinyan 44 günlük müharibədən sonra yaranmış reallıqları qəbul edir, başa düşür ki, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməyin, status məsələsi ilə bağlı israrlı olmağın artıq heç bir mənası yoxdur. O, aydın şəkildə görür ki, bu kimi yanaşmalara beynəlxalq birlik tərəfindən də heç bir dəstək yoxdur. Bu səbəbdən də Paşinyan müəyyən dərəcədə konstruktiv tezislərlə çıxış etməyə başlayır.

Ancaq indiki halda o tezisləri də Ermənistanın dövlət siyasəti kimi qəbul etmək olmaz. Çünki ola bilər, Paşinyan bu gün dediyi məqamlardan geri çəkilsin. Lakin onu da birmənalı söyləmək olmaz ki, Paşinyan Ermənistandakı radikal və revanşist qüvvələrin siyasətini eynilə təkrarlamaq istəyir”.

A.Zeynalov

www.yenicag.az

1372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv