!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın xain damğasından “TƏMİZLƏNMƏSİ”: “Həmin komissiya ona bəraət vermək üçün yaradılıb” - RƏY

!Reklam – Yazi

“Baş nazir özünün sona qədər müqavimət göstərdiyinə cəmiyyəti inandırmağa çalışıb”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin nəticələrini araşdıran parlamentin müvafiq komissiyasındakı çıxışında səsləndirdiyi məqamları şərh edən politoloq Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan müharibənin davam etdiyi müddətdə aktiv siyasət yürütdüyünü önə çəkməyə çalışır:

“Paşinyanın o komissiyanın iclasındakı çıxışını izlədim və deyə bilərəm ki, orada yeni fikir, yaxud da yanaşma görmədim. Əslində, onun toxunduğu məqamlar erməni cəmiyyətində də açıq müzakirə olunan məsələlərdir. Paşinyanın çıxışı daha çox ona qarşı yönələn ittihamları zərərsizləşdirmək məqsədi daşıyırdı. Cəmiyyətə göstərmək istəyir ki, o, müharibənin davam etdiyi müddətdə aktiv siyasət yürüdüb, Putinlə 60 dəfə telefonla danışıq aparıb və sair.

Ermənistanın baş naziri onu da deyib ki, savaşın gedişində İrəvanın da müharibənin dayandırılması üçün öz şərtləri olub, onlar müzakirə edilsə də, qəbul olunmayıb. Paşinyanın çıxışında bu da vurğulanıb ki, Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə hərbi komandanlıq arasında dərin fikir ayrılıqları olub. O deyir ki, Azərbaycan Şuşanı azad etdikdən sonra şəhərin yenidən zəbt edilməsinə cəhd göstərilsə də, bu, baş tutmayıb. Əksinə, Xankəndinin ağır vəziyyətə düşməsi, iyirmi beş minlik hərbi kontingentin təhlükədə olması onu məlum üçtərəfli bəyanatı imzalamağa vadar edib.

Ümumiyyətlə, Paşinyan ictimaiyyətdə belə rəy yaratmağa çalışır ki, Şuşanın işğaldan azad edilməsi Ermənistan rəhbərliyinin əl-qolunu bağlayıb. Onun sözlərinə görə, həmin ərəfədə Ermənistanın iki əsas “qırmızı xətt”i Şuşanı itirməmək və Azərbaycana Zəngəzurdan dəhliz çəkməyə imkan verməmək olub.Paşinyan özünü yenə də Zəngəzur dəhlizinin əleyhinə olduğunu göstərmək istəyərək deyib ki, əgər o ərazidən kommunikasiyalar açılacaqsa, onlar Ermənistanın nəzarətində olmalıdır.

Yenə də o fikrə qayıdıram ki, Paşinyanın çıxışının əsas hissəssi özünümüdafiə xarakterli idi və baş nazir özünün sona qədər müqavimət göstərdiyinə cəmiyyəti inandırmağa çalışıb.

Xatırladım ki, bu komissiya fevral ayında yaradılıb. Ona qədər isə Paşinyan müharibədəki məğlubiyyətə görə sərt tənqqidlərə məruz qalırdı. Hətta deyə bilərik ki, tərkibində müxalifət təmsilçilərinin də olduğu həmin komissiya Paşinyanı təmizə çıxarmaq məqsədilə yaradılıb. Paşinyanın çıxışından sonra sual-cavab hissəsi də olmalıdır. Görək, o, bu suallara necə cavab verəcək? Fikrimcə, prosesdə hələ də məxfi saxlanılan bəzi məqamlara aydınlıq gətiriləcək”.

A.Zeynalov

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv