!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pentaqonun bədbin PROQNOZU: “Ukraynanın əks-hücum kampaniyası nəticəsiz bitərsə...”

!Reklam – Yazi

“Ukrayna ordusunun irəlilədiyi məsafə Rusiyanın əsas müdafiə xəttinin yaxınlığına belə çatmır”.

Bu fikirləri ABŞ Müdafiə Nazirliyinin Ukrayna ordusunun başladığı əks-hücum kampaniyasının “uzunmüddətli və ağır” olacağına dair proqnozunu şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Ukraynanın apardığı döyüşlər əks-hücum kampaniyasının mahiyyətinə uyğun gəlmir:

“Ümumiyyətlə, Ukraynadakı müharibə kimi savaşların gedişatını proqnozlaşdırmaq çətin olur. Doğrudur, məntiqlə proqnoz vermək mümkündür, ancaq reallıqda bu müharibə çox fərqli qaydada davam edir. Yəni normalda bunun bir müharibə kimi getmədiyini görürük. Mən bu fikrimi daha çox Rusiyaya aid edirəm. Hal-hazırda Rusiya müdafiə mövqeyinə keçib və bunun da məqsədi Ukraynanın haqqında çox danışılan əks-hücum kampaniyasına qarşı dayanmaq idi.

Lakin indiki şəraitdə Ukraynanın əks-hücum əməliyyatlarının gedişi və nəticələri barəsində müsbət tonda danışa bilmirik. Çünki konkret əraziləri əhatə edən istənilən əməliyyatın müəyyən zamana hesablanmış hədəfləri olur. Bu kampaniyaya cəlb edilən kontingentə və digər komponetlərə baxsaq, aparılan döyüşlər heç də əks-hücum kampaniyasının mahiyyətinə uyğun deyil.

Ona görə ki, Ukrayna ciddi şəkildə əks-hücum planı hazırlamışdısa, bunun ilk mərhələsində Rusiyanın müdafiə xətti yarılmalı idi. Ardınca isə müdafiə xəttinin yarıldığı istiqamətdə hücum potensialının artırılmasına və nəzarətə götürülən ərazilərin genişləndirilməsinə ehtiyac vardı. Amma hərbi əməliyyatların dediyim ardıcıllıqla aparıldığını görmürük. Ukrayna ordusunun hansısa istiqamətlərdə beş-on kilometr irəlilədiyi haqda məlumatlar yayılır. Lakin bu məsafə Rusiyanın əsas müdafiə xəttinin yaxınlığına belə çatmır.

Proqnoz vermək istəməsəm də, gedişat belə göstərir ki, ola bilsin, tərəflər gələn ilə qədər müəyyən razılığa gələ bilərlər. Bu günün prizmasından baxdıqda, fikrimcə, o anlaşmada Rusiyanın minimum məqsədinə nail olması öz əksini tapa bilər. Yaxud da Ukraynanın əks-hücum kampaniyası tam nəticəsiz yekunlaşarsa, o halda irimiqyaslı əks-hücuma başlamaq növbəsi Rusiyaya keçəcək. Bu kampaniyanın əsas hədəflərinin isə Xarkov və Odessa olacağı gözlənilir”.

A.Zeynalov

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv