Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

PKK məsələsində adı hallanan Dünya və Avropa çempionumuz - "Əslim kürddür, o bayraq isə..."

Reklam: Sinerji Pro

Kikboks idman növləri üzrə dəfələrlə Dünya və Avropa çempionu, qadın kikboksçulardan ibarət millinin baş məşqçisi Anar Süleymanov Yeniçağ.az-a müsahibə verib. O, kikboksçu qadınlardan, onların hazırlıqlarından danışıb. Həmçinin bir vaxtlar kürd bayrağı daşıdığına görə, adının yanında PKK sözünün çəkilməsindən də söhbət açıb.

– Anar bəy, deyəsən daha rinqə çıxmırsız?

– Xeyr, həm məşqçi kimi fəaliyyət göstərirəm, həm də peşəkar döyüşlərə qatılıram. Bu günə qədər peşəkar rinqdə 13 görüş keçirtmişəm. Bunlardan 11-ini qələbə ilə başa vurmuşam. Hazırda 34 yaşım var, buna baxmayaraq, daha 2 il vuruşmaq fikrindəyəm.

– Qadın kikboksçuların durumu necədir? Onlar zala kikboksla peşəkar şəkildə məşğul olmağa gəlirlər, yoxsa sağlamlıq, formada qalmaq naminə?

– Bildiyiniz kimi qadınlardan ibarət yığmanın toplanmasında təşəbbüskar özüməm. Məqsədimiz kikboksda da qadın idmançı yetişdirməkdir. Xanım kikboksçularımız çox az idi. Bir çox çəkilərdə boşluqlarımız vardı. İndi şükürlər olsun ki, hər çəkidə 7-8 idmançı olur. Əvvəl 10-15 qadın idmançı var idisə, indi 80 nəfərə yaxındır. Məqsədimiz sayı daha da artırmaqdır. Bunun üçün də mütəmadi olaraq yarışlar keçiririk. Sentyabrda da onların böyük peşəkar yarışları keçiriləcək. Əsas məqsədimiz isə xanımlarımızın sağlam ruhda olmasıdır, bunun üçün də idmana cəlb edirik. Hər bir qadın özünə güvənməlidir.

– Məşqləriniz haralarda keçirilir?

– Qadın kikbokçuların məşqləri üzv olduqları klublarda keçirilir. Millinin təlim-məşq toplantısı zamanı isə mənim rəhbəri olduğum kluba toplaşırlar. Dənizkənarı parkda da məşqlər edirik. Bir az əvvəl qeyd etdiyim kimi sentyabrdakı yarışa hazılaşırıq, buna görə də artıq seçimlərə başlamışıq. İnşallah, bizi daha yaxşı təmsil edə biləcək idmançıları seçəcəyik. Bakıdan başqa bir çox rayonlarda, dağlıq bölgələrdə məşqlərimizi davam etdirəcəyik. Planımızda var ki, həmin turnirdə tam üstünlüklə qalib gələk.

– Xanımlarla işləmək çətin deyil ki? Kaprizləri olur?

– Xeyr, əksinə, çox həvəslidirlər. 2016-cı ilin noyabrında Azərbaycan-İran qarşılaşması baş tutmuşdu. Çox güclü olan İran komandasına bizim yığmamız qalib gəldi. Baxmayaraq ki, bizdə qızlar yenidir. İranın çox təcrübəli qadın kikboksçularını məğlub etdilər. Xanımlarımız öz üzərində işləyir. Federasiya tərəfindən onlara qayğı göstərildiyini görüb daha da həvəslənirlər.

– Son olaraq bir sual verim: bir vaxtlar yarışa çıxarkən formanızın üstündə kürd bayrağı olub. Buna görə hətta sizi qınamışdılar. PKK-çı damğası vuranlar da oldu. İndi sizə münasibət necədir?

– Bayraq mövzusunda çox danışmaq istəmirəm. Amma onu deyim ki, əslim kürd olduğu üçün bu addımı atmışam. Bunun PKK-ya heç bir aidiyyatı yox idi. Onu sülhməramlı bayraq kimi üzərimdə daşımışdım. Şükürlər olsun ki, dövlətim Azərbaycan tərəfindən normal şəkildə də anlaşıldım. Bu gün də hər şey əladır, qaydasındadır. İnsan gərək keçmişini, tarixini unutmasın.

 

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

444