“Rusiyanın Şimali Qafqaz bölgəsində separatizm meyllərinin azalması həm də Azərbaycanın sayəsində mümkün olub”.
Yeniçağ.Az xəbər ki, qeyd olunan fikirləri Siyasi innovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bu gün keçirtdiyi “Qarabağ saatı”nda deyib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) dövlət qeydiyyatının ləğv olunması Rusiyadakı erməni lobbisinin bu ölkənin vəzifəli şəxslərə təsirinin nəticəsidir:
“Bu, əlbəttə ki, xoşagələn hal deyil və Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsinə, xarakterinə ziddir. ÜAK-ın qeydiyyatının ləğvində Rusiyadakı erməni lobbisinin rolu şübhəsizdir.
Bildiyiniz kimi, ÜAK-ın qeydiyyatı məhkəmə tərəfindən ləğv olunub. Ancaq hesab edirəm ki, burada Rusiyanın ədliyyə sistemi deyil, Xarici İşlər Nazirliyi, o qurumun rəhbəri Sergey Lavrovun milliyyətcə erməni olması əsas rol oynayıb. Yəni Lavrovun etnik mənsubiyyətini nəzərə alan məhkəmə orqanı ÜAK-ın qeydiyyatını ləğv edib.
Lakin bunu dünyanın sonu kimi qiymətləndirmək lazım deyil. Diaspora təmsilçilərimiz hüquq müstəvisində mübarizə apararaq, ÜAK-ın qeydiyyatını bərpa etmək, lazım gələrsə, Avropa Məhkəməsinə qədər getmək imkanları var.
Fikrimcə, Azərbaycan ÜAK-ın qeydiyyatının ləğv olunmasına simmetrik cavab verməlidir. Yəni sadəcə, bu kontekstdə. Mən bunun qarşılığında Azərbaycandakı rus icmasının qeydiyyatının ləğv olunmasının tərəfdarı deyiləm. Bununla belə, Azərbaycanın simmetrik cavablarından başqa, asimmetrik tədbirləri də ola bilər. Bunlar nədən ibarətdir?
Məlum olduğu kimi, artıq uzun müddətdir ki, Rusiyanın Şimali Qafqaz regionunda separatizmin kökü böyük mənada kəsilib. Bu, bir tərəfdən, Rusiyanın güclənməsi ilə bağlıdırsa, digər tərəfdən də Azərbaycanın da güclənməsi ilə əlaqədardır. Bu iki qonşu ölkənin güclənməsi Şimali Qafqazda separatizmin qarşısını alıb.
Amma Rusiyanın Azərbaycanın zəifləməsinə səbəb ola biləcək bəzi addımlarından sonra rəsmi Bakı yürütdüyü siyasətin müəyyən istiqamətlərinə yenidən baxa bilər. O halda Şimali Qafqazda separatizmin yenidən baş qaldırması qətiyyən istisna olunmur”.
A.Zeynalov
Yeniçağ.Az