!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Postneft erasına İNQİLABİ KEÇİD: Azərbaycan və Səudiyyə Ərəbistanının ortaq 2030 hədəfləri – TƏHLİL

!Reklam – Yazi

İslam aləminin ən vacib ölkələri sırasında olan Azərbaycan və Səudiyyə Ərəbistanında son illərdə həyata keçirilən köklü dəyişikliklər mübaliğəsiz inqilabi xarakter daşıyır.

Diplomatik münasibətlərinin tarixi 1991-ci il dekabrın 30-dan başlayan Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi-iqtisadi və mədəni əlaqələrin sürətli inkişafı bu iki ölkənin münasibətlərinin nümunəvi səviyyəyə yüksəlməsinə təkan verib. Azərbaycanın müstəqilliyinin bərpasının ilk dövrlərindən etibarən təmənnasız dəstəyini əsirgəməyən Səudiyyə Ərəbistanı ötən əsrin 90-cı illərinin əvvəllərində düşdüyümüz ağır dönəmdə ölkəmizə, sözün tam mənasında, həyat verən “nəfəs”liklərdən biri oldu.

Rusiya və Qərbin birbaşa dəstəklədiyi Ermənistanın hərbi təcavüzünə məruz qalan, ərazisinin iyirmi faizi işğal edilən, 1 milyondan artıq vətəndaşı qaçqın düşən Azərbaycanın öz tarazlığını itirmədən ayaqda qalmasında Səudiyyə Ərəbistanının da geniş dəstəyi misilsiz rol oynadı. Burada söhbət tək maddi yardımlardan getmir. Rəsmi Ər-Riyadın işğalçı Ermənistanla diplomatik münasibətlər qurmaqdan qətiyyətlə imtina etməsi və bu ölkə ilə hər hansı formada əlaqə saxlamaması, həmçinin bütün beynəlxalq platformalarda birmənalı şəkildə Bakının yanında olması Azərbaycan üçün son dərəcə mühüm mənəvi əhəmiyyət daşıyırdı.

Azərbaycan-Ermənistan cəbhəsində 1994-cü ildə atəşin dayandırılması və uzunmüddətli danışıqlar prosesinin başlaması ölkəmizə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında özünün neft strategiyasını həyata keçirməyə imkan yaratdı və dünya neft bazarının hegemonu sayılan Səudiyyə Ərəbistanı bu məsələdə də Bakıya dəstəyini əsirgəmədi. O baxımdan, Azərbaycanın 1994-cü il sentyabrın 20-də imzaladığı “Əsrin müqaviləsi”ndə Səudiyyə Ərəbistanının iştirakı və layihədə əhəmiyyətli pay sahibi olması ən təbii qanunauyğunluqlardan biri kimi qiymətləndirildi.

Zaman keçdikcə Azərbaycanın öz müstəqilliyini möhkəmləndirməsi və dünya çapında nüfuzunu, təsir imkanlarını artırması, regionun lider dövlətinə çevrilməsi Bakı ilə Ər-Riyadın münasibətlərini yeni keyfiyyət mərhələsinə keçirdi. 2003-cü ildə ölkə prezidenti seçilən İlham Əliyevin əsasını mərhum Heydər Əliyevin qoyduğu neft siyasətini uğurla davam və inkişaf etdirməsi Azərbaycan üçün yeni üfiqlər açdı. “Əsrin müqaviləsi” əsasında Azərbaycana daxil olan böyük neft pulları ölkənin maddi imkanlarını artırmasına və genişmiqyaslı sosial layihələrin icrasına şərait yaratdı.

Son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı çərçivəsində 100 milyard manatdan çox vəsait xərclənməsi həyata keçirilən sosialyönümlü işlərin miqyası haqqında dəqiq təsəvvür yaradır. Bununla belə, 2008-ci ildə baş verən qlobal maliyyə-iqtisadi böhran və 2014-cü ildən sonra dünya bazarında neftin kəskin ucuzlaşması qeyri-neft sektorunun inkişafını zəruri prioritetə çevirdi. Qeyd olunan məsələ postneft dövrünün başlanğıcını şərtləndirən başlıca amil olaraq önə çıxdı. Çox əlamətdar haldır ki, qarşılıqlı münasibətlərini maksimum səviyyəyə çatdıran Azərbaycan və Səudiyyə Ərəbistanı postneft dövrünə keçidi də, demək olar ki, eyni vaxtda bəyan etdilər.

Qeyd olunmalıdır ki, Azərbaycanda bu siyasətə müəyyən hazırlıq mərhələsindən sonra start verilsə də, Səudiyyə Ərəbistanında postneft dövrünə keçid və ölkənin perspektiv inkişafına yönəlik “yol xəritələri”nin hazırlanmasında kral Salman bin Əbdüləziz əs-Səudun hakimiyyətə gəlişi müstəsna rol oynadı. Eyni zamanda, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın ölkənin müasirləşdirilməsinə hədəflənmiş görüşlərinin sistemləşdirilməsi, krallığın postneft dövrünə keçidi, vətəndaş hüquq və azadlıqlarının genişləndirilməsi dövlətin həyatında yeni parlaq səhifənin açılışı anlamına gəlirdi.

 

Çox əlamətdardır ki, istər Cənubi Qafqazın lider dövləti olan Azərbaycan, istərsə də Yaxın Şərqin qüdrətli dövləti sayılan Səudiyyə Ərəbistanında köklü dəyişikliklərin əzəmətli akkordu 2030-cu illə ifadə olunur. Konkret desək, prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixi ilə sərəncamı ilə təsdiq edilən irihəcmli sənəd “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, Səudiyyə Ərəbistanında isə Məhəmməd ibn Salmanın təşəbbüsü ilə 2016-cı ildə qəbul edilən müvafiq proqram “Vizyon-2030” adlanır. Adından da göründüyü kimi, həm Azərbaycan, həm də Səudiyyə Ərəbistanı qarşıya qoyulan məqsədlərə nail olmanın son tarixi olaraq 2030-cu ilə hədəflənib.

Adları çəkilən sənədləri bir qədər də konkretləşdirsək, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı beş əsas istiqamətdən ibarətdir:

  1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
  2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
  3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
  4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
  5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Səudiyyə Ərəbistanında qəbul edilən “Vizyon-2030” proqramında isə ölkənin 2030-cu ilə qədər geniş planda neft asılılığından çıxması, krallığın Suveren Fondunun aktivlərinin 2,5 trilyon dollara çatdırılması, qeyri-neft sektoru üzrə gəlirlərin 6 dəfə artaraq 43,5 milyard dollardan 267 milyard dollara yüksəldilməsi, Ümumi Daxili Məhsul (ÜDM) üzrə ixracatda qeyri-neft məhsullarının payını 16 faizdən 50 faizə qaldırılması, ən əsası, Səudiyyə Ərəbistanı iqtisadiyyatının dünya üzrə indiki 20-ci yerdən 15-ci yerə qalxması nəzərdə tutulur. Bundan başqa, “Vizyon-2030”da gənclər arasında işsizliyin azaldılması, əmək bazarında qadınların iştirakının artırılması və digər sosial hüquqların gücləndirilməsi kimi məsələlər öz əksini tapıb.

Dünyada davam edən iqtisadi-siyasi böhran fonunda öz dayanıqlıqlarını qorumağı bacaran Azərbaycan və Səudiyyə Ərəbistanının qarşıya qoyduqları bu məqsədə uğurla nail olacaqları şübhə doğurmur. Təbii ki, Cənubi Qafqazın və Yaxın Şərqin iki aparıcı ölkəsi bu sahədə də yüksək əməkdaşlıq nümunəsi göstərərək 2030 hədəflərinə yetişilməsi barədə raportu da dünyaya birlikdə bəyan edəcəklər.

Aqil ƏLƏSGƏR

www.yenicag.az

929
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv