Prezident Kürdəmirdə yol açılışında iştirak edib – FOTOLAR/YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Yenicag.az xəbər verir ki, görülən işlər barədə dövlət başçısına məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib:

– Cənab Prezident, Sizin sərəncamlarınıza əsasən son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub. Həmin layihələrdən birincisi, Pirili-Muradxan-Sor-Sor yoludur ki, 33 kilometrdir. Öz başlanğıcını 2 nömrəli Bakı-Kürdəmir-Yevlax avtomobil yolundan götürür və respublika əhəmiyyətli Ağsu–Kürdəmir-İmişli yoluna birləşir. İmişli yolunun 184-cü kilometrindən başlayır və 29 kilometr davam edir, 4 kilometr isə Muradxanlı kəndinə gedən qoldur. Yol 4-cü texniki dərəcəyə aiddir. Əvvəllər ona heç yol demək olmazdı, torpaq yol idi. İndi 12 santimetr qalınlığında gözəl asfalt örtüklü yoldur. Bu, 6 yaşayış məntəqəsinin 7 min əhalisinin yol şəraitinin yaxşılaşması deməkdir. Bu fotoşəkillərdə yolun əvvəlki vəziyyəti əks olunub. Bu yol şumlu tarlalardan keçirdi. Bu da eynilə həmin yerlərdə çəkilmiş bugünkü yoldur.

İkinci yol layihəmiz 37 kilometr uzunluğunda Karrar-Böyük Kəngərli yolu olub. Bu yol 7 yaşayış məntəqəsinin 6 min əhalisinə xidmət edir. Bu da 70-80 il torpaq yol olub, nə asfalt, nə də çınqıl örtüyü olmayıb. Ötən əsrin 60-cı illərində tikilmiş körpünü də bərpa etmişik.

Üçüncü yol isə Kürdəmiri Ağsu yolu ilə birləşdirir. Bu yol 8 min nəfərin yaşadığı 7 yaşayış məntəqəsinə xidmət göstərir.

Növbəti yol isə başlanğıcını Bakı-Ələt magistralının 197-ci kilometrliyindən götürən Qarasu-Şilyan yoludur. Uzunluğu 14 kilometr olan bu yol da Sizin 2019-cu ildə imzaladığınız Sərəncam əsasında tikilib. Bu yolun cəmi 2 kilometrlik hissəsi soyuq asfalt örtüklü olub. İndi asfalt örtüyünün qalınlığı 12 santimetr olan yol çəkilib və 8 min əhaliyə xidmət edir.

Prezident İlham Əliyev: Kürdəmir rayonunda yolların təmiri ilə bağlı işlər aparılıb, amma hələ də təqribən yolların 50 faizinin vəziyyəti yaxşı deyil. Biz gərək onları da düzəldək. Qalan yarısını da gərək yaxın bir neçə il ərzində başa çatdıraq.

Saleh Məmmədov: Bu il də Sərəncamınız var, cənab Prezident. Kürdəmirdə 18 kilometr uzunluğunda yolun tikintisinə artıq başlanılıb. Sərəncamlarda həmin yolların tikintisinin 2023-cü ilə qədər başa çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev: Bu rayonda, ümumiyyətlə, yol infrastrukturu çox bərbad vəziyyətdədir. Çünki indi Azərbaycanda belə torpaq yollara nadir hallarda rast gəlinir.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov: Cənab Prezident, təkcə 2019-cu ildə 88,2 kilometr kənd yolları asfaltlanıb.

Saleh Məmmədov: Onun 80 kilometri investisiya xərcləri hesabına, 8 kilometri isə məqsədli büdcə vəsaiti hesabına.

Prezident İlham Əliyev: Regional inkişaf proqramında da bu, nəzərdə tutulub. Ona görə dördüncü proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır.

X X X

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, yeni yol üzərində yol nişanları və göstərici lövhələr, siqnal dirəkləri və avtobus dayanacaqları quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

***

14:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gedib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə ASAN Xidmət mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzin açılışını bildirən düyməni basıb.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər.

Sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb.

Sonra dövlət başçısı müəssisədə toxunan xalçanı kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

COP29