!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Tərtərdə açılışlar etdi- Yenilənib

!Reklam – Yazi

prezident-ve-birinci-xanimAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfərə gəliblər.

Dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.

“Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına və xanımına layihə haqqında məlumat verdi.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.

Diqqətə çatdırıldı ki, layihə çərçivəsində Tərtər şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Bu məqsədlə 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,5 kilometrlik kollektor inşa edilib. Şəbəkəyə 4700 ünvanın qoşulması təmin olunub. Beləliklə, Tərtər şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 7500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Eyni zamanda, Tərtər Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati binanın tikintisi də layihələndirilib və bu mərhələdə icra olunacaq. Tullantı sutəmizləyici qurğu və inzibati bina da nəzərə alınmaqla layihə üzrə tikinti işləri 2018-ci ildə tam yekunlaşacaq.

Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1960-cı illərdə yaradılıb. Həcmi 500 kubmetr olan iki su anbarı və 47 kilometr uzunluğunda şəhərdaxili şəbəkə istismara yararsız vəziyyətdə olub. Tərtər şəhərində kanalizasiya sistemi isə ümumiyyətlə mövcud olmayıb. Yeni layihənin icrasına qədər “Azərsu” ASC 20 min şəhər sakinindən 11 mininə və ya təqribən 55 faizinə xidmət göstərib və şəhərə su qrafik üzrə verilib.

Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində Tərtər şəhəri ilə yanaşı, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində də su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılıb. 2017-ci ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq, Qazax şəhərində isə layihənin icrasına başlanacaq. Sonra dövlətimizin başçısı Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti Tərtər şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.

**

Bundan başqa Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışı olub. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.Ümumi sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, iclas və oyun zalları var. Məktəbdə yaradılan 8 sinif otağı zəruri avadanlıqla təchiz edilib. Burada yarışların canlı izlənilməsi üzün monitor da quraşdırılıb. Hazırda məktəbdə 15 nəfər çalışır. Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunacaq. Bu cür şahmat məktəblərində şagirdlər zəngin təcrübə toplayaraq ölkəmizi müxtəlif səviyyəli yarışlarda layiqincə təmsil edirlər.

Dövlətimizin başçısı və xanımı gənc şahmatçılara uğurlar arzuladılar. Sonda xatirə şəkli çəkdirildi.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər. Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə tanış oldu.

Məlumat verildi ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Binanın foyesində “Rəşadətli Azərbaycan Ordusu” fotostendi quraşdırılıb. Fotostenddə erməni işğalçılarının təxribatları zamanı dinc əhaliyə, onların əmlakına, həmçinin təsərrüfatlarına dəyən ziyanı əks etdirən fotolar var. Stenddəki fotolar aprel döyüşlərində düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qüdrətini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin bu hadisələr zamanı xalqın və ordunun yanında olduğunu, onlara dəstəyini nümayiş etdirir.

Məlumat verildi ki, binanın ümumi sahəsi 510 kvadratmetrdir. İkimərtəbəli binada 50 yerlik iclas zalı, iş və texniki otaqlar yaradılıb. Təşkilatın qadınlar şurasının və gənclər birliyinin fəaliyyəti üçün binada hər cür şərait var. Dövlətimizin başçısı yeni binanın açılışı münasibətilə YAP Tərtər rayon təşkilatının üzvlərini təbrik etdi, onlara uğurlar arzuladı.

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv