Prezidentin “deyə bilmədiyi” hansı sözü deputatlar deməlidir? – “Anlaşılan mesajdır…” – Sabir Rüstəmxanlı

“Rəsmi şəxslər qonşu dövlətlərlə münasibətlərə xələl gəlməməsi üçün müəyyən diplomatik ölçüləri gözləməli olurlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin deputatlara yönəlik Azərbaycan həqiqətlərini fəal surətdə təbliğ etmək çağırışına münasibət bildirən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlının sözlərinə görə, deputatlar dövlət rəsmilərindən fərqli olaraq, əksər məsələlər barəsində daha açıq danışmaq imkanına malikdirlər:

“Şübhəsiz, millət vəkillərinin qarşısında duran vəzifələr, onların deyə biləcəyi sözlər Azərbaycanın rəsmi şəxslərinin, dövlət məmurlarının deyə biləcəkləri sözlərdən daha geniş çərçivəni əhatə edir.

Məsələn, mən Dünya Azərbaycanlıları Konqresinin həmsədriyəm və dünyada yaşayan azərbaycanlıların aktual problemlərini hər zaman dilə gətirirəm. İrandakı soydaşlarımızın vəziyyəti haqqında da öz fikirlərimi müntəzəm səsləndirirəm.

Ola bilsin, Azərbaycan rəsmiləri, o cümlədən də, prezident qonşu dövlətlərlə münasibətlərə xələl gəlməməsi üçün bu məsələlərdə müəyyən diplomatik ölçüləri gözləməli olurlar.

Dövlət rəsmilərinin açıq deyə bilmədikləri o mühüm məsələləri millət vəkilləri həm beynəlxalq miqyasda, həm də mətbuatda daim dilə gətirməlidirlər. Bu mənada dövlət başçısının həmin mesajı yerinə düşür və anlaşılır”.

Aqil Bəkir

COP29