!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir

!Reklam – Yazi

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Pirəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 178 hektardır. Kəndə 2 min 369 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 70,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi nəzərdə tutulur.

Kənddə çoxfunksiyalı inzibati binanın, mehmanxana və kafe-restoranın, məscid və mərasim evinin, yanacaq doldurma məntəqəsinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 480 yerlik orta məktəbin, 80 yerlik 2 uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, bazarın, rabitə qovşağının tikintisi planlaşdırılıb.

Diqqətə çatdırılıb ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Pirəhmədli kəndinin təməlini qoyub.

***

Mayın 5-də “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, yeni inşa edilən “Hadrut” qovşaq yarımstansiyasının təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bildirilib ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılan 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2×1600 kVA gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə tələbatını ödəyəcək. Həmçinin yeni qovşaq yarımstansiyası Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.

Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Zərurət yaranarsa, “Hadrut” qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Qeyd olunub ki, Təlim-Tədris Kompleksində Beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait nəzərə alınıb.

Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz təlim-tədris zalından və təlim poliqonundan ibarətdir. Tədris zalı 35/0,4 kV-luq müasir şəbəkə modelinin, 35 və 0,4 kV-luq fiberoptik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələri, perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub. Burada, həmçinin xüsusi dayaqlarda şəbəkədə istifadə edilən element və ləvazimatlar qurulub.

İşğaldan azad edilmiş ərazilərdə Yaşıl enerji mənbələrinin (işlək günəş və külək enerji qurğuları) tətbiqinə dair real işlək model də tərtib edilib, həm personalın, həm də gələcəkdə fəal istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Eyni zamanda, Elektroenergetika sahəsində əldə edilmiş tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC-sayğacları) və müasir təhlükəsizlik texnikası, idarəetmə plakatları təqdim edilir.

Məlumat verilib ki, beynəlxalq tədbirlər poliqonu isə peşə ustalığı yarışları və müasir texnologiyaların əyani nümayişi üçün nəzərdə tutulmuş texnoloji ərazidir. Eyni zamanda, poliqonda Günəş və külək enerjisi qurğularının quraşdırılması, istismarı və müasir idarəetmə sistemləri üçün BOEM-təlim sahəsi planlaşdırılıb. Təlim poliqonunda real iş şəraitində istifadə edilən müasir şəbəkə modeli, Yaşıl enerji elementləri (Günəş və külək enerji mənbələri) və innovativ layihə maketlərinin yerləşdirilməsi nəzərdə tutulub. Poliqon beynəlxalq peşə ustalığı yarışlarının, elektrotexniki təlim tədbirlərinin keçirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin əyani nümayiş etdirilməsi üçün də geniş imkanlar yaradacaq.

Burada yaradılan Regional Logistika Mərkəzi isə region üzrə tələb olunan nəqliyyat, xüsusi texnika və mal-materialın nəqli, təmiri və saxlanması üçün nəzərdə tutulub. Məqsəd, tələb olunan texniki vasitələrin vaxt itkisi olmadan əraziyə çatdırılması və saz vəziyyətdə saxlanmasından ibarətdir.

Transformator xidmət sahəsində müasir paylayıcı şəbəkələrdə tətbiq edilən güc transformatorlarının təmiri, sazlanması və müasir cihazlarla təchiz edilməsi həyata keçiriləcək.

Mərkəzi Laboratoriya smart-sayğaclar, kabel, izolyator, qurğu və avadanlıqların test-sınaq-diaqnostika tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.

***

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir.

Dövlət başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yolboyunca 18 avtobus dayanacağı quraşdırılıb.

Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Qeyd edək ki, bu yol Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunur.

***

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma layihə barədə məlumat verilib.

Bildirilib ki, inzibati zonanın ümumi sahəsi 4,2 hektardır. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofislərinin binaları daxildir.

Qəsəbənin inzibati ərazisinə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metr olacaq. Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoyub.

***

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Dövlət başçısına görüləcək işlər barədə məlumat verilib.

Qeyd edilib ki, ilk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək.

Bildirilib ki, Hadrut qəsəbəsində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir.

Dövlət başçısı Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin təməlini qoyub.

Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdıran tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Hadrut rayonunda ilk yaşayış məhəlləsinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan hadrutlular üçün ilk yaşayış məhəlləsinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır.

***

Mayın 5-də Hadrut qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verilib.

Dövlət başçısına və birinci xanıma Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirilib.

Qeyd olunub ki, Hadrutun tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpası, həmin ərazinin abadlaşdırılması planlaşdırılır. Məhz bu hissədə bərpa və konservasiya işləri gələcəkdə Hadrutda aparılacaq tarixi tikililərin bərpa işləri üçün ilkin təcrübə olacaq və digər işlər bu təcrübəyə əsaslanaraq aparılacaq.

Məlumat verilib ki, bu xristian məbədi Hadrutun tarixi hissəsinin əsas memarlıq abidəsidir. Qafqaz Albaniyası dövründə həmin məbəd müxtəlif dövrlərdə bir neçə dəfə bərpa edilib. Məbəd sonuncu dəfə 1621-ci ildə bərpa olunub. Bu məbədin divarlarında daha qədim dövrdə tikilmiş abidənin daşlarından istifadə edilib. Buna görə də Qafqaz Albaniyası dövrünə aid məbəd və onun ətrafında Dövlət Turizm Agentliyi tərəfindən bərpa və abadlaşdırma işləri görülməzdən əvvəl burada elmi-tədqiqat və arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Çünki işğal dövründə Hadrutda olan bir sıra abidələr kimi, bu məbədin də tarixi mənşəyinə ermənilər tərəfindən müdaxilələr edilib.

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi rəsmi olaraq dövlət mühafizəsinə götürülən məbəd kompleksinin ərazisində onlarla qəbir daşı yerləşir. Bununla əlaqədar ərazinin arxeoloji cəhətdən tədqiq edilməsinə ehtiyac yaranıb.

Azərbaycan Prezidentinə və birinci xanıma Turizm Məlumat Mərkəzi barədə də məlumat verilib.

Qeyd olunub ki, Hadrutun mərkəzi hissəsində yerləşən tarixi mülkün bərpa edilərək Turizm Məlumat Mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzdə Hadruta gələn ilk turist qruplarına qəsəbə və ətraf kəndlərdəki turizm obyektləri haqqında məlumat veriləcək. Turizm Məlumat Mərkəzi iki hissədən ibarət olacaq. Birinci hissə turistlərin qəbulu sahəsi, ikinci hissə isə turizm işçiləri üçün ofis kimi nəzərdə tutulur.

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv