!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Prezidentin müsahibə üçün məkan seçiminin özü də bir ismarış idi" - Ülvi Quliyev

!Reklam – Yazi

Prezident İlham Əliyevin Gəncə şəhərində AZƏRTAC-a verdiyi müsahibə bir çox məqamı ilə diqqət çəkir. Dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlərin, verilən açıqlamaların əhatə dairəsi bu dəfə də çox geniş idi.

Müsahibədə cəmiyyətimizlə yanaşı, beynəlxalq auditoriyaya ünvanlanan icmarıclar yetərincədir. Onlardan biri də müsahibə üçün seçilən məkanın özü ilə bağlıdır. O məkan ki, Vətən müharibəsi günlərində, 2020-ci ilin oktyabr ayında Ermənistanın mülki əhalimizə qarşı törətdiyi müharibə cinayətinin ağır nəticələrini gözlərimiz önündə yenidən canlandırdı. Bu, o məkandır ki, Ermənistan Cenevrə Konvensiyasının və ona Əlavə Protokolların, yəni beynəlxalq-hüquq normalarının ziddinə olaraq, “Toçka-U”, “SCUD” və “Smerç” tipli raketlərdən istifadə etməklə gecə saatlarında mülki əhalimizə qarşı qanlı cinayətlər törətmiş, 6-sı uşaq olmaqla 26 mülki şəxsi qətlə yetirmişdi, 142 dinc sakinimiz müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Xüsusi qəddarlıq və amansızlıqla törədilən, faşizmin ideoloji əsaslarına bağlı olan bu müharibə cinayəti nəticəsində yaralananlardan 31-i yenə də uşaqlar idi. Ermənistan mülki əhalimizə qarşı eyni cinayəti Mingəçevir, Bərdə və Naftalan şəhərlərində, Tərtər, Goranboy, Ağdam və Füzuli rayonlarında da törətdi. Müharibə bölgəsindən kənarda yerləşən ərazilərdə törədilən bu cinayətlərin məqsədi əhalimizdə təşviş yaratmaq və Ordumuzun qələbə ilə nəticələnən ardıcıl hücum əməliyyatlarını dayandırmaq idi. Erməni faşizmi məhz buna görə günahsız, əliyalın, dinc insanlarımızı hədəf seçmişdi. Bu qanlı cinayətlər bir daha sübut etdi ki, vaxtilə dinc qonşuluq münasibətimizə xəyanət edən Ermənistan müharibədə də xain, ləyaqətsiz üsulları seçib. Lakin bu qanlı cinayətlər erməni faşizmini ağır məğlubiyyətdən xilas edə bilmədi. Qazandığı on minlik fərari və Müzəffər Azərbaycan ordusunun darmadağın etdiyi saxta erməni mifləri oldu.

Dövlətimizin başçısı Gəncədə AZƏRTAC-a müsahibəni məhz o yerdə verdi ki, Ermənistanın dinc insanlarımıza qarşı törətdiyi müharibə cinayətinin izləri hələ də o məkanda açıq-aydın görünür. Şübhəsiz ki, Prezidentimizin bu müsahibəsini də cəmiyyətimizlə yanaşı, beynəlxalq auditoriya da izlədi, o cümlədən Ermənistan ictimaiyyəti də. Bunu sosial şəbəkələr, internet məkanının erməni seqmenti bir daha təsdiq edir. Müsahibə boyunca davamlı olaraq seyr etdiyimiz erməni faşizminin izlərini, qətlə yetirilən körpələrimizdən yadigar qalan oyuncaqları və dağıntıların miqyasını hər kəs yenidən görə bildi. Prezident İlham Əliyev məhz həmin ərazidə Memorial Kompleksin təməlini qoydu və bu seçiminin səbəblərinə aydınlıq gətirdi: “Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq”.

Prezidentimizin açıqlamalarını və müsahibəni müşayiət edən o ağır səhnələri dinləyib-izlədikcə, əminəm ki, hər birimizin içindən bu suallar keçirdi. Görəsən, erməni təəssübkeşliyində xüsusi canfəşanlıq edən bəzi beynəlxalq təşkilatlar və ünvanı cəmiyyətimizə artıq məlum olan ölkələr bu mənzərəni gördükdə, etdikləri ayrı-seçkiliyin, susqunluğun nə qədər böyük günah olduğunu anlayırlarmı?! Taleləri qırılan məsum körpələrin və günahsız insanların müqəddəs ruhları qarşısında daşıdıqları məsuliyyətin ağırlığını dərk edirlərmi?! Hərbi Qənimətlər Parkının açılışından sonra məhz Azərbaycan torpaqlarında məhv edilmiş işğalçı erməni əsgər və zabitlərinə məxsus olan kaskaların, maketlərin nümayişinə anlaşılmaz həmrəyliklə etiraz edən həmin təşkilat və ölkələr, görəsən, niyə bircə dəfə də olsun Ermənistanın törətdiyi bu müharibə cinayətlərinə etiraz etmədilər?! Erməni faşizmini ictimai şəkildə ifşa etməmələrinin, ən azından qınamamalarının səbəbi, görəsən, nədir?

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində həmin beynəlxalq təşkilatlara və erməni təəssübkeşliyindən əl çəkməyən ölkələrə ciddi ismarıc göndərdi: “Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXl əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik… Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.

Prezidentimizin bu mesajından sonra Ermənistanın müharibə cinayətlərini görməzlikdən gələn bəzi beynəlxalq qurumlar və erməni təəssübkeşliyini gizlətməyən məlum ölkələr, nəhayət, bilməlidirlər ki, faşizmin fəsadlarından heç kim, o cümlədən onların özləri də sığortalanmayıb. Çünki bu ideologiyanın təməlində yalnız işğal və təcavüzlə bağlı olan maraqlar dayanır. Faşizm öz hədəfinə yetişmək üçün insanlıqdan uzaq olan bütün vasitə və üsulları mümkün hesab edir, o cümlədən beynəlxalq terrorçuluğu da, onun təbliğini də. Qaregin Njde kimi faşist ideologiyasının daşıyıcılarından birini milli qəhrəmanı səviyyəsinə qaldıran Ermənistan Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımla və 44 günlük müharibədə mülki əhalimizə qarşı həyata keçirdiyi çoxsaylı müharibə cinayətləri ilə göstərdi ki, faşist ideologiyası istənilən ölkənin ifasında çox təhlükəlidir və o, lokal xarakter daşımır, bütövlükdə beynəlxalq təhlükəsizliyə təhdid yaradır. Heç olmazsa buna görə, erməni təəssübkeşliyini kənara atıb adekvat nəticənin çıxarılması və ədalətli münasibətin göstərilməsi zamanıdır! Beynəlxalq hüququn və ədalətin bəzən kimlərinsə siyasi marağına qurban verildiyi bir dövrdə, beynəlxalq təsisatlara ictimai inamın birdəfəlik qırılmaması üçün dünya birliyinin gözləntilərini doğrultmağa böyük ehtiyac var, o cümlədən cəmiyyətimizin də. Kimlərinsə acı həqiqətləri, hətta müharibə cinayətlərini görməzlikdən gəldiyini, susqunluğunu, onları unutdurmağa çalışdıqlarını müşahidə etdiyimizə görə, bilməliyik ki, bölgəmizdə arzuladığımız sülhün dayanıqlı olması üçün başımıza gələnləri və gətirilən faciələri unutmamalıyıq, tarixi yaddaşımızın korşalmasına imkan verməməliyik!

Ülvi Quliyev

Milli Məclisin deputatı

www.yenicag.az

724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv