!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin Qazaxıstan və Tacikistan ziyarəti: "Bu səfərlər bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsini..."

!Reklam – Yazi

“Ölkə prezidentinin Mərkəzi Asiyaya olan səfəri xüsusi diqqət mərkəzindədir. Ümumilikdə götürdükdə isə Azərbaycanın Mərkəzi Asiya və Tacikistanla əlaqələri dərin tarixi köklərə əsaslanır”.

Bu fikirləri prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərini şərh edən politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə çoxşaxəli əməkdaşlığa böyük önəm daşıyır.

“Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə canlanma müşahidə olunur. Heç şübhəsiz ki, bu da müasir dünyamızda geosiyasi reallıqlar konteksində dövlətlərarası münasibətlərdə qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafı və təhlükəsizlik tədbirlərinin görülməsi sahəsində zərurətdən irəli gəlir. Ümumilikdə götürdükdə isə Azərbaycanın Mərkəzi Asiya və Tacikistanla əlaqələri dərin tarixi köklərə əsaslanır.

İlk olaraq qeyd etmək lazımdır ki, ölkə prezidentinin Tacikistan və Qazaxıstana olan səfəri xüsusi diqqət mərkəzindədir. Bu səfərlər beynəlxalq energetika, iqtisadiyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsini nəzərdə tutur. Həmçinin onu da vurğulayım ki, Azərbaycan və Qazaxstan arasında Xəzərdən beynəlxalq tranzit yolu kimi istifadə edilməsi ilə bağlı ciddi əməkdaşlıq işləri aparılır. Ötən il iki ölkə arasında ticarətin ümumi dövriyyəsi 500 milyon ABŞ dollarından çox olub. Bu da əvvəlki illərlə müqayisədə xeyli yüksək rəqəmdir. Bundan əlavə, Azərbaycan və Qazaxıstan qarşılıqlı şəkildə bir-birinin neft və qeyri-neft sektoruna investisiya yatırımı edir. Bu istiqamətdə isə Azərbaycan birinciliyi özündə saxlayır. Çünki Azərbaycanın Qazaxıstan iqtisadiyyatına qoyduğu sərmaye 203 milyon ABŞ dollarından çox olduğu halda, hələ ki Qazaxıstan ötən ilin göstəricisinə görə 90 milyon dollardan çox yatırım edib. Bu hər iki müstəqil türk respublikası arasında münasibətlərin dərinləşdirilməsinə hesablanıb. Son vaxtlar Zəngəzur dəhlizi ətrafında gedən müzakirələri nəzərə alsaq, dəhlizin açılışı Avropadan Mərkəzi Asiya və Çinə gedən yükdaşımalarının sürətinin artmasına xidmət edəcək. Azərbaycan dəhlizin istifadəsindən sonra yetərincə tranzit gəlirləri əldə edə biləcək ki, bu da ölkəmizin siyasi-iqtisadi baxımdan tərəqqisinə töhfə verə bilər.

Ümumən, Azərbaycanın Mərkəzi Asiya və Tacikistanla münasibətləri beynəlxalq və subregional təşkilatlar çərçivəsində də davam etdirir. Bura BMT, MDB, TDT, İƏT və digərlərini də daxil etmək olar. Tacikistana səfərlə bağlı bunu qeyd etmək olar ki, iki ölkə arasında iqtisadi və kənd təsərrüfatı ilə bağlı bir sıra razılıqlar əldə edildi. Xüsusilə 2023-2024-cü illərdə bu sahədə birgə tədbirlərin keçirilməsi nəzərdə tutlur. Bu da Azərbaycan və Tacikistanın bir-birinə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi yönümündə verə biləcək töhfələri ehtiva edir. Həmçinin ölkəmiz üçün Mərkəzi Asiya bazarı maraqlıdır. Buradan Çin və Cənub-Şərqi Asiya ölkələrinə gedən tranzit yolları keçir.

Bu ölkələrlə əməkdaşlığımıza geosiyasi reallıqların nəticəsi kimi baxmaq olar. İstər türk dövlətləri ilə qarşılıqlı maraq doğuran addımların atılması, istərsə də təhlükəsizlik tədbirlərinin genişləndirilməsi önəmli məsələdir. Azərbaycanın Ermənistan tərəfinin uzun illər yürütdüyü terror siyasəti ilə mübarizə apardığının şahidiyik. Oxşar məqamı Tacikistana da şamil etmək olar. Uzun illərdir Əfqanıstan ərazisindən bölgəyə terror təhlükəsi yaşadılır. Düzdür, bu ölkələrin KTMT-yə üzv olması məsələyə önəmli dərəcədə təsir edir. Bütün bunları nəzərə alsaq, bölgə ölkələri ilə terrorizmə qarşı birgə mübarizə, iqtisadi və humanitar əməkdaşlıq labüd xarakter daşıyır”.

Yusif Səmədzadə

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv