!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin Ukrayna siyasətinə MEYDAN OXUMAQ: Deputat Elşad Mirbəşir oğlunu kim və necə cəsarətləndirir?

!Reklam – Yazi

Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu Azərbaycanın rəsmi dövlət siyasətinə zidd mövqe tutaraq Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyib.

Azərbaycanda rəsmi status daşıyan şəxsin timsalında ölkənin rəsmi siyasətinə uyğun olmayan davranış sərgilənməsinə dair daha bir arzuedilməz hal yaşanıb. Çox təəssüf ki, baş vermiş hadisənin antiqəhrəmanı Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, eyni zamanda, daha bir neçə mühüm dövlət qurumunda təmsil olunan Elşad Mirbəşir oğludur.

Belə ki, Elşad Mirbəşir oğlu Ukraynada savaş başldığı günlərdə iştirak etdiyi konfransda rəsmi Bakının Ukraynaya yönəlik siyasətinə daban-dabana zidd olan çıxışlarla həmrəyliyini gizlətməyib. Mirbəşir oğlu bununla da kifayətlənməyərək öz çıxışında Rusiyanın Ukraynaya qarşı tacavüzünə haqq qazandıraraq Kremlin işğalçılıq siyasətini “Solovyov-Simonyan arqumentləri” ilə “əsaslandırmağa” cəhd göstərib.

Deputat beynəlxalq hüquq normalarına, həmçinin Azərbaycan-Ukrayna münasibətlərinin mövcud durumuna məhəl qoymayaraq Rusiyanın təcavüzünə görə rəsmi Kiyevi suçlayacaq qədər irəli getmək cəsarəti göstərib. Politoloq-deputat yolverilməz mövqeyini Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərinə dair müqavilənin imzalanması ilə pərdələyərək bu faktın arxasında gizlənib.

Əlbəttə, sözügedən davranışa “obıvatel” səviyyəli bir fərd tərəfindən yol verilsəydi, bunu, haradasa, başa düşmək olardı. Qeyd oluna bilərdi ki, adam siyasətdən, dövlətlərarası münasibətlərdən və sairədən məlumatsızdır. Amma reallıqda söhbət Milli Məclisin deputatından, siyasətşünaslıq üzrə professor ünvanının sahibindən, hakim partiyanın rəhbərliyində təmsil olunan şəxsdən gedir. Axı indiki halda kiminsə bu deputata siyasət üçün elementar sayılacaq məsələləri izah etməsinə ehtiyac yoxdur, olmamalıdır. Yəni bəsit nüansları başa düşmək bu qədərmi çətindir? Mirbəşir oğlu hansı haqq və əsasla Azərbaycanın rəsmi dövlət siyasətinə zidd mövqe sərgiləyir və dost ölkəyə qarşı hərbi təcavüzə haqq qazandırır? Burada təsadüf elementi birmənalı istisnadır.

Belə görünür ki, məsələ heç də deputatın yuxarıda vurğulanan məqamlardan xəbərsiz olmasında deyil. Mirbəşir oğlunun təcavüzkar Rusiyanı dəstəkləməsi Azərbaycanda Kremlə bağlı olan “beşinci kolon”un hələ də ayaqda qalmasının və onun uzantılarının Milli Məclisdə də möhkəm dayaq əldə etmələrinin təsdiqidir. Əks halda, nə Mirbəşir oğlu, nə də başqaları bir ölkənin digərinə qarşı hərbi təcavüzünə qardaş Türkiyədə keçirilən konfransda açıq mətnlə haqq qazandıra bilərdi.

Bu, Azərbaycan dövlətinin, prezident İlham Əliyevin milli maraqlara söykənən siyasətinə həyasızcasına meydan oxumaqdır və qətiyyən cəzasız qalmamalıdır. Ümid edir və inanırıq ki, Mirbəşir oğlunun bu davranışına görə deputat mandatından məhrum edilməsi üçün zəruri prosedurlara təcili surətdə start veriləcək və proses ən qısa vaxtda məntiqi sonluğa yetişdiriləcək. Əks halda, Rusiyanın “beşinci kolon”u Azərbaycan dövlətinin təməllərini sarsıtmağa və dost ölkələrlə münasibətləri korlamağa hesablanmış fəaliyyətini daha da genişləndirəcək.

Buna heç bir halda imkan vermək olmaz!

A.Zeynalov

www.yenicag.az

1866
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv