!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentlə xanımı Ağdamda açılışlar etdilər - YENİLƏNDİ 2

!Reklam – Yazi

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısına və xanımına əvvəlcə Ağdam şəhər 1 saylı məktəbin yeni binasında tikinti işlərinin gedişi barədə məlumat verilib. Bildirilib ki, 960 şagird yerlik bu məktəbdə təhsil üçün hər cür şərait yaradılacaq.

Qeyd edək ki, bu məktəbin binasının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Fəaliyyətə 1883-cü ildə başlayan bu təhsil ocağı Qarabağ bölgəsinin ən qədim məktəbidir.

Məlumat verilib ki, ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239, o cümlədən 25 birotaqlı, 396 ikiotaqlı, 533 üçotaqlı, 285 dördotaqlı mənzil olacaq.

Yaşayış məhəlləsindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

Məhəllədə, həmçinin idman meydançaları, velosiped və avtomobil dayanacaqları yaradılacaq.

Dövlətimizin başçısı Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin təməlini qoyub.

***

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 2-ci yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Yenicag.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma yaşayış məhəlləsi barədə məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır.

Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.

Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.

Dövlət başçısı Ağdam şəhərində 2-ci yaşayış məhəlləsinin təməlini qoyub.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

16:34

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına mərkəz və kompleks barədə ətraflı məlumat verib.

Bildirilib ki, Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik enerjisi ilə təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq. Burada mühəndis-texniki heyətin səmərəli fəaliyyətini təmin edən müasir avadanlıqla təchiz olunmuş iş otaqlarının, vətəndaş qəbulu üçün şəraitin yaradılması nəzərdə tutulub.

Qeyd olunub ki, Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılacaq.

Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiqi və istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real iş şəraitində təlim və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz təlim-tədris zalından və təlim poliqonundan ibarətdir. Tədris zalı 35/0,4 kV-luq müasir şəbəkə modelinin, 35 və 0,4 kV-luq fiberoptik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələri, perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub. Burada həmçinin xüsusi dayaqlarda şəbəkədə istifadə edilən element və ləvazimatlar qurulacaq.

İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (günəş və külək enerji qurğuları) tətbiqinə dair real işlək model də tərtib olunub, həm personalın, həm də gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Burada elektroenergetika sahəsində əldə olunmuş tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC-sayğacları) və təhlükəsizlik texnikası, idarəetmə plakatları təqdim ediləcək.

Məlumat verilib ki, beynəlxalq tədbirlər poliqonu isə peşə ustalığı yarışları və müasir texnologiyaların əyani nümayişi üçün nəzərdə tutulmuş texnoloji ərazidir. Poliqonda günəş və külək enerji mənbələrinin qurulması, istismarı və müasir idarəetmə sistemləri üçün BOEM-təlim sahəsi planlaşdırılıb. Təlim poliqonunda real iş şəraitində istifadə edilən müasir şəbəkə modeli, Yaşıl enerji elementləri (günəş və külək enerji mənbələri) və innovativ layihə maketlərinin yerləşdirilməsi nəzərdə tutulub. Poliqon beynəlxalq peşə ustalığı yarışlarının, elektrotexniki təlim tədbirlərinin keçirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin əyani nümayiş etdirilməsi üçün də geniş imkanlar yaradacaq.

Burada yaradılacaq Regional Logistika Mərkəzi isə region üzrə tələb olunan nəqliyyat, xüsusi texnika və mal-materialın daşınması, təmiri və saxlanması üçün nəzərdə tutulub. Məqsəd tələb olunan texniki vasitələrin vaxt itkisi olmadan əraziyə çatdırılması və saz vəziyyətdə saxlanmasından ibarətdir.

Transformator xidmət sahəsində müasir paylayıcı şəbəkələrdə tətbiq edilən güc transformatorlarının təmiri, sazlanması və müasir cihazlarla təchiz edilməsi həyata keçiriləcək.

Mərkəzi Laboratoriya smart-sayğaclar, kabel, izolyator, qurğu və avadanlıqların test-sınaq-diaqnostika tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Dövlət başçısına işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən paylayıcı elektrik şəbəkəsinin qurulması istiqamətində görülmüş işlər barədə də məlumat verilib. Qeyd edilib ki, Ağdam rayonu ərazisində yerləşən infrastruktur və strateji obyektlərin ilkin mərhələdə elektrik təchizatı üçün 28 kilometr məsafədə 10 kV-luq hava elektrik verilişi xətləri çəkilib, 7 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb. Hazırda isə 35 kV-luq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi və bu yarımstansiyaların qidalandırılması üçün 35 kV-luq kabel xətlərinin çəkilməsi işləri görülür. Kəlbəcər rayonu üzrə dayanıqlı elektrik təchizatı üçün 31 kilometr uzunluğunda 110 kV-luq hava xətti çəkilib, 110/35/6 kV-luq “Daşkəsən yarımstansiyası yenidən qurularaq, 33,7 kilometr uzunluğunda 110 kV-luq hava xətləri bərpa edilib. Hazırda 35/0,4 kV-luq “Kəlbəcər” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq “Çaykənd-Zod” kabel xəttinin çəkilməsi işləri aparılır. Laçın rayonunda da bir çox işlər görülüb, o cümlədən Azərbaycan-Ermənistan şərti dövlət sərhədi istiqamətində qurulan sərhəd-keçid məntəqəsini elektrik enerjisi ilə təmin etmək üçün 1,8 kilometr uzunluğunda 0,4 kV-luq kabel xətləri çəkilib və 160 kVA gücündə 2 transformator quraşdırılıb. Hazırda Kilsəlidağ, 6-cı rayon və Şəlvə əraziləri istiqamətində 66 kilometr uzunluğunda 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi və müxtəlif gücdə komplekt transformator məntəqələrinin quraşdırılması işləri aparılır.

Prezident İlham Əliyev Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Yenicag.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verib.

Mərkəzin binasının birinci mərtəbəsində kafe, kinozal, kitabxana, 637 yerlik konsert və iki rəqs zalının yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə isə inzibati otaqlar olacaq. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər və müdir otaqları yaradılacaq, ərazisində isə min kvadratmetrlik açıq amfiteatr inşa ediləcək.

Qeyd edək ki, qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var.

Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da layiqli töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. Son illərdə muğam müsabiqələrinin keçirilməsi bu əvəzsiz sənət incisinin yaşadılması istiqamətində mühüm hadisə kimi tarixə düşüb. Azərbaycan milli musiqi mədəniyyətinə görkəmli muğam ifaçıları bəxş etmiş Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlini qoyublar.

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv