!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentlə xanımı Şuşaya səfər etdilər - YENİLƏNDİ 3

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşaya gəliblər.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır mənzillərdə yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Qeyd edildi ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində peşə məktəbinin və kollecin binalarına baxış keçiriblər.

Yenicag.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, peşə məktəbi və kollec Şuşanın tarixi Hamamqabağı, Seyidli və Culfalar məhəllələrində yerləşir. Sovet dövründə həmin ərazidə keçmiş kənd təsərrüfatı texnikumu və onun yataqxanası yerləşirdi. Həmin ərazidə peşə məktəbi də tikilmişdi.

Prezident İlham Əliyev peşə məktəbinin və kollecin ərazisinə baxıb, tapşırıq və tövsiyələrini verib.

***

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma tarixi abidə barədə məlumat verildi.

Bildirildi ki, Şuşada müstəqil qız məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa əhalisinin təşkil etdiyi “Xeyriyyə cəmiyyəti” tərəfindən təsis olunub. Dini etiqadından və mənşəyindən asılı olmayaraq, bütün qızlara burada təhsil almaq imkanı yaradılmışdı. Tədris planına rus dili, hesab, ana dilində oxuma, yazma, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix, ölkəşünaslıq daxil idi. Eyni zamanda, məktəbdə milli mahnılar öyrədilir, təbiət, tarix və fizikadan dərs verilirdi. Məktəbdə təhsil ödənişli olsa da, kasıb ailələrin övladları təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə fransız və alman dilləri də tədris edilir, musiqi öyrədilirdi. Qızların rus dilində təhsilinə diqqəti artırmaq və xərcin bir qismini xəzinədən ödəmək şərti ilə Şuşa qız məktəbi 1894-cü ildə Şuşa Marinski qız məktəbi adını aldı və dördsinifli məktəbə çevrildi. Məktəb 120 şagirdlə fəaliyyətə başladı. Artıq 1895-1896-cı tədris ilində burada 147 qız təhsil alırdı. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaratmışdı. Şuşa Marinski qız məktəbi qadınların təhsili sahəsində, azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynayıb. 1894-cü ildə Şuşada iki şəxsi qız məktəbinin əsasında Müqəddəs Mariya qız məktəbi yaradılmış, bununla da azərbaycanlı qızların Avropa təhsilinə yolları açılmışdı.

Qeyd edildi ki, bina sovet dövründə internat məktəbi kimi də fəaliyyət göstərib. Gələcəkdə buranın dekorativ tətbiqi sənət mərkəzi və mədəni sahələr üzrə inzibati bina kimi istifadə olunması planlaşdırılır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada İsa bulağında olublar.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma İsa bulağının ətrafında görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Şuşa şəhərindən 4 kilometr məsafədə, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə, meşədə yerləşən İsa bulağı Azərbaycan təbiətinin nadir incilərindən hesab olunur. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.

Məlumat verildi ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tamamilə bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözü isə milli ornamentlə yazılıb. Bulağın su təminatı da tam bərpa olunub. İsa bulağı Azərbaycanın, Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Görülən işlər İsa bulağının əvvəlki şöhrətinin qısa müddətdə bərpasına şərait yaradacaq.

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv