“Pul olmadığına görə seçkiyə qatılmadıq” – Fazil Mustafa

“Tək imzatoplama kampaniyasına azı 30-40 min manat vəsait tələb olunur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində namizədliklərini bəyan etmiş siyasətçilərdən ibarət mənzərəni dəyərləndirən Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin fikrincə, seçkilər çərçivəsində əsas məsələ namizədliyin elan olunması yox, tələb olunan sayda imza toplayaraq qeydiyyata alınmaqdır:

“Açığı, növbədənkənar prezident seçkilərində namizədliklərini irəli sürən iddialıların sayı ilə tanış deyiləm. Sadəcə, dövlət başçısından başqa 5-6 siyasətçinin seçkidə iştirak edəcəyindən məlumatlıyam – onlar da əsasən parlamentdə təmsil olunan namizədlərdir.

Bu baxımdan, namizədlərin sırasına baxaraq, müəyyən dəyərləndirmə aparmaq çətindir. Həm də əsas məsələ namizədliyin elan olunması yox, 40 min imzanı toplayıb, təhvil vermək və namizəd kimi qeydiyyata alınmaqdır. Əsas məsələ budur.

Tam ciddiliyi ilə deyirəm ki, indiki şəraitdə seçkilərin ən çətin mərhələsi məhz imza toplamaqdır. Bunun üçün geniş maliyyə və insan resursları, o cümlədən, regionlarda təşkilatı şəbəkəyə malik olmaq lazımdır. Namizədliyini elan etmiş şəxslərin bu işin öhdəsindən necə gələcəklərini deyə bilmərəm.

Şəxsən biz məhz maliyyə çatışmazlığına görə seçkidə iştirak etməməyə qərar verdik. Çünki tək imzatoplama kampaniyasına azı 30-40 min manat vəsait tələb olunur. Belə bir imkanımız olmadığı üçün seçkilərə qatılmaqdan imtina etməli olduq”.

Millət vəkili seçki kampaniyasının davamında real rəqabət mühitinin yaranmaq ehtimalı haqqında suala birmənalı cavab verməyib:

“Bu barədə əminliklə danışmaq üçün qeydiyyat mərhələsinin yekunlaşmasını, namizədlərin rəsmiləşməsini gözləmək lazımdır. Mən heç bir halda hansısa namizədi gözdən salmaq, ya da göylərə qaldırmaq fikrindən çox uzağam. Ancaq yenə deyirəm, bu suala cavab vermək üçün adları seçki bülleteninə salınacaq namizədlərin tam müəyyənləşməsinə ehtiyac var.

Belə götürdükdə isə əlbəttə ki, prezident İlham Əliyev öz nüfuz və imkanlarına görə potensial rəqiblərindən qat-qat güclüdür. Ancaq kiminsə İlham Əliyevlə real rəqabət apara bilib-bilməyəcəyi prosesin gedişində məlum olacaq”.

A. Zeynalov

COP29