!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin atəşkəs elanının SƏBƏBLƏRİ: Kremlin bu addımı müharibəni dayandırmağa hesablanıb? - ŞƏRH

!Reklam – Yazi

“Dekabr ayında ukraynalılar işıqsızlığa, soyuğa təslim olmursa, deməli, o xalqı heç bir vasitə ilə yenmək mümkün deyil”.

Bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin Ukrayna cəbhəsində atəşkəs elan etməsi fonunda savaş meydanında nələrin yaşanacağı ilə bağlı  gözlənəntiləri dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, Ukrayna heç bir halda müharibənin indiki şərtlər daxilində sonlanmasına razı olmayacaq:

“Birtərəfli qaydada Rusiyanın atəşkəs elan etməsi Türkiyədən gələn zəngdən sonra baş verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə yanaşı, Zelenskiyə də zəng etmişdi. Atəşkəs elan etmək Rusiya Prezidentinin işinə yarayırdı. Əməliyyatlarda nəfəs alma deyilən pəncərəyə ehtiyac olur. Bu, Rusiya üçün çox önəmli idi. Rusiya tərəfi buna görə də birtərəfli qaydada atəşkəs elan etdi.

Ancaq Ukrayna tərəfi telefon zəngi zamanı da razılığı olmayacağını bildirib. Ukrayna tərəfi nəyə görə razı deyil? Çünki Ukrayna və arxasındakı müttəfiqləri hiss edirlər ki, müharibənin Ukraynanın lehinə bir qırılma hissəsi var. Qırılma hissəsi ondan ibarətdir ki, birinci eşalon bölmələrinin cəmləşmə rayonları “HIMARS” raket sistemlərinin təsir mənzilinə düşür. Artıq istənilən cəmləşmə rayonu o raketlərlə çox dəqiqliklə sıradan çıxarıla bilir.

Rusiyanın üç istiqamətdə əməliyyat aparan bölmələri var: Silahlı Qüvvələr, Kadırovun tabeçiliyində olanlar və “Vaqner” qrupları. Bu yaxınlarda “Vaqner” qrupunun komandiri Baxmutda hər ev uğrunda döyüşdüklərini bildirdi. Bu, əslində, əməliyyatlar teatrında komandanların çarəsizliyidir. Putin nə qədər ordudan tələb etsə də, ordu bunu edə bilmir. Ordu bunu edə bilmirsə, qərar vermək lazımdır. Makayevkada Ukrayna tərəfi Rusiyanın hərbi çağırışçılarının 89-nu bir raket zərbəsilə məhv etdi. Gündəlik 100-200 nəfər itkidən söhbət gedir. Rusiya bu uğursuzluqların fərqindədir.

Hərbi tapşırıqları ən azı birinci eşalon diviziyalarının yerinə yetirəcəkləri barədə inamları yoxdur. İnamları yoxdursa, ən azından müharibəni dayandıracaqlarsa, indiki halda Rusiya 18-20 faiz nəzarət etdiyi ərazilərdə dayanmağı məqbul sayır. Atəşkəsi o səbəbdən edir ki, sonra da bunu əlində siyasi alət etsin və bildirsin ki, müharibəni dayandırır. Müharibəni bu şərtlərdə dayandırsa, Rusiya karlı çıxır. Ukrayna da bunu qəbul etməz. Həm Ukrayna xalqı, həm də hakimiyyəti Rusiya tamamilə ərazilərdən çıxmayana qədər atəşkəsdən söhbət belə gedə bilməz deyir. Bu, Ukraynanın öz gücünə yox, arxasındakı gücə hesablanıb.

Müharibəni hesablayanlar mart ayında Rusiyanı ərazilərdən çəkiləcəyini düşünürlər. Hərbi gücün qabağında Rusiya məcbur olacaq. Düşünürəm ki, bunu Rusiya Prezidenti çətin həzm edəcək. Ola bilər, taktiki nüvə silahının istifadəsinə dair şantajlar başlasın.

Hər bir halda, müharibənin gedişatı onu göstərir ki, Ukraynanın gücü artan istiqamətdə gedir. Müharibənin ən çətin hissəsi qış idi. Rusiya məcburetmə əməliyyatı ilə dirənişi qırmaq istəyirdi, infrastrukturu da ona görə sıradan çıxarırdı. Dekabr ayında ukraynalılar işıqsızlığa, soyuğa təslim olmursa, demək ki, o xalqı heç bir vasitə ilə yenmək mümkün deyil. Bundan sonrakı mərhələdə Rusiyanın atəşkəs elan etməsinə şahid olacağıq. Düşünürəm ki, bu, çarəsizlik sindromudur, sadəcə adını bir az fərqli qoyurlar. Rusiya komandanları açıq etiraf edirlər ki, irəliləyə bilmirlər”.

Səxavət Məmməd

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv