!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin “axtaracağı” Türkiyə: “Bu, Ankaranın prinsipial məsələlərdəki qətiyyətinin göstəricisidir” - ŞƏRH

!Reklam – Yazi

“Türkiyənin vasitəçilik təşəbbüsünün arxasında böhranın Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq niyyəti dayanır”.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NTV telekanalına müsahibəsində Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, ölkəsinin NATO üzvü kimi davranacağı haqda fikrinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin müəyyən sahələrdə Rusiya ilə əməkdaşlığı davam etdirməsi Ankaranın Kremlin təcavüzkar siyasətinə səssiz qalacağı anlamına gəlmir:

“Öncə onu qeyd edim ki, Türkiyənin Rusiya ilə əməkdaşlığı davam etdirməsindən narazı olanlar çox mühüm bir məqamı görməzdən gəlməyə çalışırlar. Bu da ondan ibarətdir ki, əslində, mövqelərində kifayət qədər ciddi fərqlər olan Türkiyə ilə Rusiyanın əməkdaşlığı Qərbin Ankaraya münasibətdə qeyri-obyektiv siyasətindən qaynaqlanır. Qərbin, NATO üzrə müttəfiqlərinin Türkiyəyə yönəlik əsassız təzyiqləri fonunda Ankaranın Moskva ilə əməkdaşlıqdan imtinası düzgün olmazdı.

Bununla belə, Türkiyə Rusiya ilə əməkdaşlığa baxmayaraq, onunla “toqquşduğu” bütün cəbhələrdə özünün dövlət maraqlarını ən yüksək səviyyədə qorumaqdadır. Suriya və Liviyadakı proseslərdə, o cümlədən, 44 günlük Vətən müharibəsində Türkiyənin necə qətiyyətlə davrandığını xatırlatmaq yetərlidir.

Bildiyiniz kimi, Türkiyə Ukrayna böhranının həlli üçün özünün vasitəçiliyini də təklif edib və iki ölkənin prezidentinə dəvət göndərib. Türkiyə Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, onunla hərbi-texniki əməkdaşlığını genişləndirir, Rusiyanın kəskin narazılığına rəğmən, o ölkəyə “Bayraktar” PUA-ları ixrac edir. Bu isə o deməkdir ki, Türkiyənin vasitəçilik təşəbbüsünün arxasında böhranın Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq niyyəti dayanır.

Ona görə də Ərdoğanın Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, NATO üzvü kimi davranacağını bəyan etməsi Ankaranın prinsipial məsələlərdəki qətiyyətinin göstəricisidir. Fikrimcə, NATO Rusiyaya qarşı sözlü təhdidlərdən, təsirsiz sanksiyalardan real hərəkətə keçsə, Türkiyə də bu prosesin önündə olacaq”.

A.Zeynalov

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv