Qadın QHT rəhbərləri “söyüş qrupu” ilə bağlı beynəlxalq qurumlara müraciət edəcək

“Bu gün ölkəmiz çox həssas bir dövrünü yaşayır. Azərbaycanda 11 apreldə növbədənkənar prezident seçkiləri keçiriləcək. Əlbəttə, erməni lobbisi, Azərbaycanımızı sevməyən qüvvələr hər seçki ilində olduğu kimi, bu dəfə də müxtəlif təxribatlar törətməyə, ölkədə, xalqımız arasında provikasiyalara çalışır. Çox təəssüflər olsun ki, bu eybəcər oyuna Avropaya sığınmış bəzi azərbaycanlıları da cəlb edə biliblər. Mən bir vətəndaş, QHT sektorunun təmsilçisi, ictimai fəal kimi onların xalqımızın dəyərlərinə zidd olaraq söyüşlü davranış tərzini əks etdirən videolarla sosial şəbəkələrdə rastlaşanda, düşündüm ki, doğrudanmı bunu edənlər azərbaycanlıdır? Axı damarında azərbaycanlı qanı axan adam belə edə bilməz”.

Bu açıqlamanı Qadın QHT Forumunun rəhbəri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova verib.

O deyib ki, tarixən kişilər nəinki ailə haqqında qeyri-etik ifadələr işlədiblər, qadın-uşaq olan yerdə ağır sözlər belə işlətməyiblər: “İndi bu adamlar söyüş söyüb sosial şəbəkələrdə yayırlar. Məgər onlar evlərində, ailəsinin yanında da, onlara xitab edəndə də belə şəkildə danışırlar? Mən bir ana, fəal qadın kimi belə qeyri-əxlaqi davranışların dayandırılmasını tələb edirəm. Digər tərəfdən, dövlət başçısı haqqında təhqiramiz ifadələr səsləndirmək cinayət əməlidir. Onlar elə hesab edirlər ki, Avropadadırlar, qanunla cəzalandırılmayacaqlar, ona görə də məsuliyyət hiss etmədən Azərbaycan dövlətinə qarşı təxribatlara qoşulublar. Amma hesab edirəm ki, dövlətin müvafiq strukturları, savadlı hüquqşünaslar onların qeyri-əxlaqi, cinayət xarakterli hərəkətləri ilə bağlı olduqları ölkənin hüquq-mühafizə, məhkəmə orqanlarına müraciət etməklə, bu adamları cəzalandırmağa nail olacaqlar. Avropada söyüş söymək, təhqir etmək cinayət sayılır və belə adamlar dərhal cəzalandırılır. Bu hüquqi mexanizm mütləq Azərbaycanın dəyərlərini təhqir edən mühacirlərə də tətbiq edilməlidir. İctimai-siyasi həyata belə tərbiyədən kənar davranışları gətirmək Azərbaycan xalqına, dövlətinə qarşı ən böyük pislik və xəyanətdir. Biz bir qrup Azərbaycan qadını olaraq bu cür davranışları göstərənlərin cəzalandırılması üçün beynəlxalq qurumlara, onların olduqları ölkələrin müvafiq strukturlarına da müraciət edəcəyik. Bu cür hərəkətlər etmək ən birinci Azərbaycan qadınlarına, ana-bacılara təhqirdir. Eyni zamanda bu adamlar təkcə dövlət xadimlərini, ölkə rəhbərliyi deyil, qarşşlarına çıxan hər kəsi söyürlər. Mən dəfələrlə bu söyüş söyən adamlarla bağlı sosial şəbəkələrdə rəylər, statuslar yazmışam, dərhal gəlib mənim özümü də ağır sözlərlə təhqir ediblər. Qadın, uşaq demədən hər kəsi söyən bu adamlar barədə ciddi hüquqi tədbirlər görülməlidir”.

COP29