!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadirin ölüm səbəbi… - Aqil Ələsgər yazır

!Reklam – Yazi

Hər nəfsin ölümü əvvəl-axır dadacağını bilsək də, sanki ölüm yoxmuş kimi davranırıq. Ölümlü olduğumuz halda, ölümsüzlük hissinə qapılırıq. Tam da o anda ölüm fırtına kimi meydana çıxır və üzümüzə şillə kimi çırpılır. Ölümün nəfəsini ən yaxınımızda hiss edirik.

Qadirin ölümü də… Sözün acımasızlığı adamı yandırıb-yaxır. Bir həftə öncə kimsə bunu dilinə gətirsəydi, çoxumuz zarafatla “halva davası” edərdik. Özü isə bizdən daha çox ələ salardı, sonra da, “Cəhənnəm olun, avaralar”, – deyib özünəməxsus şəkildə bizi yaxşıca söyərdi. Kimsə də Qadirin söyüşündən inciməz, gülüb keçərdik.

Ancaq ölüm nəfəsini Qadirlə hiss etdirdi bizə. Bizi Qadirlə sınadı. Bizi Qadirlə sındırdı. Bizi Qadirlə paramparça etdi.

Qadirlə aramızda yaş fərqinə rəğmən, ağır zarafatı olanlardan biriydim. Xətrini çox istəyirdim və hər dəfə görüşəndə, ya da telefonlaşanda sataşmaqdan özümü saxlaya bilmirdim. Bəlkə də, ondandır ki, başqa dostlar yazışmalarını paylaşarkən mən neçə illik yazışmamız arasından doğru-düzgün paylaşmağa heç nə tapmadım. Ya söhbətin bir yerində o məni “yıxıb-sürüyüb”, ya da mən onu. O mesajları oxuyarkən bir daha Qadirdən zəng gəlməyəcəyini, telefonunu açmayanda gözünü yumub, ağzını açmayacağını bilmək adamı qəhr edir…

Qadirlə çox şəklimiz var. Hamısında gözlərimiz gülür. Çünki Qadirin olduğu yerdə həmişə gülüş vardı, təbəssüm vardı. Ən pessimist olduğumuz Niyazın məhkəməsinə belə gələndə üzümüzü güldürmüşdü. Oradan da məni cəriməmi ödətməyə aparmışdı.

“Səni məhv edərəm”, “Hər xırda məsələyə görə məni narahat eləmə”, “Səyləmə”, “Filankəsin yolunma mərasimidir, sənin üçün olsun”, “Pasiyentimdir”. Bunlar Qadirin leksikonundakı humanist cümlələrdir. Bir daha Qadirdən eşitməyəcəyimiz cümlələr…

Artıq Qadir bizi güldürməyəcək. Onun səsli mesajları artıq acı verir insana. O şən, gülüş qoxan səsi bizi daha da yaralayır. Çünki insan Qadirin yoxluğu ilə barışa bilmir. Üsyan edirsən 20 ildən çox üzünü güldürənin səni ağlatmasına…

Xəstəxanaya yerləşdirildiyini eşidən andan beynimdə bu cümlə vardı: “Axı niyə belə etdin, ay əclaf?” Bəlkə, heç vaxt ona bu qədər əsəbləşməmişdim. Qırıq val kimi beynimdə Qadirə ancaq o sualı verirdim. Təxminən iki ay öncə də həyətdə, bəlkə də, ilk dəfə onunla ciddi söhbət etmişdim, kiçiyi olsam da, danlamışdım. O isə hər kəs kimi məni də yola verdi, ən son “rədd ol”la işi zarafata bağlamaq istədi. Zatən sonrasında hamı kimi məndən də qaçırdı. Elə bil tələsirdi. Dəfn olunduğu gün kimi. Xəstəxanadan məscidə, yuyucuxanadan “Jurnalistlərin binası”na, oradan isə ana qucağına ildırım sürətiylə getdi. Yəhya Kamalın dediyi kimi, məchula getdi, bir daha dönməmək üzrə…

Yəqin ki, o da şairin dediyi kimi, yeni və əbədi mənzilindən razıdır ki, bir daha dönməyəcək:

Bir çox gedənin hər biri məmnun ki yerindən,
Bir çox sənələr keçdi, dönən yox səfərindən.

Ancaq bildiyimiz bir həqiqət var. Bu gün Qadir olmadıqdan sonra onun niyə öldüyü ilə bağlı müzakirələr də, mübahisələr də yersizdir. Hamımız bunun acı da olsa, Qadirin seçimi olduğunu bilirik. Ancaq Qadiri aramızdan aparan içki deyil, onun vicdanı oldu. Cəmiyyətin düzəlməsi üçün tək problemin savad deyil, vicdan olduğunu deyən vicdanlı adam öz içini yeyə-yeyə bitirdi özünü. “Vicdansızlıq etməməsi bir nəfərin vicdanlı olduğu anlamına gəlmir. Bəlkə, vicdansızlıq etməyinə şərait yaradılmayıb”, – deyirdi. Ona bir başqa ağır gəlirdi cəmiyyətdəki ədalətsizliklər. Hiss etdirmirdi, ancaq bu millətin vicdan yükünü o sısqa çiyinlərində daşıyırdı. Sonda o ağırlığa dözmədi və çökdü. Həm də gözümüzün önündə, səssiz, sədasız, ölümə belə gülümsəyərək…

Hamımızın son mənzili sənin yanındır. Birimiz tez, birimiz bir az sonra gələcəyik. Ancaq yaşadığımız müddətcə səni unutmayacağıq, VİCDANLI ADAM!

www.yenicag.az

4692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv